“Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan təklif etdi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beynəlxalq təşkilat elan edilsin. Məncə elə ən doğru qərar da məhz budur. İndiyə qədər Türkiyə hər zaman iqtisadi, siyasi və digər sahələrdə Azərbaycana çox yaxın olub. Digər türk dövlətlərinin də burada iştirak etməsi və bu Şuranın yaranması böyük əhəmiyyət kəsb edir”.
MÖVZU İLƏ BAĞLI:
Tənzilə Rüstəmxanlı: “Digər türkdilli dövlətlər susdular, onlar hələ də tərəddüd içindədirlər”
Bunu Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı Bizim.Media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Ərdoğanın Qarabağa bu cür sahib çıxması, dərdimizə şərik olması və özünün də elan etdiyi kimi Ramazan bayramını İlham Əliyevlə birgə Qarabağda qeyd etmək istəyi bu strateji əməkdaşlığın bütün vacibliyini ortaya qoyur.
“Cənab İlham Əliyev zirvə toplantısında da qeyd etdiyi kimi artıq Dağlıq Qarabağ bölgəsi yoxdur, bütöv, vahid Azərbaycan var.
Bunların hamısı gələcəkdə beynəlxalq təşkilat olacaq Türk xalqlarının birləşməsinə, sadəcə mənəvi birlik deyil, siyasi, iqtisadi əməkdaşlığa aparacaq ən böyük addımlardan olacaqdır. Əlbəttə bundan qazanan türk millətidir”.
O, bu əməkdaşlıq çərçivəsində Azəri-Türk Qadınlar Birliyinin gələcək planları haqqında da danışıb.
T. Rüstəmxanlı bildirib ki, dəfələrlə mənəvi birlik, ortaq tariximiz və türk şölənləri ilə bağlı konfranslarda iştirak ediblər.
“Biz 30 ildir buna hazırlıqlar aparırdıq. Bütün bu layihələr bu gün Türk Birliyinin yaranması üçün atılan mühüm addımlar idi.
Türkiyədə əməkdaşlıq etdiyimiz ciddi dərnəklər, qurumlar var, hamımızın arzusu, amalı hər zaman bir olub. İndiyə qədər bu sahədə hansı işləri görürdüksə, bundan sonra da missiyamızı sona qədər davam edəcəyik. Bu beynəlxalq konfranslar və digər yeni-yeni layihələr olacaq”.
Vüsalə Balayeva, Bizim.Media