Azərbaycanda pensiya yaşı ARTIRILACAQ? – RƏSMİ AÇIQLAMA 

Azərbaycanda pensiya yaşı ARTIRILACAQ? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda pensiya yaşı ARTIRILACAQ? – RƏSMİ AÇIQLAMA 

163344

Bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında, pensiya yaşının daha da artırılmasını istisna etməyib və bu tendensiyanın bütün dünyada müşahidə olunduğunu bildirib.

Ümumiyyətlə, insan ömrünün uzandığını söyləyən deputat Azərbaycanda orta ömrün kifayət qədər dinamik şəkildə artdığını qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Dörd il ərzində Azərbaycanda orta pensiya 2,5 dəfə artıb


“2040, bəlkə də 2045-ci ildə bizim orta ömür 80 yaşa gəlib çatacaq. Buna görə də pensiya yaşı məsələsi bir günlük, bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. Biz 30 ilə uyğun olaraq əmək bazarını, sığorta sistemini, Dövlət Sosial Müdafiə Fondunun imkanlarını, insanların yaşını nəzərə almalı və buna uyğun da bir qiymət götürməliyik”.  

Bəs Azərbaycanda pensiya yaşı yenidən artırıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov, hazırda ölkəmizdə pensiya yaşının kişilər üçün 65 yaş, qadınlar üçün 63,6 yaş olduğunu bildirib.

Şöbə müdiri bu həddin yalnız yaşa görə pensiyaya aid olduğunu söyləyib: 

“Ölkəmizdə əlilliyə görə, ailə başçısını itirməyə görə, həmçinin xüsusi şərtlərlə daha erkən pensiyaya çıxma olduğuna görə, çəkili orta yaş həddi hesablanıb. Pensiya təyinatı zamanı pensiya yaş həddi normativ yaşdan daha aşağıdır. İl ərzində pensiya təyinatı zamanı çəkili orta yaş həddi 62,4 yaş təşkil edib”.

Müsahibimiz, dünyanın bir çox ölkələrində də pensiya yaş həddinin 65 və daha yüksək olduğunu bildirib:

“Əksər ölkələrdə də pensiya yaşı mərhələli şəkildə artırılmaqdadır. Təhlillər göstərir ki, pensiyaya çıxdıqdan sonra uzun müddət pensiya alanların sayı kifayət qədər çoxdur. Qanunvericilikdə pensiya məbləği hesablanarkən orta ömür üzunluğu əsas götürülür.

Ölkəmizdə bu, 144 ay – 12 il müəyyən edilib. Hazırda yaşa görə 70% pensiyaçı 12 ildən artıqdır ki, ödəniş alır”. 

ƏƏSMN-nin və Dünya Bankının hesablamalarına istinadən edən F.Talıbov əlavə edib ki, 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcək:

“Bu da deməkdir ki, pensiyaların ödəniş müddəti daha da artacaq. Pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, əksər ölkələrdə də orta ömür uzunluğunun artımına mütənasib şəkildə artırılır.

Bu da əsasən regionda yerləşən və sosial-iqtisadi inkişaf səviyyəsi təqribən Azərbaycanla oxşar olan ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan və s. kimi ölkələrdə baş verir. Həmin ölkələrdə gələcək perspektivdə də yaş həddinin daha da artırılması hədəflənib”. 
ƏƏSMN rəsmisi sonda vurğulayıb ki, həyat şəraitinin yaxşılaşması, səhiyyənin inkişafı və tibb xidmətlərinin beynəlxalq standartlara uyğun təşkili, habelə elm və texnologiyanın inkişafı ilə əlaqədar iş və həyat təhlükəsizliyinin yüksəlməsi nəticəsində gözlənilən orta ömür uzunluğu davamlı olaraq artmaqdadır.  

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO