Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda yeni yerüstü piyada keçidini vətəndaşların istifadəsinə verib.
Bizim.Media bu barədə agentliyə istinədən xəbər verir.
Məlumata görə, keçid Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28,5-ci km-də yerləşir. Onun ümumi uzunluğu 45 metr, eni 3.5 metr, pilləkənlərin eni 2,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi aparılıb, piyada keçidinin ətrafında abadlaşdırılma işləri görülüb.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidləri inşa ediləcək.
Bizim.Media