Açıq havada maskadan istifadə edilməsi ilə bağlı qərarın ləğv olunması məsələsi gündəmə gəlib. Havalar isindikcə maskadan istifadə çətinləşir. Mütəxəssislər əsasən qapalı məkanlarda və toplumlarda maskadan istifadəni məqbul sayırlar.
Hesab edirlər ki, təmiz havada, xüsusən şəxs təkdirsə və ətrafında özündən başqa kimsə yoxdursa, maskadan istifadə məqsədəuyğun sayılmır.
Bizim.Media-ya məsələ ilə bağlı danışan tanınmış terapevt Rasif Bağırov deyib ki, park və ya açıq havada vətəndaş təkdirsə, yaxud insanlar yanından gəlib-keçirsə, dayanmırsa orada maskanın taxılmasının mənası yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Maska ilə bağlı yeni qərar veriləcək - Operativ Qərargahda hazırlıq gedir
“İnfeksiya sadəcə olaraq tənəffüs yolu ilə keçir. Əgər şəxs tək gəzirsə və ətrafında heç kəs yoxdursa, ondan maskadan istifadə etməməsini tələb etmək düzgün deyil. Hətta bunun üçün hansısa cəza tədbirinin tətbiq olunması da doğru deyil.
Düzdür, edirlər, amma yalnış addımdır. Maska sənin özünün yoluxmanın qarşısını almaq üçündür. Kimisə yoluxdurmağın qarşısını almaq üçün deyil. Bu baxımdan açıq havada, insan kütləsi olmayan yerlərdə, o cümlədən insanların durğun dayandığı vəziyyətdə maska taxılmasının heç bir əhəmiyyəti yoxdur. Təbii ki, toplum və insanların hərəkət etdiyi bir ərazidə maskadan mütləq istifadə edilməldir”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən il noyabrın 19-da imzaladığı qərara əsasən, Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub.
Bu tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.
Alçina Amilqızı, Bizim.Media