Müdafiə Nazirliyinin həbsdə olan idarə rəisinin sürücüsü İFADƏ VERDİ

Müdafiə Nazirliyinin həbsdə olan idarə rəisinin sürücüsü İFADƏ VERDİ

Hazırda oxunan: Müdafiə Nazirliyinin həbsdə olan idarə rəisinin sürücüsü İFADƏ VERDİ

162771

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zaman Əsədov ifadə verib.

O bildirib ki, Mahir Şirvanovun sürücüsü olub.

"Uzun illərdir o idarədə çalışıram. Əvvəllər Məlikməmməd Qurbanovun (hazırda o da həbsdədir. - S.E) sürücüsü olmuşam, sonra Mahir müəllimin. Hazırda da Müdafiə Nazirliyində sürücü kimi çalışıram. Bu iş üzrə onu deyə bilərəm ki, idarədən nömrəmi Zahir Tağıyevə vermişdilər. Zahir Tağıyev zəng edirdi, gedib ondan sənədləri götürürdüm, həmin sənədləri gətirib idarənin növbətçisinə təhvil verirdim. Onların içində nə olduğundan xəbərsiz idim".

Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət təşkil edib. Bu səbəbdən onun istintaqa ifadəsi elan edilib.

Zaman Əsədov istintaqa ifadəsində bildirib ki, idarə rəisi Mahir Şirvanovun tapşırığı əsasında Zahir Tağıyevlə görüşərək ondan içi dolu olan bağlamaları götürərək aidiyyatı üzrə təhvil verib.

Şahid isə buna etiraz edib. Bildirib ki, Məlikməmməd Qurbanovun dövründə bağlamalar götürüb, lakin Mahir Şirvanovun rəis olduğu dövrdə belə bir hal baş verməyib:

"Hərdən bayramlarda meyvə falan gətirib verirdilər, onu da idarəyə təhvil verirdim".

Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO