İntihar halları niyə azalmır? - Psixoterapevtin ŞƏRHİ

İntihar halları niyə azalmır? - Psixoterapevtin ŞƏRHİ

Hazırda oxunan: İntihar halları niyə azalmır? - Psixoterapevtin ŞƏRHİ

16591

Son gündə daha bir intihar xəbəri Pirallahı qəsəbəsindən gəldi. Hələlik kimliyi bilinməyən yeniyetmə qız yaşadığı binadan özünü atıb.

Belə intihar xəbərlərinin sayının artması cəmiyyətimiz üçün üzücü bir haldır. 

Psixoterapevt İlkin Kazımlı mövzu ilə bağlı Bizim.Media-ya bildirdi ki, araşdırmalara görə 1980-ci ildən bu günə kimi 15-24 yaşlı insanların intihar etməsi 3 dəfə artıb:
 

“Yeniyetmələrdə intihara səbəb olan əsas xüsusiyyətlərdən biri yaxınını itirmə, təcavüz və sevdiyi insanlardan pis davranış, günahkarlıq hissi, aslılıq və s. ola bilir.


Həmçinin yeniyetmələrin intihar etməsinə başqa bir səbəb keçmişdə onunla aqressiv davranan ailəsi, ailə üzvlərindən kimisə itirməsi hallarıdır. Eyni zamanda ailədaxilində olan konfliktlər də intihara aparan amillərdən biridir. Əhval-ruhiyyə pozuntuları, pis vərdişlər ( xüsusilə alkoqol) də intihara aparan səbəblərdəndir”. 

Psixoterapevt vurğulayır ki, intihar halının yaranmasında bioloji faktorlar da rol oynaya bilər:

“Bəzən ata və ya ananın intihara meyilli və depressiv olması uşaqlarda da depressiyanın və intihara meyilliyinin bariz nümunəsi olur. Burada genetik olaraq neyrokimyasal bağlantılar əsas rol oynayır”.

İlkin Kazımlı deyir ki, əsas narahatedici faktorlardan biri də böyüklərə nisbətən uşaq və yeniyetmələrdə də intihar hallarının getdikcə artmasıdır:

“10 yaşdan aşağı və 10-14 yaşlarında olan uşaqlarda intihar halı nadir hallarda qeydə alınır. Valideynlərinin hər ikisini və ya birini itirmiş uşaqlar ya da valideynləri və ətrafındakı insanlar  tərəfindən xoşagəlməyən ünsiyyətlə qarşılaşan uşaqlarda intihar riski yüksək ola bilir”.

“Bəs biz şagirdlərdə intihar siqnalını necə hiss edək?” sualına cavab olaraq psixoterapevt  söyləyib ki, bir şagirdin əhval-ruhiyyəsi və davranışlarındakı görünən sıradan dəyişiklik, potensial bir intiharın xəbərdaredicisi ola bilər:
 

“Xarakteristik əlamətlər içərisində şagirdin depressivləşib öz içinə qapanması, özünə dəyər verə bilməməsi və şəxsi gigiyenasına normal diqqət etməməsi yer alır. Bu ərəfələrdə əvvəlcə göstərmədiyi qəribə davranışları nümayiş etdirə və özünə zərər verə bilər.


Bəzi hallarda da ölüm və ya intihar düşüncəsi haqqında yazılar da yaza bilər. Bütün bunlarla paralel olaraq dərslərinə maraq itir. Ümumilikdə dərslərə getmir və günün böyük bir hissəsini evdə keçirməyi üstün tutur”.

“Bəs yeniyetmələrin intiharına necə dur deyək?” sualımıza isə mütəxəssisin fikri belə oldu:

“İntihara dur demək və qabaqlamaq son dərəcə çətin bir məsələdir. Depressiya vəziyyətində olan və intihar haqda fikirləşən çox insan düşüncələrinin sərhədli və irrasional olduğunun və dəstəyə ehtiyacı olduqlarının fərqində olmurlar.
 

Buna görə də həmin insanın yaxınları vəziyyəti dərhal hiss edib  müdaxilələr etməlidirlər. Emosional davranmaqla həmin insana kömək əlini uzadacağını qeyd etməlidirlər. Bunu edən zaman qarşı tərəfin vəziyyətini nəzərə alaraq çox həssas davranmalıdır.


Bir psixoloqa, psixiatra, psixoterapevtə getmələri barəsində müraciətlər etməlidirlər. Yox əgər bu yanaşmalar fayda verməzsə, həmin şəxsi həkimə aparıb bir “check up” müayinə etdirmələrini deməlidirlər. Onsuz da getdiyi həkim onun əhvalının aşağı olduğunu düşünəcək və psixoterapevtə yönləndirəcək. Həkim sözü ilə normal insanın dediyi söz arasında təsir gücü fərqlidir. Əgər cəmiyyətdə depressiv vəziyyət azalsa, yeniyetmələrdə intihar halları da azalacaq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO