Lənkəran-Astara zonasında erkən nikahlara qarşı MÜBARİZƏ APARILMIR? – RƏSMİ AÇIQLAMA

Lənkəran-Astara zonasında erkən nikahlara qarşı MÜBARİZƏ APARILMIR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Lənkəran-Astara zonasında erkən nikahlara qarşı MÜBARİZƏ APARILMIR? – RƏSMİ AÇIQLAMA

164352

Erkən nikah yaşı 18-dən az olan şəxslərin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərtib etdiyi siyahıda ötən il qızların erkən yaşda evliliklərinin bir çoxunun Lənkəran-Astara zonasının payına düşdüyü bəlli olub.

Bizim.Media olaraq, həm Lənkəran, həm də Astara rayon icra hakimiyyətləri ilə əlaqə saxlayıb problemin hardan qaynaqlandığı və evlilik proseslərinə necə nəzarət olunduğu barədə sorğu ünvanladıq. 
 

MÖVZU İLƏ BAĞLI:

Erkən nikahın yeniyetmələrin sağlamlığına vurduğu ZƏRƏRLƏR  


“Erkən nikahla bağlı müraciətlərin sayı azalıb”

Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, burda qızlar arasında təhsildənyayınma və erkən nikaha cəlbolunma hallarına qarşı mübarizə aparmaq məqsədilə geniş tədbirlər planı həyata keçirilir: 

“Bu istiqamətdə Qeyri-Hökümət Təşkilatları ilə bir neçə sosial layihələr reallaşdırılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ümumtəhsil müəssisələrində yeniyetmələr və gənclər arasında profilaktiki maarifləndirmə işləri aparılıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin birbaşa nəzarəti ilə həyata keçirilmiş bu tədbirlərin nəticəsində son illərdə erkən nikaha cəlb edilmə hallarının sayı minimum həddə endirilib. Belə ki, son illərdə erkən yaşda nikaha daxil olmaq üçün edilən müraciətlərin sayında da kəskin azalma müşayiət olunub.  

2022-ci ildə erkən nikahla bağlı daxil olan 22 müraciətdən 2 nəfərə üzürlü səbəblər müəyyən edildiyi üçün müvafiq sərəncam verilib, 20 müraciət qeyri-qanuni olduğu üçün erkən nikahın qarşısı alınıb.

2023-cü ildə bu istiqamətdə daxil olmuş 14 müraciət Lənkəran Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsi tərəfindən araşdırılıb və əsaslandırılmış səbəb olmadığından hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə 12 nəfər yetkinlik yaşına çatmayanların erkən nikah cəhdinin qarşısı alınıb. 

Yalnız 2 nəfər yetkinlik yaşına çatmayan şəxsə əsaslı üzürlü səbəblər müəyyən edildiyi üçün nikah yaşının 1 il azaldılması ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Sərəncam verilib. Bildiririk ki, erkən nikahın qarşısının alınması gündəlik fəaliyyət istiqaməti kimi Lənkəran İcra Hakimiyyətinin ciddi nəzarətindədir”. 

“Bəzən məlumatımız olmur”

Astaranın icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova isə bildirib ki, rayonda bu istiqamətdə nəzarət çox güclüdür: 

“Mütəmadi olaraq bütün müəssisələrdə, məktəblərdə, kolleclərdə qızların erkən yaşda evliliyinin fəsadları barədə maarifləndirmə işləri aparırıq. Hətta maarifləndirmə işi üçün xəstəxanadan ginekoloq götürürük və hüquq-mühafizə orqanının əməkdaşı ilə birlikdə müəssisələrə gedirik.

Çox vaxt dağ kəndlərində bizim xəbərimiz olmadan imam nikahı ilə ailə qururlar. Belə hallardan təəssüf ki, bizim məlumatımız olmur və ya informasiya bizə çox gec gəlib çatır. 

Lakin kəndlərdəki icra nümayəndələri erkən yaşda nişanlanan qızlardan xəbər tutan kimi bizi məlumatlandırırlar. Belə olan halda, biz də vəziyyətə anında qarşı çıxırıq və problemi həll edirik. Astara İcra Hakimiyyəti erkən nikahla ciddi mübarizə aparır”. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO