Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Artıq qışın ilk günlərini yaşayırıq.Amma havadan qışın ab-havası hələ duyulmur. İlk olaraq bu insana yaxşı bir təsir bağışlayır. Çünki qışda da günəşli hava şəraiti əhval-ruhiyyəyə, o cümlədən sağlamlığa da müsbət təsir edən amildir. Amma belə şəraitin fəsadları da mövcuddur.
O, özünü qısa zamanda büruzə vermir, amma fəsadların ciddiliyi haqda artıq təkcə alimlər, mütəxəssislər danışmırlar. Bu məsələ siyasilərin də gündəliyində həllinə diqqət yetirilməli problem kimi artıq yer tutmağa başlayıb.
COP28 Sammiti
Dünya qlobal istiləşməni artıq real problem kimi görür və onun həll edilməsi üçün səylərin birləşdirilməsinin zəruriliyini qeyd edir. Elə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində də bu məsələlər müzakirə obyektində idi. Azərbaycan nümayəndə heyətinin tədbirə dövlət başçısı Prezident İlham Əliyevin başçılığı altında qatılması rəsmi Bakının bu məsələyə nə qədər ciddi yanaşmasının göstəricisi sayıla bilər.
Burada verilən mesajlar ona yönəlmişdi ki, Yer kürəsindəki iqlim dəyişiklikləri məhz orta illik tempetraturun artımının nəticəsidir. Bu isə ona görə baş verir ki, ildən ilə daha çox sənaye müəsisələri yaranır, inlanlar daha çox şəhərlərdə yaşamağa meyl edirlər, daha çox avtomobildən istifadə edilməyə başlanılır və yaşayışın daha komfortlu şəraitə keçməsi isə enerji sərfiyyatını artırır. Sonuncu isə atmosferə külli miqdarda karbon qazının atılmasına gətirib çıxarır.
Bəs çıxış yolu nədir?
“Enerji keçidi” məhz 2050-ci ilədək dünyanın inkişaf etmiş ölkələrində, daha sonra isə inkişaf etməkdə olan ölkələrində ənənəvi enerjinin “yaşıl enerji” ilə əvəzlənməsini nəzərdə tutur. Bununla bağlı bir sıra ölkələr hökumətlər səviyyələrində artıq qanunlar və qərarlar da qəbul ediblər ki, hansı zamanda “enerji keçidi” məsələsini başa çatdırmaq niyyətindədirlər.
Azərbaycan tərəfi cari onilliyin sonuna qədər bərpa olunan və alternativ enerji mənbələrinin elektrik enerjisi generasiya güclərində xüsusi çəkisini 30%-dən yuxarı həddə çatdırmağı planlaşdırır. Bunun üçün bir-birinin ardınca ölkəmizin müxtəlif bölgələrində iri elektrik stansiyaları, əsasən günəş və külək elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Onlardan biri artıq oktyabr ayında işə salınıb və 230 meqavat gücə malikdir. Energetika nazirliyinin açıqlamasına görə, 2027-ci ildə alternativ enerji mənbələri üzrə 1880 meqavat gücə malik müxtəlif elektrik stansiyaları tikilərək istifadəyə veriləcək.
Qlobal bazarlar.
Beynəlxalq Enerji Agentliyinin (EIA) son hesabatında bildirilir ki, 2023-cü ilin yekunları olaraq dünyada neftin istehlak həcmləri gündəlik olaraq 101,96 milyon barel təşkil edəcək. 2022-ci ildə isə bu göstərici 99,6 milyon barel olmuşdu. Gələn il üçün isə Agentlik ekspertləri neftə olan tələbatın 102,89 milyon barelədək yüksələcəyi qənaətindədirlər.
EİA-nın noyabrda açıqladığı proqnozuna əsasən isə “Brent” markalı neftin orta qiymətinin cari ildə bir barel üçün 83,99 dollar olacağı təxmin edilir. Amma 2024-cü ildə neft qiymətləri 93 dollara qədər yüksələ bilər. Çünki gələn il dünyanın qlobal şəkildə münaqişədən sülhə keçidi və iqtisadi əlaqələrin canlanması təxmin edilir.
SOCAR-ın Aşqabad ofisi.
Bu həftə Azərbaycan Dövlət Neft Şirkətinin Xəzərin o tayında özünün ilk nümayəndəliyinin açılışı Aşqabadda keçirilən növbəti Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın iclasının nəticəsi kimi Xəzərin o tayı və bu tayı arasında artan ticari əlaqələr fonunda enerji layihələrinin birgə reallaşdırılması üçün yaxşı imkanların açıldığının göstəricisi kimi qiymətləndirilə bilər.
SOCAR-ın bu addımı Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrimizin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovu Türkmənistan Prezidenti Sərdar Berdımühəmmədovun şəxsən qəbul etməsi isə bu məsələlərə rəsmi Aşqabadın nə qədər diqqətlə yanaşmasından xəbər verir.
Aşqabadda enerji sahəsində daha bir həssas məqama toxunulub. İqtisadiyyat nazirliyinin yaydığı məlumata görə, Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və həmkarları ilə görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün perspektivləri müakirə edərkən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və iki ölkə arasında elektrik enerjisi mübadiləsi üzrə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.
Yəni mənim müşahidələrimə görə, Azərbaycan hökuməti addım-addım Xəzərin o tayındakı dövlətləri özünün enerji-nəqliyyat layihələrinə cəlb etmək və bundan qarşılıqlı şəkildə faydalanmaq siyasətini həyata keçirir.
Xəzərin dibi ilə enerji nəqli.
Belə ki, noyabrın 14-də Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə ilkin razılıq əldə ediblər.
O zaman Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin ixracı perspektivləri elə ilk müzakirədəncə maraqların üst-üstə düşməsi ilə yadda qaldı. Həmin görüşdə vurğulanmışdı ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkanlar açır.
Bakıda əldə edilmiş bu razılığa isə Avropada biganə qalmayıblar. Belə ki, noyabrın 25-də Buxarestdə Qara dənizin dibi ilə Rumıniya və Macarıstana Azərbaycandan Gürcüstan üzərindən keçməklə ötürülməsini nəzərədə tutan layihəni təmsil edən ölkələrin energetika nazirlərinin dördüncü toplantısında Xəzərin dibi ilə Bakıya çatdırıla biləcək Mərkəzi Asiyanın yaşıl enerji istəyi təqdir edildi. Çünki Orta Dəhliz çərçivəsində enerji təhlükəsizliyi və “yaşıl layihələr” üzrə tərəfdaşlığı gücləndirmək kimi strateji bir məqsədə xidmət edən yeni bir layihə gündəmə gəlir.
Qaz ixracı.
Energetika Nazirliyinin məlumata görə, 2023-cü il noyabrın 30-da TANAP-ı Avropa ilə birləşdirən qaz kəmərinin hissəsinin açılışının beş illiyi tamam olub. Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə tədarükü isə 2018-ci il iyunun 30-dan başlayıb. 2018-2023-cü illərdə Azərbaycandan TANAP qaz kəməri ilə Türkiyə və Avropaya nəql olunan qazın ümumi həcmi 55 milyard kubmetr təşkil edib.
Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan təbii qazının Avropaya tədarükü 30 milyard kubmetri ötüb. TAP konsorsiumunun yayadığı məlumata görə, hazırda Yunanıstan, Bolqarıstan və İtaliyaya 30 milyard kubmetrdən çox təbii qaz nəql olunub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Hazırda kəmərin ötürmə qabiliyyəti ildə təqribən 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə əsasən, yaxın 4 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 02.12.2023
Orta Dəhlizin “yaşıl enerji” POTENSİALI – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Orta Dəhlizin “yaşıl enerji” POTENSİALI – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Orta Dəhlizin “yaşıl enerji” POTENSİALI – İlham Şabanın ŞƏRHİ
167105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.