Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı – Xaçmaz sakinindən ŞİKAYƏT – FOTO/VİDEO 

Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı – Xaçmaz sakinindən ŞİKAYƏT – FOTO/VİDEO 

Hazırda oxunan: Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı – Xaçmaz sakinindən ŞİKAYƏT – FOTO/VİDEO 

162858

Xaçmaz rayonunun Hacıqazma kənd sakini Ələddin Talıbov çətin duruma düşüb.  

Belə ki, o, kənddə özünə fərdi iş qurmaq, dövlətin kəndlilər üçün yaratdığı özünüməşğulluq proqramına qoşulmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinə müraciət edib. 2019-ci ildə agentlikdə növbəyə durub. Dörd ildən sonra - 2023-cü il iyul ayının 11-də növbəsi çatanda ona 21 baş qoyun verilib. 

Onun qara günləri də elə bu bundan sonra başlayıb. 

Ələddin Talıbova verilən qoyunlardan 5-i alandan 12 gün sonra tələf olub. Deyir ki, həmin vaxtdan proqramın şərtləri pozulub: 


"Müqavilədə göstərilir ki, vətəndaş heyvanları almamışdan 10 gün əvvəl şərtlərlə tanış olmalıdır. Mən bu müqavilə ilə heyvanlar mənə verilən gün tanış oldum. Təhvil-təslim aktı ilə bir yerdə müqavilənin şərtləri ilə tanış oldum. Müqavilədə göstərilir ki, vətəndaş hər hansı qüsur olarsa, heyvanları alandan 30 gün sonra Agentliyin filialına müraciət edə bilər. Alandan 12 gün sonra heyvanlar tələf olmağa başlayıb. Mən də də dərhal müraciət etmişəm, baytar gəlib, ölü heyvan cəsədlərini yarıb və protokol tərtib edilib". 

Ələddin Talıbov ölən qoyunlardan 4-nün dişi, birinin isə qoç olduğunu bildirib. O, hesab edir ki, burada da müqavilə şərtləri pozulub: 

"Şərtlərə görə, qoyunların artımı üçün verilən qoç 2-4 yaşında olmalıdır, mənə verilən qoç isə quzu idi. Onunla necə artım olacaqdı ki? Üstəlik həmin quzu da öldü, indi heç artım olmayacaq, həm də qalan qoyunlar da sağlam deyil, xəstədir". 

Şikayətçi rəsmi qurumlara dəfələrlə yazılı müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə etmədiyini bildirir.  


Özünün Birinci Qarabağ Müharibəsi  iştirakçısı olduğunu deyən şikayətçinin Dövlət Məşğulluq Agentliyindən tələbi odur ki, ona ölmüş heyvanların əvəzinə yeni heyvanlar verilsin və xəstə qoyunlar sağlamları ilə əvəz olunsun. Belə olarsa, o fərdi təsərrüfatında qoyunçuluğu inkişaf etdirə bilər. 

Xaçmaz sakini Ələddin Talıbovun şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcmədinqızına bir neçə gün əvvəl sorğu ilə müraciət etsək də, suallarımız cavabsız qalıb. 
Sorğumuza cavab veriləcəyi təqdirdə qurumun mövqeyini dərc etməyə hazırıq. 

Mövzunu diqqətdə saxlayacağıq.  
 

















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO