Paytaxtda yeni yol ÇƏKİLƏCƏK – Tıxaclara SON QOYULUR? 

Paytaxtda yeni yol ÇƏKİLƏCƏK – Tıxaclara SON QOYULUR? 

Hazırda oxunan: Paytaxtda yeni yol ÇƏKİLƏCƏK – Tıxaclara SON QOYULUR? 

161658

Məlum olduğu kimi, oktyabrın 25-də Prezident İlham Əliyev “Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün AR-nın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon manat ayrılıb.

Yeni yol tıxacları azaldacaqmı?

Sərəncamdan irəli gələn məsələləri şərh edən nəqliyyat sektoru üzrə mütəxəssis Aslan Əsədov Bizim.Media-ya açıqlamasında, bu sənədin daha çox yaşayış məntəqəsini və çoxsaylı əhalini əhatə etdiyini diqqətə çatdırıb:

“Eyni zamanda, paytaxtdakı mövcud tıxac probleminin həllinə nail olunacaq. Əsasən də, Böyükşor-Pirşağı istiqamətindəki kənd və qəsəbələri əhatə edəcək ki, bu da tıxacın aradan qaldırılmasını stimullaşdıracaq. Layihəyə görə, yeni marşrut xətlərinin keçməsi də nəzərdə tutulub.

Həmçinin, burada yaşayan əhalinin gündəlik sosial və iqtisadi vəziyyətinin düzəlməsinə də bir təkan verəcək, həmin istiqamətdə yerləşən torpaq sahələrinin qiymətində xeyli fərq yaranacaq, marketlər, şadlıq sarayları və digər iaşə obyektləri işə düşəcək, Bir sözlə, həmin istiqamət işlək mexanizm halına gələcək”.

Onun sözlərinə görə, həmin istiqamətdə yerləşən evlərin plana düşməsi də ehtimal olunur:

“Eyni zamanda, yeni yol Novxanı ərazisindən keçən Digah-Binəqədi yoluna və Zabrat yoluna paralellik təşkil edəcək ki, bu da yollardakı sıxlığın aradan qalxmasına, xüsusilədə yay-çimərlik mövsümündə həmin ərazilərə gedən vətəndaşların rahatlığına imkan yaradacaq. Bir sözlə, bu layihə birbaşa Bakı ərtafı qəsəbələrlə şəhərin mərkəzi rayonlarını birləşdirəcək və insanlarımızın rahatlığı təmin olunacaq”.

Paytaxtdakı tıxac kimi problemlərin aradan qaldırılması ilə bağlı normativ-hüquqi aktların qəbulu davam edəcək:

“Şəhərdaxili və mərkəzi küçələrdə daha çox avtomobil yolunun çəkilməsi, tunel və yolötürücülərinin quraşdırlmasından çox, nəqliyyatın hərəkətinin tənzimlənməsi vacibdir. Belə ki, hansısa bir küçənin istiqamətini dəyişməyə, digər küçələrdəki nişanlanmaları dəyişmək və ya əvəzetməyə, məhəllələrdəki hərəkəti məhdudlaşdırmaq üçün quraşdırılmış şlaqbaumların aradan qaldırılmasına da ciddi ehtiyac var.

Şəhərətrafı kənd və qəsəbələrdə texniki cəhətdən işlərin həyata keçirilməsi zəruridir və bu istiqamətdə müəyyən işlər görülür. Müəyyən dövrlərdə bu sərəncamın davamı da olacaq”.

Ekspert vurğulayıb ki, yeni yolun çəkilməsi ilə təkcə Pirşağı qəsəbəsində deyil, bu istiqamətdə yerləşən bütün yaşayış məntəqələrində yaşayan əhali əlavə tıxaclardan xilas olacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO