Xəbər verdiyimiz kimi, aşıq Namiq Fərhadoğlu döyülüb. Məlumata görə, aşıq Namiq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Baş verən hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı aşıq Namiqlə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Aşıq Namiq parkda DÖYÜLDÜ
Sənətçi başına gələn olayı belə nəql edib:
“Bu hadisə şənbə günü səhər saatlarında baş verib. Mən Dədə Qorqud parkı yaxınlığında qalıram. Sülh namazından sonra çıxıb parkda idman edirəm. Parkda gəzərkən telefonla danışırdım, məndən öndə yaşı 65-70 olan qadınlar gedirdi. Birdən mənə bir oğlan yaxınlaşdı ki, sən mənim anama söz atıb, söymüsən.
Mən də cavab olaraq söylədim ki, mənim anam yaşında qadındır. Onunla nə işim ola bilər? Bundan sonra həmin oğlan mənə əl-qol atmağa və dalaşmağa başladı. Məni küçə söyüşləri ilə təhqir etdi. Təbii ki, mən də sakit qalmadım, mən də onu vurdum. Bundan sonra ətrafda olan insanlar bizi ayırmağa başladılar. Orada olan 40 yaşlarında bir xanım vardı. O mənə söylədi ki, biz sizin necə bir sənətçi olduğunuzu bilirik. Sizə hücum edən şəxs narkomandır. Necə gündür qonşumuzun itinə də hücum çəkir.
Biraz ara sakitləşəndən sonra həmin şəxsin Dostluq Kinoteatrı tərəfə getdiyini gördüm. Onun arxasıyca getdim ki, görüm, bu insan kimdir və niyə mənə durduğum yerdə hücum etdi.
Mənə hücum edən şəxs yenə başladı mənə əl-qol atıb, təhqir etməyə və bu anda onun anası dediyi qadın başladı məni telefona çəkib, söyüş söyməyə. Həmin şəxs mənim boğazımı sıxmağa başladı və boğazımdakı boyunbağını dartıb apardı. Sonra mən gördüm ki, hücum edəndə həmin şəxs telefonumun şüşəsini də qırıb. Özümə gəlmək və hadisə ilə bağlı polisə məlumat vermək üçün evə qayıtdım.
Evə çatdığımda 21-ci polis bölməsindən mənə zəng vurub söylədilər ki, bəs, siz bir xanımı və onun oğlunu park ərazisində söyüb təhqir etmisiniz və sizdən şikayət var. Hadisənin necə baş verdiyini onlara izah etdim və məni sözügedən polis bölməsinə çağırdılar.
Hazırda məsələ ilə bağlı araşdırma gedir. Ümid edirəm ki, tez bir zamanda bu məsələ araşdırılaraq öz həllini tapacaq və mənə dəymiş həm mənəvi, həm də maddi zərər ödəniləcək”.
Qeyd edək ki, aşıq Namiq Fərhadoğlunun döyülmə xəbərini oxu.az saytı yayıb.
Rəşad Əliyev, Bizim.Media