Gəncə Memorial Kompleksinin tikintisinə 6 milyon manata yaxın vəsait ayrıldı - FOTO

Gəncə Memorial Kompleksinin tikintisinə 6 milyon manata yaxın vəsait ayrıldı - FOTO

Hazırda oxunan: Gəncə Memorial Kompleksinin tikintisinə 6 milyon manata yaxın vəsait ayrıldı - FOTO

162784

Yaxın vaxtlarda Gəncə Memorial Kompleksinin tikintisinə start veriləcək. İşləri həyata keçirəcək şirkətlərlə müqavilə imzalanıb. 

Bizim.Media-nın yerli bürosuna bu məlumatı Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən bildiriblər. 

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən raket zərbələri zamanı baş vermiş faciə nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev tərəfindən verilmiş tapşırığa əsasən ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksi layihələndirilib və Ali Baş Komandan tərəfindən kompleksin təməli qoyulub.

Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış "Gəncə Memorial Kompleksi"nin tikintisi işləri” tenderinin qalibi  “Ramco” QSC və “Real İnşaat” MMC olub. 

Kompleksin tikintisi üçün şirkətlə 5 959 190  manat məbləğində müqavilə imzalanıb. 

Unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarət olan Gəncə Memorial Kompleksi 4 ha torpaq sahəsini əhatə edəcək.
Memorial abidə raket zərbəsindən əmələ gəlmiş krateri simvolizə edən, 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilmiş, hədisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir.

Həmçinin muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb.

Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, Gəncə hadisələrinin işıqlandırılmasında xüsusi rol oynayacaq. Bununla yanaşı, muzey binasından başqa raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.

Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş park da layihələndirilib. 

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı zamanlarda, daha dəqiq 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket zərbələri endirilib. Onlardan ən dəhşətliləri 11 və 17 oktyabr tarixlərində baş verib.
Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO