Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Müsavat TV"də son çıxışı zamanı səsləndirdiyi fikirlər ciddi müzakirələrə yol açıb:
““Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə dedim ki, gedişhaqlarının qalxmasını cəmiyyət birmənalı qəbul etməyəcək. Təklif verdim ki, total qiyməti qaldırmaqdansa, siz təyyarələrdəki kimi qatarlarda biznes, ekonom klass yaradın. Biznes klassa daxil olan sərnişin kofe də içə bilər, nə istəsə edə bilər. Xalqımız xoşlayır ki, imkanı olan komfortla getsin. Bu formada etsəniz, biri gedişhaqqını 40 qəpik, başqası 1 manat verəcək”.
“Təklif vətəndaşların lehinədir”
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, millət vəkilinin fikirləri vətəndaşların əleyhinə yönəlməyib:
MÖVZU İLƏ BAĞLI:
“Qatarlar arasında intervalı azaltmaq mümkün deyil” – Bakı Metropoliteni
“Əksinə o gediş haqqının yüksəldilməsinin əleyhinədir. O təklif edir ki, siz total şəkildə qiymətləri yüksəltməkdənsə yeni bir servis təşkil edə bilərsiniz və oradan daha çox qazanc əldə etmək olar. Təklifin iqtisadi əsasları da var. Bu da qiymətlərin diferensiallaşdırılmasıdır. Bildiyiniz kimi avtobuslarda məsafəyə görə gediş haqqı dəyişir.
Bunu metroya da tətbiq etmək olar. Şəhərlərarası sürətli qatarlarda da qiymətlər diferensiallaşdırılıb. Ekonom və biznes klass vaqonlara görə qiymətlər dəyişir. Texniki əsası da ondan ibarətdir ki, qatarlarda biznes vaqonlar quraşdırıla bilər.
Xüsusən uzaq məsafəyə gedənlər üçün bu imkanlar yaradıla bilər. Məsələn qatarda 4 vaqon varsa, onun birini biznes vaqon eləmək olar. İstənilən vətəndaş da artıq pul ödəməklə biznes vaqonların xidmətindən istifadə edə bilər. Həmin vaqonlarda sərnişinlərə əlavə xidmətlər də, məsələn kofe, çay və yemək təklif olunar. Yəni bu mümkündür”.
Təklifin reallaşması mümkündür?
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovunsa fikri konkret oldu:
“Biz hər kəsin, o cümlədən də hörmətli Rüfət Quliyevin fikirlərinə hörmətlə yanaşırıq. O ki, qaldı təklifə. Unutmayaq ki, istənilən təklifin iqtisadi və texniki əsaslandırması olmalıdır. Bu mənada metroda biznes vaqonların tətbiq məsələsi barədə Metropolitenin mövqeyi yaxın günlərdə ətraflı şəkildə Bizim.Media-ya təqdim ediləcək”.
Surxay Atakişiyev, Bizim.Media