“Bu il Azərbaycan Sovet Ensiklopediyasının (ASE) 1-ci cildinin çapının 45 ili tamam olur. İdeologiyanın birbaşa təsiri altında yazılmış bu 10 cildlik ensiklopediya öz aktuallığını indi də itirməyib”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Facebook” hesabında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib. Onun sözlərinə görı bizim ensiklopediya ilə paralel olaraq Moskvada 30 cildlik “Bolşaya Sovetskaya Ensiklopediya” (BSE) çap olunub:
“Sovetlərin süqutundan sonra çox adam “sovet” sözünü görüb bu möhtəşəm nəşrdən imtina edirdi. Elə bu səbəbdən də bukinistlərdə bu nəşrin üzünə baxan olmurdu.
BSE-nin baş redaktoru, fizika üzrə Nobel mükafatı laureatı Aleksandr Proxorovun (1916-2002) ensiklopediya haqqında müsahibəsini oxuduqdan sonra düşünmədən 30 cildliyi aldım. Proxorov BSE-ni möhtəşəm “Britannica” ilə eyni səviyyədə tuturdu.
MÖVZU İLƏ BAĞLI:
Deputatdan toyların bərpası ilə bağlı TƏKLİF – “Bu sferada hələ də açılımaya gedilmir”
Azərbaycan Sovet Ensiklopediyası indiki dövr üçün qismən köhnəlib. Bu səbəbdən Azərbaycan Milli Ensiklopediyasının nəşri zəruri idi”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmçinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında” sərəncamlar imzalayıb:
“Ölkə başçısının bu addımı təqdirəlayiqdir və ensiklopediya da daxil olmaqla kütləvi ədəbiyyatların nəşri ilə bağlı qəbul etdiyi fundamental qərarlar maarifçilik və biliklərin əldə olunması üçün olduqca önəmlidir.
Bütün bunlardan sonra Ensiklopediya işini bilən insanların potensialından istifadə edilməli idi. Bu baş verdimi? Qətiyyən yox!
2004-cü ildə Prezident İlham Əliyevin ensiklopediya ilə bağlı keçirdiyi məşhur müşavirə yaddaşlardan silinməyib. Həmin müşavirə onu göstərdi ki, prezident normal bir ensiklopediyanın tərtib olunmasında son dərəcə maraqlıdır.
Bəs Azərbaycan müstəqilllik əldə etdikdən sonra ilk Milli Ensiklopediyanın hazırlanması işi nə yerdədir? 17 ildə cəmi 8 cildin işıq üzü görməsi onu göstərir ki, işlər yaxşı getmir. Dünyada çap olunmuş bütün ensiklopediyaların əsas xarakteristikası bunlardır: məqalələrin, məlumatların, bioqrafiyaların dolğunluğu, orijinallığı və yığcamlığı, orijinal illüstrasiyalar, müəllif hüquqlarının qorunması, materialların yeniliyi və s. Ancaq burada ən mühüm məsələlərdən biri plagiatlıqla bağlıdır.
Ensiklopediyanın plagiat olması onun hazırlanmasına cavabdeh olan şəxslərin məsuliyyətsizliyinə, məlumatsızlığına, bacarıqsızlığına, naşılığına dəlalət edir. Mən Ensiklopediyadakı plagiatlıqdan tutmuş digər qüsurlar barədə 2016-ci ildə Prezident Administrasiyasının rəhbərinə məktub yazmışdım.
Qeyd etdim ki, R. Mehdiyev Redaksiya Heyəti sədrinin 1-ci müavinidir. Ondan aldığım şablon cavabdan gördüm ki, adam normal ensiklopediyanın hazırlanmasında maraqlı deyil və özü də bu işi yaxşı bilmir”.
Bütün dünyada Ensiklopediyaların cildlərinin çapdan çıxmasının xüsusi olaraq qeyd edildiyini, təqdimatlar keçirildiyini vurğulayan deputat Azərbaycanda insanların Milli Ensiklopediyadan xəbərsiz olduğunu deyib:
“Kitab mağazalarında Milli Ensiklopediyamızın cildlərinin üstünü toz basıb. Mən hələ indiyə qədər kiminsə Milli Ensiklopediyaya istinad etməsinə rast gəməmişəm. Düşünürəm ki, bu barədə geniş bir dinləmənin keçirilməsi olduqca vacibdir. Məruzəçi qismində təqdimatı öz üzərimə götürə bilərəm”.
Bizim.Media