“Kişi xanımına 3 minlik telefonu almırsa, qadın boşanmalıdır” deyən psixoloqdan daha bir QALMAQALLI AÇIQLAMA

“Kişi xanımına 3 minlik telefonu almırsa, qadın boşanmalıdır” deyən psixoloqdan daha bir QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: “Kişi xanımına 3 minlik telefonu almırsa, qadın boşanmalıdır” deyən psixoloqdan daha bir QALMAQALLI AÇIQLAMA

161612

Psixoloq Əfsanə Rüstəmovanın “ARB” telekanalında yayımlanan “Günə son” verilişində zorakılıq görən qadınlarla bağlı çıxışı qalmaqala səbəb olub. Psixoloq bildirib ki, ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi bir haqqı var:

“Əgər qadının 3 minlik telefon kimi emosional ehtiyacı varsa, həyat yoldaşı ya onu almalı, ya da qadın boşanmalıdır”- deyə psixoloqun bu fikirləri ictimaiyyətdə rezonans doğurub. Çoxluq psixoloqun bu çıxışını tənqid edərək, qadınları boşanmaya təşviq etməsi ilə əlaqələndirib.

“Bizim insanların pul kimi bir problemi var”

Məsələ ilə bağlı elə psixoloqun özü ilə əlaqə yaratdıq.Əfsanə Rüstəmova qalmaqallı fikirlərinə belə aydınlıq gətirib:

“Əgər adam 3 min manatlıq telefon almır deyə ondan boşanacaq bir həyat yoldaşı seçibsə, bu, o adamın problemidir, bunu dilə gətirən psixoloqun yox... Bilirik ki, Azərbaycanda ailələr emosional ehtiyaclarını kənarda ödəmək kimi bir variantda kəşf ediblər. Bu isə həm dinə, əxlaqa, mentallığa və hər şeyə ziddir. Əlbəttə ki, kənarda gedib öz emosional ehtiyaclarını ödəyib evə gəlib” mən əxlaqlı qadınam və ya mən əxlaqlı kişiyəm, çünki mənim ərim var, mənim arvadım var” demək çox asandır.

Amma boşanıb, bu şeyləri haqlı olduğu halda yaşamaq bizim cəmiyyətdə kirli iş kimi görünür. 3 min Azərbaycan üçün böyük rəqəmdir deyə insanlar orada ilişib qalıblar. Əgər desəydim ki, 30 qəpiklik nəsə alsaydı, böyük ehtimalla bu müzakirəyə səbəb olmayacaqdı. Ümumiyyətlə danışanda, kimə danışdığımızı bilməliyik. Verilişin əvvəlində də dedim ki, hadisələr individual dəyərləndirilməlidir.

3 milyonu olan adamın 3 minlik telefon alması bizim üçün 3 qəpiklik bir şey olar. Ya da kimsə həyat yoldaşının xoşbəxtliyinin bu olacağını bilib, bunu bir şəkildə düzəldə bildiyi halda eləmirsə, bu da artıq kifayət qədər ağır problemdir. Sadəcə söhbət rəqəm üzərindən gedib deyə insanlar fikirlərimi qeyri-adi qarşılayıb. Çünki bizim insanların pul kimi bir problemi var”.

“İnsanları çıxışım yox, onların gördükləri qıcıqlandırıb”

Psixoloq hər kəsimin anlaya biləcəyi dildə izah vermək məcburiyyətində olmadığını da vurğulayıb:

“Ola bilər ki, insanları çıxışım yox, onların gördükləri qıcıqlandırıb. Açığı bu mövzularda özümü ifadə etmək kimi bir huyum (red. xasiyyətim) yoxdur. Bütün mövzularda çox rahat adamam və kim necə istəyir başa düşsün. Çünki hamımız fərqli mərtəbələrdə və fərqli siniflərdəyik.

Necə olur ki, dediklərimi çevrəmdəki 100-dən 105-i başa düşdü, amma fərqli çevrədən 100-dən 1-i anlamadı?! Demək ki, anlayış fərqi var. Bu şeylər qətiyyən mənə maraqlı deyil. Mən yalnız məni anlayacaq cəmiyyət üçün çalışıram. Çox arxayınam ki, müəyyən kəsim üçün işləyə biləcək adamam. Tutaq ki, mən birinci mərtəbədəyəm, onlar isə 10-cu mərtəbədədir deyə sözümün yarısını anlayırlar, yarısını isə yox...

Bu, artıq mənim problemim deyil.

Ya onlar aşağı düşməlidir, ya da mən yuxarı qalxmalıyam. Həyat yoldaşının gedib başqa kişiyə bahalı telefon aldırıb, gəlib onun evində yaşamasına icazə verən kişilər çıxışımı dinləyib. “Bu psixoloq əxlaqsızlığı təbliğ edir” deyə düşünəcəklərsə, onun əxlaq anlayışı ilə mənim əxlaq anlayışım əsla üst-üstə düşə bilməz. Biz onunla uzlaşa bilmərik. Həm də onun tərəfdarı deyiləm ki, hamı hər şeyi başa düşməlidir.

Qoy elə insanlar başa düşmədən sadəcə anladıqları qədər olsunlar. Mən “Ərim məni döysə də əsas evdə həyat yoldaşım var, O, mənə şapalaq vursa da, əsas odur ki, uşaqlarımın yanında atası var” düşünən adamlarla uzlaşa bilmərəm. Elə bil ki, onlar fransızca danışır, mən Azərbaycan dilində, yaxud da əksinə...Uzlaşa bilmədiyim adama isə vaxt ayırmaq məcburiyyətində deyiləm. Bu, mənim könüllü seçimimdir”.

Psixoloq ailə məfhumunu elmi cəhətdən izah etməyə çalışıb:

“Ailə ümumiyyətlə harada yazılıb? Əgər elmdən danışırıqsa, gəlin “Ailə Məcəlləsi” haqqında qanuna baxaq. Ailənin dözüb oturmaq lazım olan bir yer olduğunu bizə heç bir rəsmi hissə demir. Əgər ailə xoşbəxtlik üçün qurulursa və bu gün xoşbəxtlik yox, sadəcə dözüm bu ailəni aparırsa, nə o ailədə böyüyən uşaqlar tam ailə sayılacaq, nə də onlar alt-travma almayacaq. Yəni hər gün ağlayan ana və ya əsəbləşən ata görən uşaq “atamla anam ayrıldı, amma biz yenə də xoşbəxtik” deyən uşaqdan daha çox travma alacaq.

Təbii ki, insanların ruh halı dəyişə bilər və bir gün əsəbi, digər gün yumşaq ola bilər. Amma bunu yansıtma şəklimiz önəmlidir. “Sən niyə bahalı telefonun adını bilirsən, barəmdə niyə bu qədər məlumatın var?” - deyib ərim məni döyəcəksə, mən bunu öncədən kəsdirib boşansam, əlbəttə ki, daha az travmam olacaq.

İnsanlar burada məsələni bir vurğunun üzərinə qoyaraq anlayırlar. Bu isə tamamilə yanlış fikirdir. Bir şeyi anlamayan insana istər Məcəlləni izah edin, yaxud professorlar gətirin, heç bir fərqi yoxdur və biz bunun üçün yorulmamalıyıq”.

“Qadınlar öz məsuliyyətlərini anlasalar, Azərbaycanda boşanmaların sayı azalar”.

Əfsanə Rüstəmova deyib ki, mütəxəssis olaraq istər qadınlara, istərsə də kişilərə mental məsləhət verməyə ixtiyarı yoxdur:

“Ailədə bir qadın öz kişisinin cibini görmədən və hesablamadan əlavə 3 min istəməz. İmkanlı olmayan adam niyə 3 minlik telefon arzusunda olsun ki? Demək ki, o adamın öz çapından və qədərindən xəbəri yoxdur. Arzulaya bilərəm, amma məhz buna görə boşanmaram, çünki ərimin qədərini bilirəm.

Əslində öz çapını bilməyəndən (istər qadın, istərsə də kişi olsun) boşanmaq lazımdır. Çünki o səni bu gün bahalı telefona görə boşamasa da, başqa bəhanə ilə sabah boşayacaq. Bu gün qadınlar ev işləri görmək istəmirlər və kişilər də öz analarından belə gördükləri üçün bütün qadınları dışlamağa (red. uzaqlaşdırmağa) başlayırlar.

Əslində qadınlar öz məsuliyyətlərini anlasalar, Azərbaycanda boşanmaların sayı azalar. Amma bu, mental bir yanaşmadır. Mənim isə mütəxəssis olaraq mental məsləhət verməyə ixtiyarım yoxdur. Çünki mən küçədə pomidor satan xala deyiləm. Mənim sadəcə elmi məlumat vermək kimi bir öhdəliyim var. Elm deyir ki, şəxsi emosional ehtiyaclar ödənmədiyi müddətcə Azərbaycanda boşanma üçün səbəbə ehtiyac yoxdur. Azərbaycan qanunvericiliyində boşanma üçün səbəb tələb olunmur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO