Qarabağda hansı universitetlərin filialları YARADILACAQ? – SORĞU

Qarabağda hansı universitetlərin filialları YARADILACAQ? – SORĞU

Hazırda oxunan: Qarabağda hansı universitetlərin filialları YARADILACAQ? – SORĞU

166517

Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış” sürətlə həyata keçirilir. 2026-cı ilə qədər Qarabağ və Şərqi Zəngəzura 140 min nəfərin köçürüləcəyi nəzərdə tutulub. Doğma Qarabağda insanların rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. 

Yeri gəlmişkən, bu gün ölkə başçısı İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamla vaxtilə Xankəndidə fəaliyyət göstərən Pedaqoji İnstitutun Xankəndi filialının əsasında “Qarabağ” universiteti yaradılacaq. 

Maraqlıdır, Bakıdakı digər hansı universitetlərin filiallarının Qarabağda yaradılması düşünülür?

Bizim.Media ali təhsil müəssisələri arasında sorğu keçirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə Qarabağ Universiteti yaradıldı - SƏRƏNCAM


Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetindən bildirilib ki, bu mövzu universitet rəhbərliyi səviyyəsində müzakirə belə olunmayıb. 

Bakı Dövlət Universitetinin mətbut katibi Kəmalə Quliyevanın sözlərinə görə  BDU-nun azad Qarabağımızda filialının yaradılması barədə qərar böyük fəxr olar:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığa qovuşan Qarabağımızda genişmiqyaslı bərpa, quruculuq işləri, layihələr həyata keçirilir. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur, infrastruktur bərpa olunur, məktəblər tikilir. Belə bir qərar olarsa, universitetimiz üçün fəxr olar”.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov UNEC-in Qarabağda filialının yaradılması istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazır olduqlarını bildirib:

“Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) olaraq, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin reallaşdırılmasına, Qarabağın bərpasına töhfə vermək məqsədilə Qarabağda UNEC-in filialının açılmasını təklif edirik”. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev sözügedən məsələnin hələki aktual olmadığını bildirib:

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərimiz işğaldan azad ediləndən sonra burada sürətli tikinti-quruculuq işləri həyata keçirilir. Torpaqlarımıza "Böyük Qaydış" proqramına başlanılıb, həmin ərazilərə həyat qayıdır. Əlbəttə ki, torpaqlarımızda digər infrastruktur obyektləri kimi təhsil müəssisələrinin yaradılması da vacibdir və bu prosesə başlanılıb. Artıq bir neçə orta məktəb tikilib istifadəyə verilib. 

Heç şübhə yoxdur ki, ali təhsil müəssisəsi də olacaq. Çünki Azərbaycan dövləti həmin əraziləri regionun cazibə mərkəzinə çevirməkdədir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Qarabağ İqtisadi rayonunda filialının yaradılması məsələsinə gəlincə, bu məsələ hələ ki, aktual deyil. Hesab edirəm ki, məsələ vətəndaşlarımızın əhəmiyyətli hissəsinin tarixi dədə-baba torpaqlarına köçündən sonra aktuallaşacaq. Əgər tələbat olarsa, dövlətimizin yardımı ilə gələcəkdə Azərbaycan Memarlıq və İnşaat Universiteti məmnuniyyətlə Qarabağ fialını yarada bilər”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova Qarabağda AzTU-nun filialının açılmasının universitetin səlahiyyətləri xaricində olduğunu qeyd edib:

“Bununla bağlı hər hansı tapşırıq olarsa AzTU bu istiqamətdə məmnuniyyətlə zəruri işlər görməyə hazırdı”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiq hazırda belə bir müzakirə getmədiyini deyib:

“Bildiyiniz kimi, 2023-cü il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 100 ili tamam olur. Bununla bağlı cənab Prezidentin müvafiq sərəncamına əsasən, il sonuna kimi universitet daxilində, eləcə də respublikanın bir çox ali təhsil müəssisələri və mədəniyyət qurumlarında silsilə tədbirlər keçirilməkdədir. 

Hazırda universitetimizin əsas istiqamətləndiyi mövzu bu olduğu üçün digər mövzular müzakirə edilməyib. Eləcə də universitetimizin Qarabağda filialının yaradılması ilə bağlı müzakirə olmayıb. 

Təbii ki, hər kəs kimi biz də azad, firavan, mədəniyyət beşiyimiz Qarabağımızda açılacaq filialımızla mədəniyyətimizin, incəsənətimizin inkişafı üçün peşəkar kadrların hazırlanması işində fəal iştirak etmək arzusundayıq. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı müzakirələr də aparılar. Ancaq hələlik belə bir müzakirə olmayıb”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov prosesdə hər hansı iştiraklarının olmadığını dilə gətirib:

“Xankəndi Universiteti 1973-cü ildən müstəqil olub, bizim ora ilə bağımız hazırda Ağcabədi filialı olaraq fəaliyyət göstərir. Qayıdış və bərpa prosesi dövlət siyasətidir. Buna uyğun üstümüzə nə düşsə, hər zaman hazırıq. Lakin hazırda prosesdə hər hansı bir iştirakımız yoxdur".

Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sorğuda iştirak etməkdən yayınıb. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO