BİZİM TƏQVİM: 27 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 27 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 27 oktyabrda baş vermiş tarixi hadisələr

161656

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatlarını davam etdirib.Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində gedib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd T-72 tankı, dörd ədəd D-30 və üç ədəd D-20 topu, bir ədəd “Osa-AKM” ZRK, bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd radiolokasiya stansiyası və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Düşmənin silahlı birləşmələri Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.

Bəs, oktyabrın 27-də dünyada daha nələr olub?

1. 1806-cı il 27 oktyabrda Napoleon Bonapartın komandanlığı altında Fransa ordusu Berlini ələ keçirdi.

2. 1873-cü ilin bu günü Amerikanın İllinoys ştatından olan fermer Cozef Qlidden təkmilləşdirilmiş tikanlı məftillərə görə patent aldı.

3. 27 oktyabr 1922-ci ildə İtaliyada Benito Mussolininin başçılığı ilə Faşist Hərbi Qüvvələri (Qara köynəklilər) Neapoldan Romaya hücum etdi. İki gün sonra Romaya çatan İtaliya faşistləri koalisiya hökumətini devirdi və idarəçiliyi ələ keçirdi.

4. 1951-ci il oktyabrın 27-sində həkimlər ilk dəfə olaraq radioaktiv şüalanmadan onkoloji bədxassəli şişlərin müalicəsi zamanı istifadə etməyə başladılar. 

5. 27 oktyabr 1958-ci ildə Pakistanın ilk prezidenti İsgəndər Mirzə 20 gün əvvəl Baş Qərargah rəisi təyin etdiyi general Əyyub Xan tərəfindən hazırlanan çevrilişlə devrildi və vəzifədən uzaqlaşdırıldı.

6. 1978-ci il 27 oktyabrda Nobel Sülh Mükafatı Misirin prezidenti Ənvər Sedat və İsrailin baş naziri Menahem Beqinə verildi.

7. 1982-ci il oktyabrın 27-də Çin Xalq Respublikası ölkə əhalisinin 1 milyardı keçdiyini rəsmən elan etdi.

8. 27 oktyabr türkmən xalqının milli bayramı – İstiqlaliyyət Günüdür.

9. 1992-ci ilin 27 oktyabrında Türkiyə ordusunun PKK terror təşkilatına qarşı Handur dağında başladığı əməliyyatda 100 terrorçu zərərsizləşdirildi.

10. 27 oktyabr 1993-cü ildə Bakıda Cəfər Cabbarlı metrostansiyasının açılışı olub.

11. 27 oktyabr 1999-cu ildə Ermənistanın baş naziri Vazgen Sarkisyan və 8 yüksək səviyyəli dövlət məmuru parlamentə edilən silahlı hücum nəticəsində  öldürülüb.

12. 2005-ci ilin bu günündə Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi açıldı.

13. 2005-ci il oktyabrın 27-də Parisdə Şimali Afrika mənşəli iki müsəlman uşağın ölümü ilə bağlı etiraz mitinqləri başladı. Ölkənin başqa rayonlarına da yayılan və 3 həftə davam edən hadisələrdə 300 bina və 10 min avtomobil atəşə verildi, 130 nəfər yaralandı.

14. Honq Konq istehsalı olan və yaşlılara yardım məqsədilə hazırlanan “Sophia” adlı robota 2017-ci ilin 27 oktyabrında vətəndaşlıq verildi. “Sophia” vətəndaşlıq hüququna sahib olan ilk robot sayılır.

15. 27 oktyabr 2010-cu ildə Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

27 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 27 oktyabr 1449-cu ildə böyük özbək mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy vəfat edib (1394-1449). Əmir Teymurun nəvəsi olan Uluqbəy atası Şahruxun ölümündən sonra Teymurilər dövlətinin başçısı olub.

2. Məşhur ingilis səyyahı Ceyms Kuk (James Cook) 1728-ci ilin bu günü dünyaya gəlib.

3. Dünya şöhrətli İtaliya skripkaçısı və bəstəkar Nikkola Paqanini 1782-ci il 27 oktyabrda anadan olub.

4. Görkəmli bioloq, bitkilərin elmi seleksiyasının banisi İvan Miçurin 1855-ci ilin bu günü anadan olub.

5. Görkəmli Azərbaycan alimi, akademik Qurban Cəlilov 1927-ci ilin 27 oktyabrında dünyaya gəlib (1927-2000).

6. 27 oktyabr tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının xatirə günüdür.

7. 27 oktyabr 1939-cu ildə şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Alla Axundova doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.

8. 27 oktyabr 1945-ci ildə kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov doğulub. 40-dək ekran əsərində ikinci rejissor kimi çalışıb. “Axırıncı dayanacaq” bədii filminə quruluş verib.

9. 27 oktyabr 1950-ci ildə dirijor, Xalq artisti Ağaverdi Ağa oğlu Paşayev Bakıda anadan olub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının professorudur.

10. Azərbaycanın Milli Qəhrəmanı İqor Makeyev 27 oktyabr 1971-ci ildə anadan olub.

11. Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov 27 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO