Xəbər verildiyi kimi icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə qədər təxirə salınır. Bu, Milli Məclisin “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Əslində icbari tibbi sığortada müştərək maliyyələşmə 2024-cü il yanvarın 1-dən tətbiq edilməli idi.
Bəs, icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi niyə daha bir il təxirə salınır?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya bildirib ki, müştərək maliyyələşmə vətəndaşların sosial müdafiəsinə xidmət edir:
MÖVZU İLƏ BAĞLI:
İcbari tibbi sığorta ilə bağlı YENİLİK
“Dünyanın hər yerində bu, xidmət olub. 2012-ci ilə qədər Türkiyədə xidmətlər dövlətlə vətəndaşlar arasında bölünüb. Hesab edirəm ki, zaman-zaman situasiyaya uyğun bu məsələlərlə bağlı vətəndaşların xeyrinə qərar verilə bilər”.
Həkimin sözlərinə görə, müştərək maliyyələşmə daha çox təxirəsalınmaz tibbi yardıma aiddir:
“Bəzən ağılagəlməyən, nəzərdətutulmayan hadisələr və ya qəzalar baş verir ki, bunlar icbari tibbi sığortanın paketinə daxil olmur. Əgər paketdə olmayan xidmətlər zərurəti yaranırsa, bu zaman bunu sığortaolunan ödəyir.
Yəni, icbari tibbi sığorta paketinin tərkibinə daxil olan tibbi xidmətlər çərçivəsindən kənara çıxan digər tibbi xidmətləri xəstə özü ödəyir. Ödəmə vətəndaşla dövlət arasında bölünür. Həmin müştərək ödəmə 2025-ci ilin yanvarın 1-nə qədət təxirə salındı”.
Qeyd edək ki, qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Alçina Amilqızı, Bizim.Media