O, şəhid anası idi...

O, şəhid anası idi...

Hazırda oxunan: O, şəhid anası idi...

16732

Bir qadın vardı. Saçları gecə qarası, gözləri günəş parıltısı, qaməti sərv ağacı kimi dik. 
Biz uşaq olanda həmişə bizə gələrdi.

Səhər yuxudan ayılanda, o, artıq mətbəxdə oturub anamla çay içib, şirin - şirin söhbət edərdi. Anamın ən çətin günlərinin dostu idi.

Onlar anamın 18 yaşı olanda iki ayın içində anasını və atasını itirəndə tanış olmuşdular. Böyük bacısının himayəsində qalanda, ağır günlər keçirəndə hər zaman anama dəstək olub, onu yaxşı günlərin də gələcəyinə inandırıb. Gecələr onun islatdığı balışını qurudub, həyata küsən on səkkiz yaşlı qızı ölümün, çarəsizliyin əlindən çəkib alıb.

Qadın kasıbçılıqla beş övlad böyüdüb boya- başa çatdırmışdı. Ancaq sonbeşik oğlunu o birilərdən daha çox əzizləyir, onu əl üstündə böyüdürdü. Sanki ona tez həsrət qalacağını bilirdi. 

Bir gün o, oğlunu isti qoynundan ayırıb, xeyir- dua ilə cəbhəyə yola saldı. Onu qucaqladı, ətrini doyunca sinəsinə çəkdi. Gecələr onun qoxusunu təsəlli bilib, həsrətinə bürünüb yatdı. 

Bir səhər ana üçün başqa cür açıldı, elə bil o gün dan yeri də başqa cür sökülmüşdü. O gün qapı da başqa cür döyüldü. Ana kandarda hərbi geyimli insanları görəndə başa düşdü... 

Öz ayaqları ilə qapıdan çıxan igidi şəhid olmuşdu. Düşmənin amansız gülləsi qıymadığı oğlunu al qana qərq etmişdi. 

Son dəfə üzünə baxmaq istədi. Əyilib kəfəni aralayıb, xınalı quzusuna son dəfə baxdı.  Oğlu elə bil üzündə təbəssümlə yuxuya getmişdi. 

Ana bir kəlmə deyə bildi: " Sən axı mənə belə söz verməmişdin"...

Həmin gün qara torpaq ananın quzusunu uddu. O gün qadın şəhid anası adını qazandı. 

Gözlərinin önündə qara torpaq əjdaha kimi kəfənə bürünmüş övladını bir vaxt əllərindən,

gözlərindən belə qısqandığı balasını torpağa çəkdi… 

Bilmirəm, o bu adla təsəlli tapdı, yoxsa yox...

Bir gün o qadın yenə bizə gəldi. Saçları qar kimi bəyaz, gözləri buz kimi donuq, qaməti isə qoca tut ağacı kimi əyilmiş...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO