Məhkəmələr hansı şikayətlərə baxmaqdan imtina edir? – Hüquqşünaslardan AÇIQLAMA 

Məhkəmələr hansı şikayətlərə baxmaqdan imtina edir? – Hüquqşünaslardan AÇIQLAMA 

Hazırda oxunan: Məhkəmələr hansı şikayətlərə baxmaqdan imtina edir? – Hüquqşünaslardan AÇIQLAMA 

166520

Cəmiyyətdə fikirləri arasında ifrat ziddiyət yaşayan, təhqir olunan və hüquqları pozulan şəxslərin dilindən bu fikri tez-tez eşidirik: “səni məhkəməyə verəcəyəm”. 

Bəs görəsən, məhkəmələr hansı şikayətlərə baxmır və mümkünsüz hesab edirlər?

Bizim.Media mövzu ilə bağlı hüquqşünasların fikirlərini öyrənib.

Hüquqşünas Pərviz Hacıyev qeyd edib ki, şikayət edən tərəflərin subyektiv hüququ yoxdursa, onların şikayətlərinə baxılmır: 

“Məsələn, qonşu alt mərtəbədə yaşayan sakinin başına su axıdırsa, özü gedib şikayət edə bilməz. Çünki zərər görən tərəf aşağıda yaşayan qonşudur. Ziyan görən tərəf məhkəməyə şikayət edə bilər. Yaxud da vərəsəlikdə varis olmayan biri vərəsəliklə bağlı iddia qaldıra bilməz. 

Varislər siyahısında olmayan və ya vərəsəlikdən məhrum edilən şəxs iddia qaldıra bilməz. Yəni iddia qaldırmaq üçün şəxsin mütləq qaydada subyektiv hüququ olmalıdır. Bundan əlavə, şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquq fəaliyyət qabiliyyəti yoxdursa, şikayətlərinə baxılmır. Əqli qüsuru olan şəxslər də bu siyahıya aiddir”. 

Pərviz Hacıyev birinci instansiya, apellyasiya və kassasiya instansiyası olmaqla Azərbaycanda üçpilləli məhkəmə sisteminin fəaliyyət göstərdiyini deyib:

“İlk işlərdə Ali Məhkəməyə müraciət etmək hüququ o vaxt mümkündür ki, mübahisəli məbləğ 5 min manatdan yuxarı olsun. Apellyasiya məhkəməsinin qərarından narazı olan şəxsin işində mübahisəli məbləğ 4 min 700 və ya 4 min 900 olduğu halda vətəndaşın kassasiya şikayəti vermək hüququ yoxdur. Bu müddəanı Mülki Prosessual Məcəlləyə ona görə saldılar ki, Ali Məhkəmənin iş yükü azalsın. Əvvəl bu məbləğ iki min manat idi, sonradan beş min manata qaldırdılar. Bu, vətəndaşın hüquqlarının pozulmasıdır, doğru hesab etmirəm”. 

Vəkil Əsabəli Mustafayevin isə bildirib ki, inzibati məhkəmələrə verilən şikayətlərdən daha çox imtina olunur: 

“Çünki orada şikayətin verilməsinin prosedur qaydaları pozulur. İnzibati orqanın və ya vəzifəli şəxsin qərarından şikayət verilə bilər. Ancaq məhkəməyə verməzdən əvvəl tələb olunur ki, şikayət olunan tərəfin özünə müraciət edilsin. Sözügedən tərəf şikayət olunan nüansı aradan qaldırmırsa, imtina məktubu alındıqdan 1 ay sonra məhkəməyə şikayət edilə bilər. Bəzi şəxslər birbaşa məhkəməyə yazırlar. Ona görə də şikayət mümkünsüz sayılır. 

Bəzən hansısa sənəd çatmayanda şikayət mümkünsüz hesab edilir, baxıla bilmir və geri qaytarılır. Sənədin ya əsli, ya da notariusda təsdiq olunmuş surəti olmalıdır. Çox vaxt bu problemlər aradan qaldırıla bilir.

Sadəcə insanlarda məlumatsızlıq var. İmkanlı adamların məhkəmə ərizələri heç vaxt mümkünsüz sayılmır. Çünki onlar hər zaman vəkil haqqını ödəyib, daha sonra məhkəməyə müraciət edirlər.  

Bəzi hallarda vətəndaşlar özləri yazmaq istəyirlər, vəkil xərci çəkmək istəmirlər. Belə olan halda səhvlər olur, məhkəmələr də bu şikayətlərə baxmaqdan imtina edirlər. İddia ərizəsi, məzmunu, əlavə olunan sənədlər və s. hamısı qanunda yazılıb. Bu barədə insanları maarifləndirmək və ya pulsuz hüquqi yardım sistemini genişləndirmək lazımdır. Qısası, prosessual normalara riayət olunmayanda məhkəmə müraciətdən imtina edir”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO