Azərbaycan Orta Asiyanı Avropa ilə BİRLƏŞDİRİR – İlham Şabanın ŞƏRHİ

Azərbaycan Orta Asiyanı Avropa ilə BİRLƏŞDİRİR – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Azərbaycan Orta Asiyanı Avropa ilə BİRLƏŞDİRİR – İlham Şabanın ŞƏRHİ

164934

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa çatan həftənin enerji mənzərəsi rəngarəngliyi ilə yadda qaldı: istər dünya bazarlarında neft qiymətlərinin kəskin dəyişməsi ilə, istərsə də Azərbaycanın həm Xəzərin o tayındakı tərəfdaşları ilə tam yeni bir layihəyə start verməsi və Qərbdə satış üçün özünə yeni bir bazara çıxış əldə etməsi ilə...

Qlobal bazarlar

Həftə ərzində dünya bazarlarında “qara qızıl”ın qiymətindəki kəskin dəyişmələr stabilliyin əldə olunmadığını göstərdi. Təsəvvür edin ki, noyabrın 14-də London əmtəə birjasında Brent markalı neftin ən baha partiyası 83,77 dollara satıldığı halda, cəmi iki gün sonra cümə axşamı neft partiyasına təklif edilən ən ucuz qiymət 76,60 dollar oldu. Amma səhəri gün – yəni noyabrın 17-də həftənin son hərracındakı sövdələşmə 80,50 dollar ilə yekunlaşdı.

Nə idi qiymətləri əvvəlcə üzü aşağı, sonra isə onu yuxarı qaldıran amillər? Treyderlər (neft tacirləri) ilk olaraq bazarda tələbatın azalmasından ehtiyat edirlər. Çünki açıqlanan rəsmi statistikadan məlum olub ki, ABŞ-da yanacaq istehlakının artımı yavaşlayır, əvəzində neft hasilatı, eyni zamanda onun ehtiyatları artmağa başlayıb. Həmçinin Çində də neft məhsullarına tələbatın zəifləməsi haqda “Reuters” agentliyi xəbər verib. Başqa bir tərəfdən isə Beynəlxalq Enerji Agentliyi də cari rübdə dünyada neftə olan tələb artımı proqnozunu azaldıb. Bütün bunlar isə “qara qızılın” qiymətinə təzyiq göstərən amil olub. Amma həftə sonu neft qiymətləri ona görə itirilmiş mövqelərini bir qədər yaxşılaşdıra bildi ki, qarşıda gələn qışın daha sərt olmasına dair proqnozlar verildi – bu hal isə Şimal yarımkürəsində isitmə mövsümündə enerjiyə olan tələbatın mümükün artımından xəbər verir.

Trans Xəzər layihəsi

Həftənin əvvəlində Bakıda tarixi bir tədbir baş tutdu. Söhbət Trans Xəzər layihəsinin gerçəkləşdirilməsi üzrə üç ölkənin bir araya gəlməsindən gedir. Amma bunun nə neftə, nə də qaz kəmərləri layihəsinə aidiyyatı yoxdur.

Belə ki, Azərbaycan, Özbəkistan və Qazaxıstan Xəzərin o tayında istehsal edilən elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılıq əldə etdiklərini bəyan etdilər.

Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi ilə bağlı üçtərəfli görüş zamanı müvafiq razılığın əldə edilməsini Azərbaycan iqtisadiyyat nazirliyi açıqladı.

Görüşdə vurğulanıb ki, Azərbaycan neft, neft məhsulları və təbii qazın ixracı ilə yanaşı, uğurlu elektrik enerjisi təchizatçısıdır. “Yaşıl enerji” sahəsi üzrə reallaşdırılan layihələr elektrik enerjisinin istehsalı və ixracı potensialının genişləndirilməsinə imkan yaradır, elektrik enerjisinin
Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır. Qeyd edilib ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir.

Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminin inteqrasiyasından sonra Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub. Görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb və növbəti görüşün Daşkənddə keçirilməsi razılaşdırılıb.

Azərbaycan – regionun elektrik enerjisi mərkəzi.

Təsəvvür edirsinizmi nə baş verdiyini? Təqribən 1 il öncə Azərbaycan qonşu Gürcüstandan keçməklə Qara dənizin dibi ilə Avropaya uzanmalı olacaq sualtı magistral kabellə Rumıniya və Macarıstana 1000 MVt gücündə elektrik enerjisinin ixracı layihəsinə qoşuldu. Burada məqsəd Avropaya alternativ enerji mənbələrindən istehsal edilmiş “yaşıl enerji”nin ixracının həyata keçirilməsi idi. Cari ilin əvvəlində yerli televiziyalara müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin əhəmiyyətinə toxunaraq bildirmişdi ki, rəsmi Bakı layihələndirilən yeni infrastrukturun gücünün 4000 MVt-a qədər artırılmasını təklif edib.

İndi isə Azərbaycan Xəzərin o tayındakı enerji ilə zəngin, Türk Dövlətləri Təşkilatının iki ölkəsi ilə razılıq əldə edir ki, Xəzərin hər iki tayını sualtı magistral kabellə birləşdirsinlər. Özü də istər Qazaxıstan, istərsə də Özbəkistanın yaxın perspektivdə günəş elektrik stansiyalarının gücünü dəfələrlə artırmaq imkanı yaranacaq. Elə Azərbaycanın da bu sahədə böyük planları var.

