Azərbaycanın tarix XƏZİNƏSİ – Qəbələdəki qazıntılar hansı faktları ÜZƏ ÇIXARDI? – FOTO 

Azərbaycanın tarix XƏZİNƏSİ – Qəbələdəki qazıntılar hansı faktları ÜZƏ ÇIXARDI? – FOTO 

Hazırda oxunan: Azərbaycanın tarix XƏZİNƏSİ – Qəbələdəki qazıntılar hansı faktları ÜZƏ ÇIXARDI? – FOTO 

162132

Albaniyanın paytaxtı Qəbələ həm də Asiya və Avropanın sənət və mədəniyyət mərkəzi olub.  

Tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun “Qala” ərazisində bir ay davam edən tədqiqatların məqsədi əvvəlki illərdə tədqiqinə başlanmış IX qazıntı sahəsində şəhərin daha erkən dövrlərinə aid alt yaşayış qatlarını öyrənmək olub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2008-ci ildən başlayaraq SEBA Assosasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Koreya arxeoloqları da davamlı olaraq Qəbələ tədqiqatlarında iştirak edirlər. 

Qədim Albaniyanın paytaxtı, müasir Azərbaycanın tarix xəzinəsi Qəbələ Azərbaycanın qədim və orta əsr şəhərləri içərisində davamlı olaraq arxeoloji cəhətdən ən yaxşı öyrənilən şəhərlərimizdəndir.  

Lakin bu heç də o demək deyil ki, artıq Qəbələnin tarixi ilə bağlı hər şey öyrənilib. Əksinə, öyrənildikcə şəhərin tarixi keçmişi ilə bağlı yeni-yeni suallar ortaya çıxır. Nəzərə almaq lazımdır ki, Qəbələnin tarixi həm də elə qədim Azərbaycan dövləti olan Albaniyanın tarixidir.  


Səlbir və Qaladakı qazıntıların əhəmiyyəti   

AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının üzvü Elmira Abbasovanın sözlərinə görə, bu il də qədim paytaxt şəhərinin Səlbir və Qala adlanan ərazilərində tədqiqatlar davam etdirilib. 

Bir ay ərzində şəhərin Qala adlanan ərazisində əvvəlki illərdə tədqiqinə başlanmış olan IX sahədə qazıntı işləri aparılıb. Professor Qafar Cəbiyevin rəhbərliyi ilə aparılan həmin tədqiqatlar zamanı şəhərin VII-XIV əsrlərə aid yaşayış qatı öyrənilib. Tədqiqi davam etdirilən 150 kvadratmetrə yaxın ərazinin ayrı-ayrı nöqtələrində mədəni təbəqə, yəni yaşayış qatı 3-3,5 m dərinliyədək araşdırılıb. Tədqiqatların terrasvari planda davam etdirilməsi VII-XIV əsrlərdə Qəbələdə şəhər həyatının ən müxtəlif sahələrinin inkişaf və ya tənəzzül dinamikasını əyani şəkildə öyrənmək baxımından çox əhəmiyyətli hesab edilir. 

Sənətkarlıq və mədəniyyət mərkəzi 

Arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafaq Cəbiyev aparılan işlərlə bağlı danışarkən bildirib ki, tədqiqatların gedişində orta əsr şəhər infrastrukturu üçün səciyyəvi olan çoxsaylı tikinti və memarlıq elementləri, yaşayış binaları, küçə və meydanların qalıqları aşkar olunaraq öyrənilib. 


Axtarışlar nəticəsində şəhərin təsərrüfat həyatı və əhalinin məişətindən xəbər verən olduqca çoxsaylı dəyərli artefaktlar üzə çıxıb. Əldə olunan tapıntıların böyük əksəriyyəti isə Qəbələ sənətkarlarının istehsal etmiş olduqları dəmir, şüşə və keramika məmulatı nümunələridir. Hansı ki, bu qəlibdən olan tapıntılar həm də Qəbələ ustalarının sənətkarlıq səviyyəsindən xəbər verir. 

Əldə olunan bir sıra tapıntılar isə qədim paytaxt şəhərin təkcə Azərbaycan şəhərləri ilə deyil, həm də Avropa və Asiyanın bir sıra sənət və mədəniyyət mərkəzləri ilə olan intensiv təmaslarından xəbər verir. 


Maddi mədəniyyət nümunələri muzeyə təqdim olunub 

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin ekspedisiya üzvləri tərəfindən Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna təhvil verildiyini bildirib.  












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO