Qubadlının azad olunması Laçın və Şuşaya yol açdı - FOTO

Qubadlının azad olunması Laçın və Şuşaya yol açdı - FOTO

Hazırda oxunan: Qubadlının azad olunması Laçın və Şuşaya yol açdı - FOTO

161384

44 günlük Zəfər yürüşü zamanı Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidə yerləşən Qubadlıya gedən yolun açılmasına əlverişli imkan yaratdı və Vətən müharibəsinin 29-cu günündə şanlı Azərbaycan Ordusu üçrəngli Bayrağımızı işğaldan azad edilən Qubadlı şəhərində dalğalandırdı. 

Bizim.Media xatırladır ki, Qubadlı şəhəri oktyabrın 25-də işğalçı qüvvələrin mühasirəyə salınması ilə azad edilib.

Qubadlının şərqindəki Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı.

Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və kəndləri işğaldan azad edilib. 

Bölmələrimiz Yazı düzünə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsilə irəliləyib və düşmənin 21 səngərini nəzarətə götürməklə, həm də Qubadlı şəhərinə nəzarəti ələ keçirib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək Qubadlı rayonu və ətraf kəndləri işğaldan azad ediblər. Oktyabrın 23-də həmin hərbi əməliyyatlar nəticəsində əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri ordumuzun nəzarətinə keçmişdi. Cəmi iki gün sonra – oktyabrın 25-də isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri işğalçılardan təmizlənib.

Düşmənin cəmləşdiyi Qubadlı şəhərinə iki istiqamətdən hücum olub. Bölmələrimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilən döyüş tapşırığı nəticəsində əvvəlcə şəhər ətrafında yüksəkliklər, sonra şəhər işğalçılardan təmizlənib. Qubadlı əməliyyatı həm də Laçın dəhlizinə, eyni zamanda, Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verdi.
Çünki Laçın dəhlizi düşmənin təminat yolu sayılırdı və erməni hərbi birləşmələri də bilirdi ki, Qubadlı strateji mövqedə yerləşir. Onların orada çox möhkəmlənməsinə baxmayaraq, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırığını ruh yüksəkliyi ilə yerinə yetirib, Qubadlını azad etməklə, həm də Laçına gedən yolu açıb və düşmənin əsas dayaq məntəqələrini məhv edib.

Hücum tapşırığı səhər saatlarında başlayıb və bölmələrimiz düşmənə xeyli yaxınlaşaraq döyüşə başlayıb. Bölmələrimiz Qubadlı-Laçın yolunu nəzarətə götürməli və yüksəkliyi tutmalı idi. Bu tapşırıq da uğurla icra edilib və düşmənin xeyli qüvvəsi zərərsizləşdirilib. Eyni zamanda, Zəngilan istiqamətində hücum nəticəsində düşmən tam mühasirəyə alınıb. İtki verən düşmən qüvvələri silah-sursat və texnikalarını ataraq qaçmağa başlayıb. Xeyli qənimət götürülüb. Bu uğurlu əməliyyat nəticəsində həm yüksəkliklər, həm Qubadlı şəhəri, həm də ətraf kəndlər ordumuzun nəzarətinə keçib, eyni zamanda, Qubadlı-Laçın yolunu da bağlamağa nail olunub.

Qubadlı ərazisi dağlıq və strateji mövqe olduğu üçün ermənilər buradan çıxmaq istəmirdilər. Bu baxımdan Qubadlı rayonuna iki istiqamətdən təşkil olunan hücum çox önəmli idi. Rəşadətli Ordumuz düşmənin güclü müqavimətini qıraraq Qubadlı şəhərini azad etdi. Əməliyyatın uğurla icrası nəticəsində Laçın dəhlizinə və Şuşa istiqamətinə gedən yol da açıldı.
Hazırda qalib Azərbaycan Ordusu azad Vətən torpaqlarının keşiyində dayanır. Vətəni müdafiə edən əsgər və zabitlərimiz üçün müasir tələblərə cavab verən hərbi hissələr, silah-sursatla təminat və gündəlik təminat yüksək səviyyədə təşkil edilib. Komandolarımız gündəlik rejimə uyğun olaraq idman, döyüş təlim tapşırığı yerinə yetirirlər.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO