Xaçmazdakı “Türk Şəhidliyi” nə vaxt təmir olunacaq? – ARAŞDIRMA/FOTO

Xaçmazdakı “Türk Şəhidliyi” nə vaxt təmir olunacaq? – ARAŞDIRMA/FOTO

Hazırda oxunan: Xaçmazdakı “Türk Şəhidliyi” nə vaxt təmir olunacaq? – ARAŞDIRMA/FOTO

164495

Xaçmazın Pirquluoba kəndindəki "Türk Şəhidliyi" məzarlığı yerli sakinlərin ən çox diqqət yetirdiyi məkanlardan biridir. Bir əsrdən çoxdur ki, Pirquluoba və Qoçaqlı kəndlərinin sakinləri bu məzarlığı qoruyur, onu özləri üçün müqəddəs məkan hesab edirlər. Hətta SSRİ dönəmindəki ağır rejim şəraitində belə əhalinin bu məzarlığa olan inamı qırılmayıb. Buna görə də, beş hektara yaxın sahəni əhatə edən ərazidə nə SSRİ dövründə, nə də sonrakı illərdə əkin işləri aparılmayıb.

Bu barədə Xaçmazın Qoçaqlı kənd sakini İmaməddin Tahirov Bizim.Media-nın yerli bürosuna məlumat verib. 


Onun sözlərinə görə, mərhum atası Tahir Tahirov sovet dövründə rayondakı Mirzə Davud Hüseynov sovxozunun direktoru olarkən məzarlığın qorunması üçün mübarizə aparıb, bu sahənin əkilib-becərilməsinə qəti qadağa qoyub. Həmin vaxtdan indiyə kimi yerli sakinlər “Türk şəhidliyini” qorumağa davam ediblər.

Lakin...

İmaməddin Tahirov “Türk Şəhidliyi” ilə bağlı problemi 5 il əvvəl ictimailəşdirsə də, ötən müddət ərzində məzarlıqda qazıntı işlərinin, elmi araşdırmaların aparılmadığını qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev bu məzarlığın geniş tədqiq olunmasına çox ciddi ehtiyac olduğunu vurğulayıb. 


Arxeoloq alim bildirib ki, bu məzarlıqda 2018-ci ildə apardığı qısamüddətli arxeoloji araşdırma nəticəsində burada 2 qəbir açılıb və tibbi ekspertiza aşkarlanan insan sümüklərinin bir əsrdən artıq yaşı olduğunu müəyyən edib. 

Qəhrəman Ağayev yerli əhalinin narahatlığına baxmayaraq rəsmi qurumların məsələyə çox laqeydliklə yanaşdığını qeyd edib:

"Beş ildir bu məzarlıq ictimaiyyətə təqdim olunub. Yerli əhali dəfələrlə müraciət edib, lakin səslərini eşidən yoxdur. Pirquluoba məzarlığı geniş tədqiq olunarsa, burada Azərbaycan-Türkiyə dostluğuna bariz nümunə kimi xatirə kompleksi inşa edilə bilər. Araşdırma aparılmalıdır ki, burada dəfn edilmiş insanlar kimlər olub? Biz açdığımız iki qəbir nümunəsinə görə deyə bilərik ki, dəfn edilmiş şəxslər müsəlman olublar", - deyə Qəhrəman Ağayev vurğulayıb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumun mövqeyini dərc etməyə hazırıq.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO