“Sovetski”də işlər niyə YARIMÇIQ QALIB?

“Sovetski”də işlər niyə YARIMÇIQ QALIB?

Hazırda oxunan: “Sovetski”də işlər niyə YARIMÇIQ QALIB?

163172

“Sovetski” ərazisindəki Mərkəzi Parkın davamının nə vaxt salınacağı ilə bağlı məsələni gündəmə gətirmişdik. Söhbət Abdulla şaiq küçəsi ilə “Təzəpir” məscidi arasındakı ərazidən gedir. Uçuq-sökük mənzərəsi ilə seçilən boş sahə sahibsiz itlərin, narkomanların və küləyin gətirdiyi məişət tullantılarının məskəninə çevrilib. 

Bakının simasını və panoramasını əks etdirən ərazinin nə zaman abadlaşdırılacağı və boş sahədə tək-tük qalan gecəqonduların söküləcəyi hələ də sual doğurur. 
 

MÖVZU İLƏ BAĞLI:

“Sovetski” ərazisindəki Mərkəzi Parkın davamı nə vaxt SALINACAQ? – Rəsmi AÇIQLAMA/FOTO  


Qeyd edək ki, məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elnur Tağıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, abadlaşdırma işlərinə başlanılması Maliyyə Nazirliyindən asılıdır. 

Bəs, Maliyyə Nazirliyinin bununla bağlı cavabı nədir?

Məsələ ilə bağlı qurumdan Bizim.Media-nın sorğusuna cavab verilib. 

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyevin sözlərinə görə Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən evlərin satın alınması, köçürülməsi Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli Qərarı ilə alan orqan kimi Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib:

“Ona görə də Maliyyə Nazirliyinə yox, aidiyyəti üzrə Yasamal RİH-nə müraciət etməyinizi tövsiyə edirik. Bu proseslər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada təşkil edilmiş “Daşınmaz əmlakın alınması qrupu” vasitəsi ilə həyata keçirilir”, - deyə Mayis Piriyev əlavə edib. 

Sərəncama əsasən...

Xatırladaq ki, Prezident İlham Əliyevin “Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 4 avqust tarixli, eləcə də “Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 5 avqust tarixli sərəncamları var. 

Həmin sərəncamlara əsasən “Təzəpir məscidi kompleksini ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi tam yekunlaşdırılsa da, Abdulla Şaiq küçəsi ilə “Təzəpir” məscidi arasındakı ərazidə işlər hələki yarımçıq qalır.

Hətta Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri də tam yekunlaşmayıb. 

Onu da bildirək ki, ölkə başçısının göstərişlərinə əsasən ümumilikdə 26 hektar ərazini əhatə edən keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələli şəkildə icra olunur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO