Qədim Urartu dövlətini erməniləşdirmək cəhdlərinin İFLASI – TARİXİ FOTOFAKTLAR 

Qədim Urartu dövlətini erməniləşdirmək cəhdlərinin İFLASI – TARİXİ FOTOFAKTLAR 

Hazırda oxunan: Qədim Urartu dövlətini erməniləşdirmək cəhdlərinin İFLASI – TARİXİ FOTOFAKTLAR 

164819

Ermənilər dayanmaq bilmir. Onlar təkcə Azərbaycana qarşı deyil, bütün bölgə ölkələrinə qarşı torpaq iddialarına davam edirlər. Üstəlik, bu çirkin kampaniyada “tarixi sənədlərə” də istinad edirlər.

Belə ki, ötən həftə Moskva Dövlət İncəsənət Muzeyində “Urartu Krallığı-Qədim Ermənistanın irsi” adlı sərgi açılıb. 2024-cü ilin yanvar ayının 28-dək davam edəcək sərgidə ermənilər ziyarətçilərə guya "qədim erməni dövləti” barədə məlumat verəcəklər. 

Bəs, tarixdə olan Urartu dövlətinin ermənilərə yaxından-uzaqdan hansısa bağlılığı varmı?

Suala AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Qafqaz regionu bir çox xalqların qədim vətənidir:

“Amma ermənilərin XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülməsindən sonra Qafqaz xalqlarının dinc həyatı pozulub, etnik və ərazi münaqişələrinin əsası qoyulub. Yəni onların iddia etdiyi kimi ermənilər Qafqazda aborigen xalq deyil. 

Nəzərə alaq ki, keçmiş SSRİ-də hakim dairələr tərəfindən Qafqaz regionunun qədim tarixini araşdıran tədqiqatçıların qarşısında Azərbaycan xalqının gəlmə olduğunu “əsaslandırmaq” üçün bir sıra tələblər qoyulduğundan elmi dəyəri son dərəcə əhəmiyyətli olan bir sıra mühüm konseptual məsələlər qəsdən təhrif edilirək saxtalaşdırılır və ya ört-basdır edilirdi. Bu saxtakarlığı hələ 500-600 il bundan əvvəl hazırlanmış xəritələr də təkzib edir.   

XVI əsrin birinci yarısında alman kartoqrafı Konrad Peytingerin hazırladığı “Peytinger cədvəli” adlı xəritədə qədim ölkələrin və şəhərlərin adları qeyd edilib. “Peytinger cədvəli” qədim dünya ölkələri haqqında məlumatların əks olunduğu və müasir dövrədək gəlib çatmış yeganə xəritədir.


Bu xəritədə Azərbaycanın qədim dövlətləri olan Albaniya və Atropatenanın şəhərləri haqqında məlumatlara rast gəldiyimiz halda, ermənilərə məxsus hansısa bir şəhər adından bəhs edilmir. 

Eramızın II əsrində qədim yunan coğrafiyaçısı Klavdi Ptolemey “Kosmoqrafiya” adlı əsərində Qafqaz Albaniyasında 29 şəhərin mövcud olması haqqında məlumat verilib”.


Qərbi Azərbaycanın qədim tarixini saxtalaşdırmaq cəhdləri 

Ramin Əlizadə bildirib ki, Qərbi Azərbaycan ərazisində hay və ya erməni adlanan toplumun qədim tarixini əks etdirən heç bir maddi-mədəniyyət nümunəsi aşkar edilməyib:

“Əksinə burada qədim yaşayış məskənlərindən və qəbir abidələrindən aşkar edilmiş tapıntılar Azərbaycanın digər yerlərindən tapılmış artefkatlarla eyniyyət təşkil edir. İstər Qədim Daş dövrü olsun, istərsə də Mezolit, Neolit və Eneolit dövrləri... Bütün bu dövrlər ərzində Cənubi Qafqaza bir çox əhali miqrasiyaları baş versə də, burada hansısa erməni amilindən bəhs etmək olmaz. 

