32 illik GİZLİNLƏR – Qarakəndin qaranlıq sirləri nə vaxt AĞ GÜNƏ ÇIXACAQ?

32 illik GİZLİNLƏR – Qarakəndin qaranlıq sirləri nə vaxt AĞ GÜNƏ ÇIXACAQ?

Hazırda oxunan: 32 illik GİZLİNLƏR – Qarakəndin qaranlıq sirləri nə vaxt AĞ GÜNƏ ÇIXACAQ?

165249

Ermənilərin Azərbaycana qarşı törətdiyi vəhşiliklərdən birindən - Qarakənd faciəsindən 32 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycanın Mİ-8 hərbi helikopteri vurulub. Nəticədə 22 nəfər həlak olub. 

Həlak olanlar arasında Azərbaycanın Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.
 

MÖVZU İLƏ BAĞLI:

Qarakənd faciəsindən 32 il ötür


Qeyd edək ki, 44 günlük müharibə və 19 sentyabr antiterror tədbirindən sonra erməni canilərinin vaxtilə törətdikləri vəhşilik və soyqırımlar barədə yeni-yeni faktlar üzə çıxmağa başlayır.

Antiterror tədbirlərindən sonra faciənin baş verdiyi ərazinin də Azərbaycanın nəzarətinə keçdiyini nəzərə alsaq, Qarakənd faciəsinin detallı araşdırılması imkanları xeyli artıb.

Görəsən, Qarakənd faciəsinin 32 ildir açılmayan sirləri də gün üzünə çıxacaqmı? 

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni yaranmış şəraitdə baş verən faciə ilə bağlı da yeni-yeni faktların aşkara çıxması mümkündür:

“Bu məsələdə irəliləyiş ola bilər. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. Bir çox erməni caniləri həbs edilib. Şübhəsiz ki, onların ifadələrində Qarakənd faciəsinin açılmayan müəyyən sirlərinə də işıq sala bilər. Bu hadisə xunta “rəhbərləri” dövründə baş verib. Onlar arasında qanunsuz hərbi dəstələrə rəhbərlik edənlər də olub. Bu səbəbdən məsələ ilə bağlı əlavə məlumatlar da əldə etmək mümkündür. 

Düşünürəm ki, istintaqı aparan Azərbaycanın hüquq mühafizə orqanları bu istiqamətdə hansısa əlavə məlumatlar əldə edəcək və bu zaman məsələ daha konkretləşəcək. Onsuz da bununla bağlı əmr verən şəxslərin dairəsi o zaman məlum idi. Amma yeni şəraitdə vertolyotun vurulması əmrinin necə, hansı şəraitdə verildiyinə daha geniş şəkildə işıq salına bilər. 

Müvafiq dindirilmə nəticəsində düşünürəm ki, bununla bağlı yeni faktlar aşkar ediləcək. 

Onda hadisədə bilavasitə kimlərin iştirak etdiyi daha da konkretləşəcək. Ümumiyyətlə, Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən Azərbaycana qarşı bir çox terror hadisələri, soyqırımları həyata keçirilib. Xunta da birbaşa İrəvanın göstərişi əsasında fəaliyyət göstərib”. 

Həmin olayla bağlı yeni faktların üzə çıxması ilə dünyada Ermənistan dövlətinin terror mahiyyətini göstərmək də mümkün olacaq. 44 günlük müharibədə Azərbaycanın Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə qarşı törədilən terror aktları da Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişilə baş verib. 

Paşinyanın da bu məsələdə birbaşa iştirakı var. 

Keçən əsrin 88-ci ilindən başlayaraq, bu günə qədər Ermənistana rəhbərlik edən hər bir şəxs Azərbaycana yönəlik cinayətlərdə birbaşa iştirak ediblər. Qarakənd faciəsi də o zamankı Ermənistan hərbi-siyasi rəhbərliyi və Qarabağdakı terrorçu xuntanın birbaşa iştirakı ilə baş verib. Torpaqlarımızın azad edilməsi isə yeni situasiya yaradıb. Yeni situasiyada isə Qarakənd faciəsi, Xocalı və s. məsələlər ətrafında yeni faktlar meydana çıxacaq”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO