Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonundakı 90 saylı tam orta məktəbin ikinc sinif şagirdinin xəsarət alması qalmaqal yaradıb.
Daxili işlər Nazirliyi (DİN) və Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi bildirilib. Hər iki qurumun məlumatında noyabr ayının 7-də məktəbin akt zalında iki şagirdin toqquşması nəticəsində şagirdlərdən birinin xəsarət aldığı qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Ramanadaki orta məktəbdə 2-ci sinif şagirdi döyüldü - FOTO
Maraq doğuran məqam isə baş verən hadisənin 20 gün sonra ictimailəşməsidir. Əksəriyyət bu məsələdə vaxtında şikayət etmədiyi üçün valideyni qınayıb.
Xəsarət alan şagirdin anası Vüsalə Məmmədzadə Bizim.Media-ya açıqlamasında məsələnin 20 gün sonra ictimailəşməsi məsələsinə belə aydınlıq gətirib.
O, deyib ki, hadisə baş verən kimi aidiyyəti qurumlara ərizə ilə müraciət edib:
“Noyabr ayının 7-də üç siniflə birgə məktəbin akt zalında tədbir keçirilib. Həmin tədbirdə övladım naməlum şəkildə xəsarət alıb, mənə heç bir görüntü təqdim olunmayıb. Dəfələrlə direktordan xahiş eləmişəm ki, mənə kömək eləsin, hadisənin necə baş verdiyini bilim. Çünki orada bəzi valideynlər olub, bəlkə onların telefonunda çəkilişdə qalıb.
O qədər ağır xəsarət alıb ki, 9 gün qızımın gözü bağlı qalıb, dərman və müalicələrdən sonra açılıb. Amma o biri uşağın gözündə, üzündə heç bir iz yoxdur. Mənim uşağımla toqquşan uşağın fotolarını anası çəkib, onun alnında heç bir xəsarət izi yoxdur. Həmin uşağın valideyni də mənə sadəcə “Allah şəfa versin” yazmışdı. Xüsusi olaraq uşağımın müalicəsi ilə maraqlanmayıb”.
Ana qeyd edib ki, övladı ilə heç kim maraqlanmadığı üçün hadisədən iki gün sonra, yəni noyabrın 9-da 102 xidmətinə müraciət edib:
“O vaxta qədər nə sinif rəhbəri, nə də direktor mənlə əlaqə saxladı. Özüm əlaqə saxlamaq istəyəndə müəllim dedi ki, qeyri-iş günüdür, direktoru narahat eləmək olmaz. Deyək ki, bu toqquşmadır, heç kim belə hadisədən sığortalanmayıb. Bəs, nəyə görə təcili tibbi yardım çağırılmayıb, məktəbin tibb bacısı müdaxilə etməyib? Müəllim azyaşlı uşaqlara, sinif yoldaşlarına deyib ki, çantanızdakı termoslarla nəsə isladaraq uşağın alnına qoyun. Məktəbin tibb bacısına sual verdim ki, nəyə görə övladıma yardım göstərməmisən? Dedi ki, müəllim mənə heç nə deməyib. Desəydi bir şey edərdim”.
Valideyn hadisənin dəqiq araşdırılması üçün bir neçə quruma müraciət etdiyini vurğulayıb:
“Noyabr ayının 9-da 102 xidmətinə, 13-də Elm və Təhsil Nazirliyinə və daha sonra Sabunçu prokurorluğuna müraciət eləmişəm. Sadəcə, qurumlardan cavab gözləyirdim. Artıq ayın 27-dir, direktor nə uşağın təhsili, nə də sağlamlığı ilə maraqlanır. Mən də mətbuata müraciət elədim. İstəyim bu işə məsuliyyətsizliklə yanaşanların qanun qarşısında cəzalanmasıdır. Övladımın yarım qalan təhsili bərpa olunsun, ayın 7-dən ev şəraitində uşağımın dərsləri ilə məşğul olmaq üçün bir müəllim göndərilməyib”.
Vüsalə Məmmədzadə direktorun ondan ərizəsini geri götürməsini istədiyini də vurğulayıb:
“Direktor birbaşa ərizəni geri çəkməyimi və qurumlara müraciət etməməyimi istəyib. Deyib ki, sənin atdığın addımda ziyan birbaşa müəlliməyə yox, mənə gəlir. Razı olmamışam. Mənə maddiyyat laızm deyil. İstədiyim məsələnin araşdırılması və qanun qarşısında o insanların cəzalandırılmasıdır ki, uşağa bu qədər laqeydliklə yanaşılıb. Mənim övladımla insan kimi davranılmayıb”.
Günay Şahmar, Bizim.Media