E.ə. IV minilliyin ikinci yarısından, yəni Erkən Tunc dövründən başlayaraq Şərqi Anadoludan Xəzər dənizi sahillərinə qədər elat tayfalarının vahid mədəniyyəti formalaşıb. Bu mədəniyyət arxeologiya elmində Kür-Araz mədəniyyəti kimi tanınır. Kür-Araz mədəniyyəti sakinlərinin başlıca məşğuliyyət sahələri əkinçiliklə yanaşı yaylaq-qışlaq maldarlığı olub. İrəvan, Göyçə, Ağbaba-Şörəyel, Dərələyəz, Vedi yaylaqları Azərbaycanın əzəli sakinlərinin yurd yeri olub”.

Fransızlar 200 il əvvəl Qafqazda nə axtarırdı?

Böyük elmi işçi onu da qeyd edib ki, Fransanın geoloji kəşfiyyat mütəxəsisləri XIX əsrin əvvəllərindən etibarən İrəvan, Göyçə və Ağbaba-Şörəyel ərazilərində filiz yataqları axtarmaq məqsədilə ekspedisiyalar təşkil etməyə başladılar:

“Onlar öz əsərlərində Qərbi Azərbaycanın qədim abidələri haqqında ilk məlumatlar verməklə yanaşı, daşınması mümkün olan bir sıra mühüm tarixi əhəmiyyətli nadir maddi-mədəniyyət nümunələrini qarət edərək Fransaya daşıyıb apardılar. Bu işdə gənc fransız geoloqu Jak de Morqanın fəaliyyətini xüsusilə qeyd etmək olar. 
Həmin dövrdə Çar Rusiyası erməniləri Qərbi Azərbaycan ərazisində məskunlaşdırdığı üçün bölgəyə səfər edən əcnəbilər xristian təəssübkeşliyi nümayiş etdirib daha çox ermənilərlə maraqlanırdılar. Digər tərəfdən o zaman regionda əsas söz sahibi olan Qacarlar və Osmanlı kimi türk-müsəlman dövlətlərinin zəiflədilməsi, həmçinin əhalisinin əksəriyyəti Azərbaycan türkləri olan Qafqaz regionunun daxilində etnik münaqişə yaratmaqla türk-müsəlman əhalisini parçalamaq üçün “erməni məsələsi” xristian dövlətləri üçün çox önəmli amil idi. 

Buna görə də, XIX əsrin ikinci rübündə Şərqi Anadoluda Van gölü sahilində qayalar üzərində aşkar edilmiş Urartu mixi yazılı kitabələrini erməni xalqının mirası kimi təqdim edilməsi kimi saxta tendensiyanın əsası qoyuldu. Qeyd edək ki, Urartu mixi yazılı kitabələrinin kəşfindən sonra 50 il ərzində bu qədim dilin nəinki qramatik xüsusiyyətləri çözülməyib, hətta müasir dil ailələrindən hansına daxil olması belə müəyyən edilməyib.

Bütövlükdə Urartu irsini, mixi yazılı kitabələrinin erməni xalqının mirası kimi təqdim olunduğu tendensiyaya “həvəsi artıran” eramızın V əsrində yaşadığı güman edilən Moisey Horenlinin öz əsərində yazdığı Şammuramat və Ara haqqında əfsanə idi. Bu əfsanəyə görə Urartu ölkəsinin Ara adlı hökmdarı Assuriyanın qadın hökmdarı Şammuramatın (yunanca “Semiramis”, ermənicə təhrif olunmuş forması “Şamiram”) sevgilisi olub. Şammuramat onun ölüm xəbərini eşitdikdən sonra ölkəsini cənnətə çevirmək üçün su kanalları çəkdirmiş, bölgəni bərəkətli, məhsuldar əraziyə çevirib. 

Halbuki Aşşur mixi yazılı mənbələrindən də məlum olduğu kimi əslən Babildən olan Şammuramat Assuriya hökmdarı V Şamşi-Adadın arvadı, III Adad-nirarinin anası olmuşdur.
Tarixi gerçəklik bundan ibarətdir ki, nə Urartu dövlətinin Ara adlı hökmdarı olub, nə də Şammuramatın Ara adlı sevgilisi olub. Urartu mixi yazılı mənbələrindən də məlum olduğu kimi bu dövlətin daxili bölgələrində və işğal edilmiş qonşu ərazilərdə su kanalları çəkdirən isə Assuriya hökmdarı Şammuramat yox, Urartu hökmdarı Minua olub. 

Ümumiyyətlə, Urartu dövləti üç əsr mövcud olduğu dövrdə heç bir yazılı mənbədə nə hay, nə də erməni adlı toplumdan bəhs edilmir. Yalnız XVIII əsrdə erməni keşişləri tərəfindən saxta ermənidilli qaynaqlar tərtib edildiyi zaman onlar tərəfindən bu cür əfsanələr uydurulub və mənbələrə daxil edilib. Moisey Horenlinin əsərinin orijinal nüsxəsinin indiyədək aşkar edilməməsi bu deyilənləri bir daha təsdiq edir.  

Urartu mixi yazılı kitabələri erməni yalanlarına qarşı 

Müsahibimiz onu da deyib ki, Qərbi Azərbaycanın ən qədim yer-yurd adları haqqında məlumatlar ilk dəfə e.ə. IX-VII əsrlərə aid Urartu mixi yazılı kitabələrində əks olunub:

“Urartu irsinin erməni xalqının mirası kimi təqdim olunduğu tendensiyada mühüm tezislərdən biri də erməni tədqiqatçıları tərəfindən İrəvan şəhərinin Erebuni adı ilə “qədim erməni şəhəri” olduğunu iddia etmələridir. Əslində isə Urartu hökmdarı I Argiştinin dövrünə aid mixi yazılı kitabədən məlum olur ki, onun, e.ə. 782-ci ildə burada ilahə İrbuninin şərəfinə inşa etdirdiyi məbəd və qalanın ermənilərə heç bir aidiyyatı yoxdur. 

İrbuni urartuluların mənsub olduğu qədim hurri xalqının panteonunda mühüm yer tutan ilahə olub. Urartu hökmdarı İşpuini tərəfindən Haldi inancını möhkəmləndirən dini islahatdan sonra baş Haldi baş tanrı statusu qazanıb. İrbuni isə urartulular tərəfindən Arubani adlandırılıb və Haldinin qadını sayılıb. 

Qeyd edək ki, ilahə İrbuni-Arubani adı Assuriya hökmdarı II Sarqonun e.ə. 714-cü ildə Urartu hökmdarı I Rusa ilə savaşından bəhs edən mixi yazılı kitabəsində Baqbartu kimi çəkilib.
Ermənilərin İrəvan şəhərini qədim erməni şəhəri kimi təqdim etməyə can atmaları heç bir mənbədə təsdiq edilmir. Erməni tədqiqatçıları son yüz ildə Qərbi Azərbaycan ərazisini “əzəli erməni torpağı” etmək üçün müxtəlif üsullara əl atıblar. Onların məşhur İrəvan şəhərinin qədim adının Erebuni olmasını iddia etmələrini bir sıra tutarlı dəlillər ifşa edir. 

Qeyd edək ki, e.ə. VIII əsrin əvvəllərində urartulular tərəfindən inşa edilmiş bu qədim Urartu qalası azərbaycanlılar tərəfindən Qanlı qala adlandırılan ərazidə yerləşir. İki yüz il əvvəl bu torpaqlara köçürülən ermənilər hətta bu qalanın adını da sadəcə öz dillərinə tərcümə edərək “Arin-berd” adlandırıblar. Bu fakt, Qərbi Azərbaycan ərazisindəki yer-yurd adlarına qarşı erməni saxtakarlığının bariz nümunəsidir. 

E.ə. IX əsrin ortalarında Şərqi Anadoluda Van gölü hövzəsində yaranmış Urartu dövləti bir əsrdən artıq müddət ərzində Cənubi Qafqaza, eləcə də Azərbaycan ərazisinə hücumlar edib. 

Urartu dövlətinin başlıca rəqibi Yaxın Şərqin ən güclü dövlətlərindən biri olan Assuriya imperiyası idi. Assuriya hərbi-siyasi qüdrətinə görə dövrünün ən güclü dövləti olduğundan Urartu hökmdarları onunla müharibəyə girməkdən çəkinirdilər. 
Aşşurlar Urartunun bir neçə mərkəzi qalalarını yerlə-yeksan etmişdilər. Buna görə də, Urartu hökmdarları Mesopotamiya istiqamətində hücumlara ara verib, əsasən Cənubi Qafqaza talançı basqınlar etməyə başladılar. Urartuluların Cənubi Qafqaza ilk hücumları e.ə. IX əsin sonlarından baş verdi. Urartu hökmdarı İşpuini ilk dəfə şimal və şərq istiqamətində hərbi yürüşləri nəticəsində öz dövlətinin sərhədlərini genişləndirdi, onun oğlu Minua isə Cənubi Qafqazın erkən tayfa ittifaqları və dövlət qurumlarına qarşı dağıdıcı hücumlar təşkil etdi. 

Urartuluların başlıca hədəfi yerli tayfaların yaylaqlarda olan heyvan sürülərini talan etmək idi. Onların hücumları yazın sonundan başlayaraq payıza qədər davam edirdi. E.ə. VIII əsrin 80-ci illərində Urartu hökmdarı I Argişti müasir İrəvan və onun ətrafındakı ərazilərə hücum edərək burada bir neçə möhkəmləndirilmiş qalalar inşa edib. 

Urartu hökmdarı I Argiştinin dövrünə aid mixi yazılı kitabədən məlum olur ki, o, e.ə. 782-ci ildə müasir İrəvan şəhərindən kənarda ilahə İrbuninin şərəfinə məbəd inşa etdirib. Urartuluların bu məbədin ətrafında inşa etdiyi qala da İrbuni qalası adlanırdı. Urartu kitabələrində Zəngi çayının Araza töküldüyü yerdən Göyçə gölünün cənub-qərb sahillərinə qədər ərazi Aza ölkəsi adlanırdı.

Aza toponimi Ordubad rayonunun Aşağı və Yuxarı Aza kəndlərinin adında indiyədək gəlib çatıb. Bu kəndlərin yerli əhalisi isə azərbaycanlılardır.   

Urartuluların mənşə baxımından müasir ermənilərə və ya haylara heç bir aidiyyatı yoxdur. Bunu arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və yazılı mənbələr də bir daha sübut edir. 

Urartu kitabələrinin heç bir yerində hay adlı toplumdan bəhs edilmir. 


Erməni dili Hind-Avropa dil ailəsinə aiddir. Urartu dili isə Ön Asiyanın qədim dillərindən olan Hurri dilinin bir qolu olub, Hind-Avropa dil ailəsinə daxil deyil. Fritz Hommel, Albrext Qotze, İqor Mixayloviç Dyakonov kimi tanınmış tədqiqatçılar Urartu dilini Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna daxil olduğunu qeyd ediblər. 

Qriqori Kapansyan və onun yetirməsi olan Gevork Caukyan heç bir ciddi elmi dəlilə əsaslanmadan Urartu dilini Hind-Avropa dil ailəsinə aid edirdilər. Onlar bu cür uydurma fərziyyələri ilə Urartu və erməni dillərinin genetik bağlılığını sübut etməyə cəhd göstəriblər. 
Qeyd edək ki, e.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot “Tarix” əsərində ermənilərin friqlərlə birlikdə Trakyadan Kiçik Asiyaya köçdüklərini yazıb. 1872-1877-ci illərdə isə tanınmış alman dilçisi Andreas Devid Mordmann Urartu dilinin erməni dili ilə qohumluq əlaqəsinin olmadığını sübut edib.


Ermənilər nə deyir?

Ramin Əlizadə sonda qeyd edib ki, müasir İrəvan şəhəri yaxınlığında yerləşən İrbuni qalasının Urartu qalası olduğunu və abidənin erməni toplumuna aidiyyatının olmadığını tutarlı dəlillər təsdiq edir:

“Ermənilər sonradan bu qalanın üzərində müxtəlif saxta kitabələr düzəldiblər. Erməni tədqiqatçısı Nikolay Arutyunyan İrbuni adını təhrif edərək Erebuni, hətta Erevuni kimi oxuyub.

Əslində onun Erebuni kimi oxuduğu saxta kitabənin də sonradan buradakı Urartu qalasının divarına bərkidildiyini açıq-aydın görmək mümkündür. Bu qədim Urartu qalasında belə bir kitabə mövcud olmayıb. Bu da o deməkdir Urartunun müasir ermənilərə heç bir aidiyyatı yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO