Azərbaycan selektiv abortların əhali sayına nisbətinə görə dünya ölkələri arasında liderlik edir. Bu isə o deməkdir ki, yaxın illərdə ölkəmiz ciddi problemlə - qadınların azlığı ilə üz-üzə qala bilər. Bu məsələnin sosial tərəfidir.
Məsələnin mənəvi tərəfi daha qorxuncdur.
Selektiv aborta qol qoymaq cinayət olmaqla yanaşı, nadanlığın ən pik həddidir. Bu gün əksəriyyət özünü mədəni hesab edir. Bu “mədəniyyət”i isə ən son model avtomobillərə minməkdə, brend paltarlar geyinməkdə, nadir və çox bahalı saatlar, telefonlar gəzdirməkdə görürlər.
MÖVZU İLƏ BAĞLI:
15-19 yaş qrupları arasında 2000-dən çox abort qeydə ALINIB
Bununla belə, təfəkkürləri orta əsrlərdə ilişib qalıb. Səbəbsə çox sadədir. Əksər ailələr ikinci, üçüncü qız uşağını istəmirlər. Qız istəməyən ana-atalarınsa son nəticədə əli övlad qanına bulanır.
Erkən hamiləlik dövründə uşağın qız olduğunu öyrənənlərin çoxu abort qərarı verir. Bu əsasən 1 və 2 uşağı olan ailələrdə daha çox olur. Nəyə görəsə, oğlan övladının olmasını daha çox istəyir, ona görə də qız uşağına hamilə qalan anaları aborta məcbur edirlər. Bu isə nə insanlığa, nə də ki, İslama sığmır. Bunun tək adı var: cahillik.
Məsələnin hüquqi tərəfi də problemlidir
Azərbaycan qanunvericiliyinə görə selektiv abort qadağandır. Bununla belə həkimlər buna həvəslə və qorxmadan gedirlər. Hazırda aparılan müşahidələr göstərir ki, qadın məsləhətxanaları və doğum evləri sallaqxananı xatırladır. Və əməliyyatlar açıq və hər kəsin gözü qarşısında aparılır.
Lakin bununla belə bu günə kimi bir nəfər də olsun həkim selektiv abort etdiyinə görə məsuliyyətə cəlb olunmayıb. Selektiv abortla bağlı rəsmi qurumlara müraciət etdikdə isə qəribə mənzərə ilə üz-üzə qalırıq. Hər kəs fakt, daha doğrusu şikayətçi istəyir. Amma sual yaranır ki, əgər fakt yoxdursa, onda selektiv abortun statistikası BMT Əhali Fondunun əlinə necə keçib? Deməli bu statistika ölkədən, ölkədə isə xəstəxana və poliklinikalardan alınır.
Amma burada bir məsələ var. Bütün selektiv abortların rəsmiləşdirilməsində fərqli adlardan istifadə olunur. Əksər hallarda xəstəxana və poliklinikalarda aparılan selektiv abortlar “ananın sağlamlığına ziyan vurduğuna görə” edilmiş kimi sənədləşdirilir. Lakin statistikadan da aydın olur ki, əməliyyatların əksəriyyəti uşağın məhz cinsiyyətinə görə aparılır.
“Çox zaman tibbi göstəriş olmadan hamiləlik sonlandırılır”
Məsələylə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, sözügedən məsələ bu günlərdə Milli Məclisin Komitə iclasında da müzakirə edilib:
“Mən də o iclasda çıxış etdim. Statistik məlumatları diqqətə çatdırdım ki, əhalinin artım tempində oğlan uşaqlarının sayı kəskin artır. Bu da selektiv abortların sayının artmasının bir sübutudur. Selektiv abortun artmasının digər səbəbi maarifləndirmə işinin zəif olmasıdır. Bu marifləndirmə işi daha çox səhiyyə sistemində aparılmalıdır. Digər səbəbsə qanunvericilikdə olan boşluqdur. Çox zaman tibbi göstəriş olmadan hamiləlik sonlandırılır.
Dövlət səhiyyə müəssisələrində selektiv abortun aparılma ehtimalı çox aşağıdır. Amma onlarda da belə neqativ hallar var. Lakin özəl müəssisələrlə müqayisədə rəqəmlər aşağıdır. Çünki dövlət tibb müəssisələrində müəyyən sənədləşmələr tələb olunur. Və o sənədləşmələrdə selektiv abortu zəruri edən səbəb göstərilməlidir. Ona görə də dövlət müəssisələrində selektiv aborta az meydan verilir. Amma özəl müəssisələrdə sənədləşmədə subyektivliyə yol verilir”.
Müşfiq Məmmədli məsələ ilə bağlı öz təklifini də səsləndirib:
“Cənab Prezidentin müvafiq fərmanlarında tibb müəssisələrinin akkretidasiyası və onların işindəki keyfiyyətə nəzarət üçün Səhiyyə Nazirliyinə əlavə səlahiyyətlər verilib. Bu fərmanların icrasını rəhbər tutaraq Səhiyyə Nazirliyi ölkə üzrə selektiv abortun monitorinqini aparmalı, abortların səbəblərini ciddi şəkildə araşdırmalıdır. Selektiv abortların sənədləşdirilməsi monitorinqdən keçərsə, mən bunun müsbət nəticələr verəcəyinə inanıram”.
Surxay Atakişiyev, Bizim.Media