Azərbaycanda ən qədim məşğulluq sahələrindən biri də əkinçilik, kənd təsərrüfatıdır. Ta qədimdən ata-babalarımız torpağı becərməklə ailələrinə çörək pulu qazanıblar. Azərbaycanda əkinçilik sahəsində üzümçülük xüsusi yer tutur.
Ölkəmizin ayrı-ayrı bölgələrində yüz illərdir ki, yetişdirilən xalq seleksiyasının məhsulları olan rəngarəng 400-dən çox yerli üzüm sortları və xiyabanlarda rast gəlinən yaşlı üzüm tənəkləri, habelə üzümdən hazırlanan müxtəlif çeşidli məhsullar - mürəbbə, doşab, sirkə, abqora, kişmiş, mövüc, turşaşirin, şirə, şərbət, şərablar, spirt və s. bu ərazidə əhalinin üzümçülüklə kor-koranə deyil, məqsədyönlü məşğul olduğunu göstərir.
Bizim.Media-nın yerli bürosu qərb bölgəsində üzümçülüklə bağlı araşdırma aparıb.
Üzümçülüyün qədim tarixi
Azərbaycanda şərabçılıqla bağlı qədim tarixi abidələrdən biri də 1931-ci ildə Göygöl rayonu yaxınlığında təpədə qazıntı işləri zamanı Y.H. Hummel tərəfindən tapılmış küpdür. 1939-1949-cu illərdə B. B. Piotrovski bu tapıntını tunc dövrünə - e.ə. II minilliyin sonu və birinci minilliyin əvvəlinə aid edib. Küpün içərisində üzüm toxumları, habelə şərabın daşlaşmış çöküntüləri olub. 1956-cı ildə Gədəbəy rayonunun Xar-xar kəndində XVI əsrə aid edilən küp və şərab saxlamaq üçün nəzərdə tutulan başqa qablar tapılıb.
Tədqiqatlar nəticəsində məlum olub ki, tapılan küp şərab istehsalı və saxlanılması üçün hazırlanıb. Küpdəki qalıqların tədqiqatı göstərib ki, burada şərab çöküntüləri üstünlük təşkil edir. 1962-ci ildə Ağstafa yaxınlığında arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində ən azı 7000 illik tarixi olan mədəni üzüm toxumları tapılıb.
Bütün bu qeyd olunanlar onu göstərir ki, üzümçülük Azərbaycanın əkinçilik sektorunun xüsusi yer tutan sahəsidir.
Qərb bölgəsində üzümçülüyün hazırki vəziyyəti
Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qəbul olundu və bu layihə ölkəmizdə bu sahənin inkişafına güclü təkan verdi. Hər il 100 hektarlarla müasir tipli üzüm bağları salınır.
Kənd təsərrüfatının ən sərfəli və qazanc gətirə biləcək bu sahəsi indi də ölkəmizin fermerləri üçün önəmli sahələrdən hesab olunur. Azərbaycanın qərb bölgəsində üzümçülük həmişə prioritet sahələrdən olub. Bu gün əkinçiliyin bu istiqaməti regionda xeyli inkişaf edib.
Qazax rayonu hazırda respublikanın aparıcı üzümçülük rayonlarından biridir. Ötən il rayon ərazisində olan 8 min hektar üzüm bağlarından ümumilikdə 60-65 min ton üzüm yığılıb.
Hazırda rayonda 285 hektar üzüm bağı var. Bunlardan 80 hektarı texniki sortlardır. Üzüm qəbulu və emalı müəssisəsi olmadığına görə istehsal olunmuş üzümün satışında çətinliklər yaranır. Hər hektardan, ümumilikdə, 8-10 ton məhsul götürən fermerlər xeyli çətinliklərlə qarşılaşırlar.
“Məhsul boldur, amma sata bilmirik”
Qazax rayon fermerləri hazırda ən böyük çətinliyin alıcıların olmaması ilə bağlı olduğunu deyirlər:
“Çox yaxşı təsərrüfatımız var. Çətinliklə də olsa bol məhsul əldə edə bilmişik. Amma tonlarla məhsulumuz zay olub gedir. Bir emal müəssisəsi belə bizə müraciət edib, üzümümüzü almır. Əgər belə davam edərsə, sezonu böyük ziyanla başa vuracağıq”.
Fermerlər onu da əlavə edib ki, ən böyük problemlərdən biri Qazax rayonunda məhsulların saxlanması üçün soyuducu kameraların olmamasıdır:
“Bilirsiniz ki, rayonumuzun böyük əksəriyyəti kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Təkcə üzümçülük üzrə Qazaxda orta hesabla 300 hektara yaxın ərazidə bağlar salınıb. İl ərzində orta hesabla 40 000 sentnerə yaxın üzüm istehsal olunur. Kameraların yoxluğundan hər il xeyli məhsulumuz xarab olur. Bu da milyonlarla ziyan deməkdir. Soyuducu bircə Şəmkir rayonunda var. Ora da məhsullarımızı aparıb qoyub sonra da götürmək iqtisadi baxımdan sərfəli deyil”.
“İstehsal müəssisəsi var idi, lakin...”
Fermerlərin səsləndirdiyi fikirlərlə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) Qazax filialının bitkiçilik sektorunun müdiri Barat Vəliyevlə əlaqə saxladıq. O da bu qeyd edilən problemlərin varlığını təsdiqləyib. DAİM nümayəndəsinin sözlərinə görə aidiyyatı qurumlara bu məsələrlə bağlı dəfələrlə müraciət olunub:
“Biz DAİM-in Qazax filialı olaraq aidiyyəti qurumlara fermerlərin əsas problemlərindən olan rayonda emal müəssisəsi olmaması, soyuducu kameraların qıtlığı, üzümçülərin alıcı qıtlığı və onların məhsullarının xarici bazara çıxarılmasında çətinliklər barədə müraciətlər etmişik.
Bir müddət əvvəl Qazaxda bir mini istehsal müəssisəsi fəaliyyətə başlamışdı. O da rentabelli olmadığından fəaliyyətini dayandırdı. Həm də o müəssisə rayonda istehsal olunan üzümün qəbul olunub emal edilməsi üçün yetərli gücdə deyildi.
O ki, qaldı soyuducu kameralara bununla bağlı aidiyyatı qurumlar tərəfindən iş adamlarının bu işdə maraqlı olmaları və ayrılan kredit vasitəsilə özəl soyuducu anbarların yaradılmasını tövsiyə ediblər.
Üzümçülərin alıcı probleminə gəldikdə isə bu işdə DAİM heç bir köməklik göstərə bilmir. Çünki həmin alıcılar özəl şirkətlərdir və onlara bununla bağlı hər hansı göstəriş verilməsi mümkün deyil”, - deyə B. Vəliyev əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 06.12.2023
4 min il tarixi olan Qazaxın ÜZÜM BAĞLARI – “Məhsul boldur, lakin...” – FOTO
Hazırda oxunan: 4 min il tarixi olan Qazaxın ÜZÜM BAĞLARI – “Məhsul boldur, lakin...” – FOTO
Hazırda oxunan: 4 min il tarixi olan Qazaxın ÜZÜM BAĞLARI – “Məhsul boldur, lakin...” – FOTO
167554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.