Belə ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu həftə ikinci “Qlobal Cənubun Səsi” Sammiti çərçivəsində “Dayanıqlı inkişaf üçün əlverişli və inklüziv enerji keçidi” mövzusunda enerji nazirlərinin sessiyasında onlayn formatda çıxışı zamanı ölkənin “yaşıl enerji” hədəflərini açıqlayıb.

Nazirin sözlərinə görə, 2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin Azərbaycanın enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33 %-ə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 %-dən 25 %-ə çatacağı gözlənilir.
"Bu, 2030-cu ilə 30 %-lik hədəfimizin artıqlaması ilə yerinə yetirilməsi deməkdir", - deyə nazir bildirib.

Xəzərin o tayındakı elektrik enerjisinin Azərbaycan üzərindən və Azərbaycanın birbaşa iştirakçısı olduğu layihə ilə Avropaya çatdırılması reallığa çevrildiyi zaman bizim ölkənin regional əhəmiyyəti kifayət qədər artar və həmçinin Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində əhəmiyyəti kifayət qədər yüksəlmiş olar.

Qeyd edim ki, bu həftə rəsmi Tehrandan gələn bir xəbər də Azərbaycanın enerji habına çevrilməsi yönümündə atılacaq addımlardan xəbər verir. Məlumata görə, İran energetikləri yaxın altı ayda Rusiya Federasiyasında istehsal edilən elektrik enerjisinin Azərbaycanın infrastrukturu vasitəsi ilə İranın şimal bölgələrinin təhcizatına yönəltməyi təxmin edirlər.

Yeni qaz sazişi

Noyabrın 15-də SOCAR və “Srbijagas” şirkəti arasında Serbiyaya Azərbaycan qazının tədarükü haqqında müqavilə bağlanıb.

Energetika nazirliyinin yaydığı məlumata görə, müqavilə energetika naziri Pərviz Şahbazovla Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç arasında Bakıda keçirilən görüşün yekunları üzrə imzalanıb.

“Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq”, - deyə P.Şahbazov bildirib.

Öz növbəsində, Djedoviç Handanoviç əlavə edib ki, imzalanmış müqavilədə növbəti il ərzində 400 milyon kubmetrə qədər qazın nəql olunması nəzərdə tutulub və qarşıdakı illərdə bu həcmin artacağı mümkündür.
Qeyd edək ki, Azərbaycan qazının yaxın müddətdə istismara verilməsi gözlənilən Bolqarıstan-Serbiya birləşdirici kəməri vasitəsilə Serbiyaya çatdırılması nəticəsində Balkan ölkələrinin təchizat mənbələrimizin şaxələndirilməsi reallaşcaq. Bu isə əvvəllər mövcud olmuş enerji təhcizatı sisteminin yenidən qurulduğu dövrdə çox əhəmiyyətli bir hadisədir.

Xatırladım ki, Azərbaycan öz qazını hazırda Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya və Macarıstana ixrac edir. Və bu həcmlər ildən ilə artmaqdadır.

Qaz ixracı

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 22 milyard 916 milyon 30,25 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 24,7% çoxdur.

Azərbaycan qazının ixrac dəyəri $12 milyard 271 milyon 972,13 min təşkil edib. Bu məlumatdan çıxış edərək hesablamaq olar ki, Azərbaycan öz qazının hər 1000 kubmetrini xarici bazarlarda cari ilin 10 ayının yekunlarına əsasən, ortalama olaraq 535,52 dollardan satıb.
Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən, ilin əvvəlindən Azərbaycanın ümumi ixracının 41,82%-i məhz mavi yanacaq ixracının payına düşüb.

Azərbaycanın qaz ixracının artımına təsir göstərən əsas amil isə onun hasilat həcminin yüksəlməsidir.

Hasilat

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 39 milyard 745,8 milyon kubmetr qaz hasil edilib. Hasil edilmiş qazın 29 milyard 711,1 milyon kubmetri əmtəəlik qazın payına düşüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artım deməkdir.

Öz növbəsində Azərbaycan Energetika Nazirliyinin açıqlamasından məlum olur ki, cari ilin 10 ayının yekunlarına əsasən, ölkədə hasil edilmiş ümumi qaz həcmlərinin 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokundan, 21,8 milyard kubmetri “Şahdəniz” yatağından, 0,5 milyard kubmetri “Abşeron” yatağından, 7,1 milyard kubmetri isə SOCAR-ın balansında olan yataqlardan hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasilatına nail olunub.

Hesabat dövründə Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 noyabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 214,1 milyard kubmetr, “Şahdəniz”dən isə 204,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 144,8 milyard kubmetri ixraca nəql edilib.

Nəticə

Yəni bu deyilənləri yekunlaşdıraraq demək olar ki, Azərbaycanın vaxtında öz gəlirlərinin bir hissəsini nəqliyyat infrastrukturuna yönəltməsi, yeni neft və qaz kəmərlərinin çəkilişini həyata keçirməsi, üç onillik dövründə imzaladığı neft-qaz sazişlərinə heç bir dəyişiklik etmədən əməl etməsi və istehlakçıların təchizatının stabilliyinə yönəlmiş addımlar atması bu gün ölkəmiz qarşısında yeni dövrün çağırışları ilə həmahəng olan tam yeni bir layihənin gündəmə gəlməsinə gətirib çıxardır. Bu da cari onillikdə Azərbaycanın “yaşıl enerji”nin həm ixracatçısı, həm də tranzit ölkəsinə çevrilməsi deməkdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO