Qazax-Tovuz bölgəsində qarğıdalı yığımı başa çatmaq üzrədir. Sahibkarlar məhsuldarlıqdan razı qalsalar da, saxlama yerlərinin olmamasından şikayətlənir, eyni zamanda satışda müəyyən problemlərlə qarşılaşdıqlarını və alıcıların az olduğunu bildirirlər.
Fermerlər nədən narazıdır?
Məsələ ilə bağlı fikirilərini Bizim.Media ilə bölüşən fermerlər daha çox işbazların və alverçilərin hərəkətlərindən narazılıqlarını açıq şəkildə bəyan edirlər.
Onların iddiasına görə, bəzi alverçilər birbaşa sahələrə gələrək müxtəlif üsullarla məhsulun qiymətini aşağı salmağa çalışırlar.
Onlar ilboyu məhsulun yetişdirilməsi üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu, buna görə də yüksək məhsuldarlıq əldə etdiklərini bildirirlər. Ancaq belə insanlar qiyməti aşağı salmaqla, əslində onların çədikləri bütün əziyyətləri yerə vurduqlarını düşünürlər.
Onlar qeyd edirlər ki, əldə etdikləri yüksək keyfiyyətli məhsulu saxlamaq qurutmaq yerləri yoxdur və buna görə də bir müddət sonra məhsulun xarab olma ehtimalı var. Əgər qurutma sexi və ya kiçik bir müəssisəsi olarsa, məhsulu həm vaxtında qurudar, həm də yaxşı qiymətə satarlar.
“Özləri məhsulu ucuz qiymətə satırlar”
Mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin münasibətini öyrəndik. Komitə sədri Bizim.Media-ya açıqlamasında, ölkədəki mövcud bazar iqtisadiyyatı şəraitində sahibkarlığın inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib.
Hətta onlara öz təsərrüfatlarını inkişaf etdirmək üçün müəyyən güzəştlərin tətbiq olunduğunu deyən müsahibimiz, sahibkarların bəzi fikirləri ilə razılaşmayıb:
“Sahibkarların, “dövlət bizim məhsulumuzu sata və qoruya bilmir” və ya “dövlət bunu qorumağa borcludur” kimi fikirləri olmamalıdır. Əslində isə sahibkar bazara daxil olursa, istehsal etdiyi məhsulu özü sata və gəlir əldə edə bilirsə, o zaman məhsulun saxlanılması və satışı üçün ilk növbədə yollar axtarmalıdır.
Dövlət onsuz da onun üçün müəyyən güzəştləri edib və bəzi imkanlar yaradıb. Özləri məhsulu ucuz qiymətə satır, sonra isə dövləti günahkar hesab edirlər. Alış-veriş alıcı ilə satıcı arasında aparılır və dövlət buna müdaxilə edə bilmir”.
Deputatın fikrincə, fermerlər bir araya gəlsələr və birləşsələr, özləri üçün bir bazar yarada bilərlər:
“Əvvəlcə aralarında düzgün koordinasiya yaradılmalı, hətta birgə planlaşdırma aparılmalıdır. Hətta assosiasiya və ya konfederasiya yarada bilərlər. Ondan sonra istehsal etdikləri məhsulu harada sata biləcəkləri barəsində düşünməlidirlər. Bir sözlə, bütün problemlər aralarındakı əlaqənin zəif olması ilə bağlıdır.
Əgər bir fermer qarğıdalı istehsal etmək istəyirsə, əvvəlcə saxlanılması barədə düşünməlidir. Əgər dövlətin mülkiyyətində olsaydı, o zaman istehsal etdiyi nəhsulu almaq, saxlamaq və satmaq öhdəliyinə sahib olardı, çünki onun borcudur. Əgər hökumət bu məhsulu yetişdirmək üçün fermerə sifariş verməyibsə, bunu özü əkibsə və bundan gəlir götürməyi düşünürsə, deməli, onun saxlanılması və satışı barədə də düşünməli, bazarını müəyyən etməlidir”.
Əkinin plansız həyata keçirildiyini söyləyən komitə sədri vurğulayıb ki, dövlət bəzi məsləhətlər və tövsiyələr verə bilər:
“Dövlət istiqamət göstərməli və maarifləndirmə tədbirləri görməlidir, ancaq sahibkarın işlərinə müdaxilə edə bilmir. Bunu o özü fikirləşməlidir. Bu gün qarğıdalı həm ölkəmiz, həm də yem üçün çox vacib məhsuldur və bu sahənin inkişafına böyük qayğı və diqqət var. Ancaq bunun satışı, bazarı və digər məsələlər barəsində fermerin özü düşünməlidir”.
Bazardakı işbaz da pul qazanmaq istəyir...
Problem odur ki, bəzi işbazlar sahibkara bazara daxil olmağa və öz məhsulunu satmağa imkan vermir, ya sahədə, ya bazarın girişində məhsulu ondan ucuz qiymətə alır və bir neçə dəfə baha qiymətə satırlar. Bu da onlarda narazılıqların yaranmasına səbəb olur…
Bu duruma münasibət bildirən Tahir Rzayev qeyd edib ki, sərbəst bazar iqtisadiyyatı olduğu üçün hamı pul qazanmağa çalışır:
“Əgər getdiyi bazarda ona qarşı haqsızlıq və ya qanunsuzluq varsa, o zaman bir neçə nəfər birlikdə müvafiq dövlət orqanlarına müraciət edə bilər. Əgər tək olarsa, müraciəti qəbul olunmaya bilər. Məhsulun əkini başlayan zaman sahibkar ilk növbədə bazarı barədə fikirləşməlidir. Hətta bununla bağlı müvafiq orqanlarla ya müqavilə bağlanmalı, ya da onlara müraciət edərək kömək istəməlidir. Birlikdə ilkin tədbirlər həyata keçirməlidirlər ki, məhsul yığımı vaxtı belə problemlər yaşamasınlar.
Hazırda vəziyyət belədir ki, yaxşı məhsul istehsal edən yaxşı satış edir və pulunu qazanır. Amma məhsul keyfiyyətsiz olarsa, düzgün satış apara və qazanc əldə edə bilməyəcək. Bazarın girişində dayanan işbazlar da pul qazanmaq istəyir ki, bu da təbiidir. Onunla da müqavilə bağlaya və razılıq əldə edə bilər ki, istehsal etdiyi 40-50 ton məhsulu birbaşa sahədən götürsün və özü satışını həyata keçirsin”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 02.11.2023
“Fermerlər özləri məhsulu ucuz qiymətə satırlar” – Komitə SƏDRİ
Hazırda oxunan: “Fermerlər özləri məhsulu ucuz qiymətə satırlar” – Komitə SƏDRİ
Hazırda oxunan: “Fermerlər özləri məhsulu ucuz qiymətə satırlar” – Komitə SƏDRİ
162445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.