Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə qədim tariximizi sübut edən, oğuz türklərinin mədəni mühitinin daim mövcud olduğu Amasiya rayonu haqqında süjet hazırlanıb.
Bizim.Media xəbər verir ki, “Əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edən yurd” adlı süjetdə indiki Ermənistan ərazisinin Azərbaycan türklərinə məxsus olması, onların bu məkanda qədim dövrlərdən məskən salıb yaşamasının bütün mənbə və sənədlərdə təsdiqini tapması, bu tarixi torpaqların zaman-zaman mənfur ermənilər tərəfindən mənimsənilməsi qeyd olunur.
Bildirilir ki, Ağbaba və Şörəyel mahallarının tərkibi kimi Amasiya rayonunun ərazisi Şərqi Anadoluya aid olub.
Türkiyə və Gürcüstanla həmsərhəd olan bu ərazi 1921-ci il Moskva və Qars müqavilələrinə əsasən Amasiya rayonunun torpaqları kimi indiki Ermənistana verilib. Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi Türkiyəyə gedib. Bir çox kənddə isə əhalinin xeyli hissəsi SSRİ ilə Türkiyə arasında sərhəd qoyulan zaman Qarsa köçüb, yerdə qalanların bir qismi isə repressiyalara məruz qalıb”.
Vurğulanıb ki, 1930-cu il sentyabrın 9-da yaradılan Amasiya rayonu Qərbi Azərbaycanın Ağbaba mahalı ərazisində böyük rayon kimi tanınıb. Ərazisi 608 kvadrat kilometrdən ibarət rayonun mərkəzi Amasiya şəhər tipli qəsəbə sayılıb:
“Bütün əhalisi qarapapaq türklərindən ibarət olan Amasiya bölgəsində 1831-ci ildə 5800, 1897-ci ildə 12 288, 1926-cı ildə 9888, 1939-cu ildə 14 911, 1959-cu ildə 12 794, 1972-ci ildə 19 724 azərbaycanlı yaşayıb. Ermənilər Qafqaza köçürüldükdən sonra yavaş-yavaş Amasiya rayonunda da ayaq açmağa başlayıblar. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçündə ermənilər yaşayıb.
Sovet dönəmində isə rayonda mövcud olan 24 kənddən 22-si sırf azərbaycanlılardan ibarət olub. 1948-1953-cü illərdə Amasiyadan insanlar Azərbaycan ərazilərinə məcburi deportasiya edilib. Buna parelel olaraq Türkiyədən, Suriyadan, Livandan ermənilər Ermənistana köçürülüb, Gümrü, yəni Leninakan şəhərinə və Amasiya rayonuna yerləşdiriliblər. 1988-ci ilin sonunda rayon oğuz türklərindən tamamilə təmizlənib, azərbaycanlılar 23 kənd və yaşayış yerini tərk etməyə məcbur olub.
Nəhayət, 1995-ci ildə Amasiya rayonu ərazisinin birləşdirilməsi nəticəsində mərkəzi Gümrü şəhəri olan Şirak mərzi yaradılıb. Ermənistan rəhbərliyinin müxtəlif qərarları ilə Amasiya rayonu üzrə 25 kəndin adı dəyişdirilib”.
Sonda diqqətə çatdırılıb ki, Amasiya tarixində Azərbaycan türklərinin xüsusi yerinin olması inkaredilməzdir:
“Buna baxmayaraq, ermənilərin terror və köçürmələri nəticəsində bu ərazidə nə azərbaycanlı, nə də onlara məxsus məkan qalmayıb. Lakin əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə məhz onların kimliyi, boya-başa çatdıqları məkan qeyd olunub və yaddaşlarda elə o cür də yaşayır. Əminik ki, ümumi əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edən bu məkan da əsl yiyəsinə yenidən qovuşacaq, zəngin tarixi keçmişini bərpa edəcək”.
Bizim.Media