Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının təhsil və elm nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Peşə Təhsili üzrə Dövlət Agentliyində olub.
Bu barədə Bizim.Media-ya agentlikdən məlumat verilib. Agentliyin rəhbərliyi ilə keçirilən görüşdə peşə təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş zamanı, həmçinin Tatarıstanın və Azərbaycanın qabaqcıl peşə təhsili müəssisələri arasında əlaqələrin qurulmasının və müxtəlif istiqamətlərdə birgə təşəbbüslərin icrasının vacib olduğu vurğulanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov sənaye, maşınqayırma və kənd təsərrüfatı istiqamətində təcrübənin öyrənilməsi, tədris proqramlarının birgə hazırlanması, pedaqoji heyətin qarşılıqlı mübadiləsinin əhəmiyyətli komponentlər olduğunu söyləyib.
Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullin isə bildirib ki, avtomobil, maşınqayırma və kənd təsərrüfatı daxil olmaqla sənayenin müxtəlif istiqamətləri üzrə yaxın gələcəkdə birgə kadr hazırlığı aktualdır.
Daha sonra qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar. Mərkəzdə yaradılan şərait haqqında ətraflı məlumat verilib və nümayəndə heyətinin mərkəz ərazisinə infoturu təşkil olunub.
Qonaqlara məlumat verilib ki, peşə təhsili müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur.
Mərkəzdə Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. İnfotur çərçivəsində nümayəndə heyəti tədris otaqları və emalatxanalarla tanış olublar.
Bizim.Media