Qəzzadakı münaqişə böyüsə, enerji qiymətləri fantastik həddə çatacaq – İlham Şabanın ŞƏRHİ

Qəzzadakı münaqişə böyüsə, enerji qiymətləri fantastik həddə çatacaq – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Qəzzadakı münaqişə böyüsə, enerji qiymətləri fantastik həddə çatacaq – İlham Şabanın ŞƏRHİ

161877

“Bizim Barel”in başına gələnlər

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Payızın ikinci ayı da başa çatmaq üzrədir. İlin sonuna iki aydan bir neçə gün artıq zaman qalsa da, hələ də enerji bazarlarındakı dumanlı vəziyyət ilin sonunun necə yekunlaşacağına dair doğru-dürüst fikir yürütməyə imkan vermir. Çünki nə Rusiya-Ukrayna müharibəsinin sonu görünür, nə də yenicə qızışan İsrail-Fələstin ölüm-dirim mübarizəsinin.

Qlobal bazarlar.

Bu cür vəziyyətdə enerji bazarlarında da qiymətlərin sabitliyi pozulur, gah üzüyuxarı gedir, gah da qəfil enmə nümayiş etdirir. Yola saldığımız həftə Brent markalı neftin 1 barelinin minimal qiyməti London əmtəə birjasında 86,68 dollara satılsa da, amma cümə günü hərraclar bağlanarkən qiymət yenidən 90 dollar həddini keçməyə müvəffəq oldu. Bunun səbəbi isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ senatorlarını qəbul edərkən “İsrailin Qəzzada quru əməliyyatlarına başlaması Yaxın Şərq üçün fəlakət olacaq” fikrini səsləndirməsiydi. Və cümə günü axşam dünyanın aparıcı KİV-ləri İsrailin Qəzzaya qurudan, havadan, dənizdən masştablı hücumları ilə bağlı xəbərlər yayarkən London birjasında həm neftin, həm də mavi yanacağın qiymətləri artım nümayiş etdirdi.

İsrail dayanmasa və şənbə-bazar “HƏMAS-ı birdəfəlik yox etmək” əməliyyatında israrlı olsa və münaqişənin coğrafiyası genişlənsə, onda təbii ki, qarşıdakı bazar ertəsi birjalar açılarkən fantastik qiymətlərə ticarət edilən enerji daşıyıcıları, məncə çoxları üçün təəccüblü olmaya da bilər.

“Yaşıl enerji”.

Bu həftə Azərbaycan bərpa olunan və alternativ enerji mənbələrinin inkişafında özünün ilk böyük uğuruna imza atdı. Belə ki, ilk dəfə ölkəmizdə böyük gücə malik günəş elektrik stansiyası istismara verildi.

Bununla bağlı oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) açılış mərasimində iştirak etdərək “qarşıdakı illərdə biz milli enerji sistemimizi gücləndirmək üçün dövlət proqramını həyata keçirməyi planlaşdırırıq” bəyanatı ilə çıxış etdi.

Qeyd edim ki, İlham Əliyev 2018-ci ilin yazında növbəti dəfə Azərbaycanın dövlət başçısı seçiləndən sonra hökumətə “yaşıl enerji”nin inkişaf etdirilməsi ilə bağlı göstəriş vermiş, bu işə məsul qurum isə Energetika Nazirliyi tanınmışdı. O zaman nazirlik qarşısında qoyulan vəzifələrdən başlıcası bu idi ki, “yaşıl enerji”nin Azərbaycanda genişlənməsi üçün özəl kapitalın imkanlarından bəhrələnmək gərəkdir. Buna görə də nazirlik ilk olaraq beynəlxalq tender elan etdi, sonra mümkün namizədlərlə danışıqlara başladı.

Bizim bazara sərmayə qoymaq istəyən şirkətlər az deyildi. Amma onları sərmayə qoymaq məsələsində tərəddüdə salan əsas məsələ elektrik bazarının bütün seqmentlərinin (istehsal, nəqletmə və paylanma) dövlətin nəzarətində olması idi. Hətta qiymətin formalaşması belə dövlətin inhisarında idi.
Belə bir şəraitdə Energetika Nazirliyi “yaşıl enerji” sahəsində ixtisaslaşan şirkətlər üçün ilkin mərhələdə münbit şəraitin yaradılması ilə bağlı addımlar atır. Və rəsmi Bakının şərtləri ilə onların uzlaşdırılması nəticəsində birgə fəaliyyət planlarını açıqlayır.

Azərbaycanın maraqları qəti olaraq bu amillər üzərində idi: günəş və külək elektrik stansiyalarının tikintisi üçün sərmayə tam şəkildə bu layihədə iştirak etmək şirkətlər tərəfindən qoyulmalı, istehsal edilən elektrik enerjisi mövcud tariflərlə ümumi enerji sisteminə ötürülməlidir.

Bəs şirkətlərə nə təklif edilirdi?

Şirkətlərin birinci qazancı odur ki, elektrik enerjisini istehsal etmək üçün lazım olan “yaşıl” xammaldan (külək və günəş) Azərbaycanda yararlanmaq hüququ əldə edir. Digər qazancı isə istehsal etdiyi elektriki sabit qiymətlərlə yerindəcə satmaq imkanı qazanır. Başqa bir əhəmiyyətli məsələ isə, Azərbaycan hökuməti külək turbinləri və günəş panellərinin quraşdırıldığı əraziləri müqavilə müddətində şirkətlərə təmannasız verir, həmçinin hasil edilmiş elektrikin ümumi sistemə qəbul olunması üçün gərəkli olan infrastrukturu (transformator stansiyası, yüksək gərginlikli elektrik xətləri) özü yaradır.

Bu şərtlərlə Azərbaycana sərmayə qoymağa razılıq verən ilk iki şirkət Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Krallığının “Acwa Power” oldu. Onlarla 2020-ci ilin yanvarında anlaşma memorandumu imzalandı. 2021-ci ilin aprelində isə Energetika nazirliyi “Masdar” şirkəti ilə investisiya müqaviləsi imzalamağa nail oldu. Nəhayət, 2023-cü ilin oktyabrın 26-da Azərbaycanda özəl sərmayə hesabına inşa edilmiş Qafqazın ilk ən iri layihə güclü alternativ enerji mənbəli elektrik stansiyası işə başladı. Gələn il isə gücü bundan bir qədər böyük olan “Acwa Power” şirkətinin külək turbinli elektrik stansiyası istismara verilməlidir.

Ümumilikdə, Azərbaycanın enerji sisteminə təqribən 1 milyard kVtsaat elektrik enerjisi daxil olmalıdır. Bu, çoxdur ya az? Hər şey müqayisədə bilinir. 2022-ci ildə Azərbaycanda külək və günəşdən alınan elektrik enerjisinin həcmi rəsmi statistikaya görə, 148 mln kVtsaat olub. Yəni gələn il bu həcmdən azı 6,7 dəfə çox “yaşıl enerji” istehsalımızı artırmaq imkanı əldə etmək şansımız yaranır.

Və bu da son deyil...

Çünki artıq Naxçıvanda, Biləsuvarda, Abşeronda və işğaldan azad edilmiş ərazilərimizdə alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalı ilə bağlı imzalanmış niyyət sazişləri və sənədləri var.

Şirkətlərin Azərbaycanın “yaşıl enerji”sinə marağını artırmaq yolunda isə Energetika nazirliyi kifayət qədər işlər gördüyündən artıq Avropada belə bizim “sıfır karbon emissiyalı” enerjimizə hansısa şək-şübhə yoxdur. Bunun nəticəsidir ki, Azərbaycanla Qara dənizin dibindən keçərək Azərbaycanda istehsal edilən “yaşıl enerji”ni Avropa ölkələrinə çatdıracaq “Black Sea Energy” adlandırılmış sualtı yüksək gərginlikli infrastruktur layihəsinin reallaşmasına start verilib.

Həmin əminlik isə 2023-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının energetika haqqında qanunu” sənədində öz əksini tapıb. Bu qanuna görə, qarşıdakı 5 ildə Azərbaycanın elektrik enerjisi mərhələli şəkildə tam olaraq bazar münasibətləri üzərinə keçirilməlidir. Daha doğrusu, ölkədə elektrik enerjisi istehsal edən çoxlu oyunçuların olduğu bir bazar yaranacaq. İstehsal edilən elektrik enerjisini bundan sonra nəql edən təşkilat “Azərenerji” olmayacaq, çünki o, bazardakı monopolist hüquqlarını itirəcək və elektrik enerjisi istehsalçılarından biri olacaq. Yəni elektrikin nəql edilməsi ilə yeni bir şirkət məşğul olacaq. Daha sonra istehsalçılar elektriki topdansatış bazarına çıxarmalıdırlar.

Burada yeni bir müstəvi yaradılacaq ki, tələb və təklifdən asılı olaraq qiymətləri müəyyənləşdirmək mümkün olsun. Bunu artıq indiki mövcud olan Tarif Şurası etməyəcək, çünki qanun bazardakı qiymətlərin inzibati yollarla deyil, bazar alətləri ilə formalaşmasını nəzərdə tutur.
Yeni qanunla elektrikin son istehlakçısı olan fiziki və hüquqi şəxslərə xidməti daha bir paylayıcı şirkət də göstərməyəcək. Bazarda istər dövlətin, istərsə də özəl şirkətlərin paylayıcı qurumları fəaliyyət göstərə biləcəklər. İstehlakçı isə onlardan kimin xidmətindən yararlanmasını artıq özü seçəcək. Lap mobil telefon operatorları kimi. Heç bir naqil dəyişməyə də ehtiyac qalmayacaq. Necə ki, indi özündəki telefon nömrəni saxlamaqla istənilən operatora bağlanmaq imkanın var.

Bütün bunlar isə ona görə edilir ki, Azərbaycanın elektrik enerjisi bazarı özəl kapitalın yatırımı üçün daha münbit şəraitli olsun.

SOCAR-dan qəfil açıqlama.

Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyində yeni komandanın gəlişi ilə artıq uzun müddətdir ki, SOCAR-ın hansısa məsələyə münasibət bildirməsi müşahidə edilmirdi. Amma bu həftə SOCAR sükutu pozdu. Özü də maraqlısı odur ki, Bakıda yox, Xəzərin o tayında.

Əvvəlcə SOCAR prezidenti Rövşən Nəcəf Türkmənistanın Beynəlxalq Neft və Qaz konfransında çıxışı zamanı bəyan edib ki, şirkət Türkmənistanda ofis açmağı planlaşdırır. “Uzun illərdir ki, SOCAR Türkmənistan şirkətləri, xüsusən də “Türkmənqaz” və “Türkmənneft” şirkətləri ilə qarşılıqlı işgüzar əlaqələri davam etdirir.Aşqabadda SOCAR-ın ofisinin açılması şirkətə mövcud layihələrin müsbət inkişafına və türkmən tərəfdaşları ilə yeni birgə layihələrin yaradılmasına daha da təsir göstərməyə imkan verə bilər”, - deyə Rövşən Nəcəf bildirib.

Avropanın mənasız sükutu.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə həmin tədbirdə jurnalistlərlə söhbətində Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya çıxarılmasına dair bir sıra maraqlı məqamlara toxunub. Daha doğrusu, onun dediklərini aşağıdakı kimi çeşidləmək olar:

- Azərbaycan Türkiyədəki qaz qovşağının hansı parametrlər əsasında yaradılacağına dair real təsəvvürə malik deyil, ona görə də layihə ilə bağlı əlavə məlumat gözləyir;

- Avropa Azərbaycan qazını daha çox cəlb etmək üçün kommersiya və maliyyə təşəbbüsləri ilə çıxış etməlidir;

- Boru kəməri nəqliyyatı ilə əlaqəli istənilən qaz istehsalçısı uzunmüddətli satınalma zəmanətinə ehtiyac duyur, amma indiyə qədər Avropa Azərbaycandan uzunmüddətli müqavilələr əsasında qaz almağa cəhd göstərmir;

- Cənub Qaz Dəhlizini genişləndirmək üçün Avropa maliyyə qurumları hansısa həvəs nümayiş etdirmirlər, lazım olacaq kapital Azərbaycan və tərəfdaşlarının çiyinlərinə yüklənəcəksə, həmçinin uzunmüddətli müqavilələr də bağlanmayacaqsa, onda istehsalçılar qazı elə qiymətə təklif etməlidirlər ki, xərclərini ödəyə bilsinlər. Amma burada bir dilemma yaranır – həmin qiymətə Avropada qaz satmaq mümkün olacaqmı?

Yəni bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan qazının 2027-ci ilə Avropa bazarına ixrac həcmlərinin iki dəfə artırılması ilə bağlı Qərbin konstruktiv mövqe nümayiş etdirməməsi ilə bağlı cari ildə artıq iki dəfə Azərbaycan prezidenti İlham Əliyevin ictimailəşdirdiyi məsələ bu günə qədər həll edilməmiş şəkildə qalmaqdadır...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO