Son illər yeni çağırışlara cavab vermək və sosial-iqtisadi həyatımızdakı lokomotiv rolunu geri qazanmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif islahatlar aparılır. Çünki AMEA dəyişməyə və yenilənməyə məhkumdur.
Lakin bütün infrastruktur dəyişiklərinə baxmayaraq, AMEA-nın işində canlanma görmürük. Bəlkə də problemin bir səbəbi də bəzi insanların bütün enerjisini elmi araşdırmaya həsr etməməsidir. Məsələn, hazırda AMEA-da vəzifə tutan bir çox simalar, həm də Milli Məclisdə qanunvericilik fəaliyyəti ilə məşğul olurlar. Belə ki, Ali Qanunverici orqandakı 10-a yaxın millət vəkili həm də AMEA-da yüksək postlar tutur.
Bəs, onlar kimlərdir?
Bizim.Media həmin şəxsləri təqdim edir:
İsa Həbibbəyli
AMEA-nın prezidenti İsa Həbibbəyli xeyli müddətdir ki, parlamentdə təmsil olunur. Filologiya elmləri doktoru, professor İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının, Çingiz Aytmatov Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. O həm də 2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur.
Əhliman Əmiraslanov
65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli komitəsinin sədridir.
Nizami Cəfərov
Tanınmış dilçi alim Nizami Cəfərov filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar elm xadimidir. «Şöhrət» ordeni ilə təltif edilən deputatımız həm də Atatürk Mərkəzinin rəhbəri və Dünya Alpaqut Federasiyasının prezidentidir.
Ziyad Səmədzadə
Parlamentin ən yaşlı üzvü Ziyad Səmədzadə iqtisad elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Menecment Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir.
Rafael Hüseynov
Kürdəmir rayonundan deputat seçilən Rafael Hüseynov filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Oksford Akademiya İttifaqının həqiqi üzvüdür. 2003-cü ildən isə AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.
Musa Qasımlı
Tarixçi alim Musa Qasımlı artıq uzun illərdir ki, Milli Məclisin deputatıdır. O tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. 2016-cı ildən AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur.
Bəxtiyar Əliyev
Parlamentin ən stajlı üzvlərindən biri də Bəxtiyar Əliyevdir. Psixologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 26.10.2023
AMEA-da yüksək vəzifə tutan millət vəkilləri – SİYAHI
Hazırda oxunan: AMEA-da yüksək vəzifə tutan millət vəkilləri – SİYAHI
Hazırda oxunan: AMEA-da yüksək vəzifə tutan millət vəkilləri – SİYAHI
161463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.