Ekspertdən ANONS: “Gediş haqqı artacaq, həm metroda, həm də…”

Ekspertdən ANONS: “Gediş haqqı artacaq, həm metroda, həm də…”

Hazırda oxunan: Ekspertdən ANONS: “Gediş haqqı artacaq, həm metroda, həm də…”

162616

“Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov, “Azərtac”a müsahibəsində, 2022-ci ildə bir sərnişinin daşınması üçün 0.68 AZN-nin sərf olunduğunu bildirib.

2023-cü ildə tariflərə də yenidən baxıldığını və bir gediş haqqının 40 qəpik təyin olunduğunu xatırladan rəis müavini, 2018-ci ilin hesabatına istinad edib:

“Həmin il bir sərnişinin daşınmasının maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi.

Təsəvvür edin ki, 2019-cu ildə 236 milyondan artıq sərnişin daşıyan metropoliten, 2020-ci ildə cəmi 74 milyon 706,2 min sərnişinə xidmət göstərdi. Sonrakı il rəqəm 90 milyondan bir qədər artıq oldu. Bütün sadaladıqlarım və ən əsası, sərnişin artımı 2022-ci ildə özünü yenidən büruzə verməyə başladı və sərnişindaşımanın maya dəyərinin azalmasına təsir etdi”.

H.Məmmədovun bu sözləri əslində cəmiyyətə bir siqnaldır və belə aydın olur ki, QSC 2024-cü ilin yanvar ayında gediş qiymətlərinin qaldırılması üçün yenidən Tarif Şurasına müraciət edə bilər. Artıq Bakı sakinləri arasında bununla bağlı müzakirələr də artıb.

Hamını bir sual düşündürür:

Gələn il gediş haqları artırılacaq?

Sualı Bizim.Media üçün cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli “Bakı Metropoliteni”nin keçmiş və indiki rəhbərliyinin maya dəyərinin yüksək olması ilə bağlı açıqlama verdiyini xatırladıb.

Onun sözlərinə görə, amma bu günə qədər hesablama metodologiyasını bir dəfə də olsun, göstərməyiblər:

“Hesabalama zamanı hansı parametrlərdən istifadə olunur, bəlli deyil. Bunun müxtəlif üsulları var. Əslində maya dəyəri hesablanarkən, qurumun kommunal xərcləri, əmək haqları və vergiləri toplanır və onların cəminin sərnişinin sayına bölünməklə tapılmalıdır. Amma gəlirlər tək bundan ibarət deyil və onların həm reklam, həm ticari gəlirləri, həm də dövlət tərəfindən ayrılan dotasiyaları var.

Hətta 2024-cü ilin büdcəsində də 50 milyon manatlıq dotasiyanın ayrılması nəzərdə tutulub. Bundan başqa, ölkəmizdə gediş haqqı deyiləndə, birdəfəlik gediş nəzərdə tutulur ki, bu da köhnəlmiş və yanlış yanaşmadır”.

Ekspert qeyd edib ki, artıq dünyanın hər yerində məsafəyə və zamana görə gediş haqları müəyyən olunur:

“Avropanın bəzi ölkələrində bütün nəqliyyat növləri üçün həm bir saatlıq, həm də bir illik biletlər satılır. Amma bizdə birdəfəlik gediş haqqının həm maya dəyəri hesablanır, həm də bunun üzərindən müzakirə aparılır”.

Əgər “Bakı Metropoliteni” gediş haqlarını qaldırarsa, bu, avtobuslara da təsir edə bilərmi?

Ekspert, metroda baş verə biləcək bahalaşmanın yerüstü nəqliyyata da təsir edəcəyini diqqətə çatdırıb: “Çox güman ki, bu, baş verəcək. Ona görə ki, mərkəzləşdirilmiş qaydada idarəolunma ilə bağlı müəyyən addımların atılması tələb olunur. Hətta qiymət artımı bütün sahələri əhatə edə bilər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO