Mətbuat Şurası: “AZƏRTAC-ın əməkdaşına qarşı belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçündür”

Hazırda oxunan: Mətbuat Şurası: “AZƏRTAC-ın əməkdaşına qarşı belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçündür”

167612

Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.

Bizim.Media bəyanatı təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı


“Fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin oraya ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı – Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir.

Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və prinsiplərə qətiyyən məhəl qoymur.

Yeni Kaledoniya polisinin hərəkəti qəbuledilməzdir, tam yolverilməzdir. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir.

Düşünməyə əsas var ki, ümumən Prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur.

Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mübarizəsini işıqlandırmaq üçün oraya səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi.

Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir.

Nəzərə alaq ki, bu xoşagəlməz olay – jurnalistin fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması nəinki Yeni Kaledoniyadakı, ümumən digər fransız müstəmləkələrindəki, habelə Fransanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır.

Mətbuat Şurası Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı klassik diktatura quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışını qətiyyətlə pisləyir, beynəlxalq təşkilatları, o cümlədən beynəlxalq media qurumlarını baş vermiş hadisəyə münasibətdə susqun qalmamağa çağırır.

Şura bu qənaətdədir ki, azərbaycanlı jurnalistin üzləşdiyi anti-insani hərəkətə layiqli hüquqi qiymətin verilməməsi cəzasızlıq mühiti formalaşdırır.

Belə bir mühitin mövcudluğu isə oxşar hadisələrin təkrarı üçün presedent yaradır.

Ona görə də bütövlükdə Makronun rəhbərlik etdiyi fransız diktaturasının mediaya, jurnalistikaya münasibətdə qəddarlıqdan əl çəkməyə məcbur edilməsi şərtdir. Bu şərt isə yalnız mütərəqqi ictimaiyyətin səfərbərliyi, etirazı ilə yerinə yetirilə bilər.

Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını bir daha qətiyyətlə pisləyir, baş vermiş olayın günahkarlarının tezliklə tapılmalarını və məsuliyyətə cəlb edilmələrini, ümumən hadisəyə müvafiq hüquqi qiymətin verilməsini tələb edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO