Paytaxtın havasını ZƏHƏRƏ ÇEVİRƏNLƏR – Dizel maşınlar atmosferi necə KORLAYIR?

Paytaxtın havasını ZƏHƏRƏ ÇEVİRƏNLƏR – Dizel maşınlar atmosferi necə KORLAYIR?

Hazırda oxunan: Paytaxtın havasını ZƏHƏRƏ ÇEVİRƏNLƏR – Dizel maşınlar atmosferi necə KORLAYIR?

160448

Abşeron yarımadasında havanın çirklənmə əmsalı normadan xeyli yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı son məlumatda deyilir ki, Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.6, dəm qazı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3, Sumqayıt şəhərində 1.1 dəfə yüksək müəyyən edilib.

Səbəb nədir?

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Nəzərə alaq ki, ölkə üzrə sərnişin və yükdaşımaları əsasən dizel yanacağı ilə işləyən avtomobillər hesabına həyata keçirilir. Hazırda əksər ölkələr dizel yanacağı ilə işləyən avtomobillərdən imtina edir. Bizdə isə bu avtomobillərin tətbiq sahələri günbəgün genişlənir. Hətta şəhərin mərkəzi və tarixi yerlərində dizellə işləyən avtobus və yük maşınları şütüyür.

Nəzərə alaq ki, avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı, karbohidrogenlər, azot oksidləri  daxildir. Məlumata görə, 20000 km yürüş etmiş avtomobil havaya 0,775 kiloqram qurğuşun, 40,75 kiloqram azot oksidləri, 234 kiloqram karbohidrogen və 765 kiloqram dəm qazı buraxır. 
Günəş işığının təsirindən bu tullantılar kimyəvi dəyişikliyə məruz qalır və zərərli maddələrin siyahısı aşağısəviyyəli, troposferli ozonla və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Məhz bu maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekoloq Çingiz İsmayılov bildirib ki, əvvəlki onilliklərdə Abşeron yarımadası əsasən sənaye müəssisələri hesabına çirklənirdi:

“Bir zaman Bakıda “qara şəhər” deyilən ərazi vardı. İndi orada “ağ şəhər” salınır. Amma indi Bakı və ətraf ərazilər əsasən avtomobillər hesabına çirklənir. Hər gün avtomobillər hesabına atmosferə hədsiz dərəcədə ziyanlı tullantılar atılır. Ən pisi də odur ki, paytaxtdakı avtomobil və yük maşınlarının tam əksəriyyəti dizel yanacağı ilə işləyir. Dizel yanacağın havaya atdığı zərərli maddələr barədə danışmaq artıqdır”.

Bəs, problemin çözümü nə ola bilər?

“Şəhərə elektromobillər gətirilsə, ekoloji vəziyyət xeyli düzələr. İnkişaf etmiş ölkələrdə ildə bir gün “avtomobilsiz  gün” tədbiri keçirilir. Yalnız velosipedlərdən istifadə olunur. Bizdə də bunu tətbiq etmək olar. Bəzi ölkələrin iri şəhərlərində mərkəzi və tarixi yerlərə avtomobillərin girişi ümumiyyətlə bağlıdır. Amma bizdə İçərişəhərə də avtomobillə girmək olur. 

Elektromobillərin tətbiq sahəsini, velosipedin təşviqini genişləndirmliyik. Bu cür tədbirlər ekoloji gərginliyi xeyli aradan qaldıra bilər. Bunun üçündə məqsədyönlü siyasət aparmaq lazımdır.

Bu məsələdə iqtisadi rıçaqları işə salmaq lazımdır ki, sahibkarlar maraqlı olsunlar ki, daha çox elektromobil gətirsinlər. İki dənə elektrobus gətirməklə iş bitmir. Bu kütləvi olmalıdır. Kütləvilik olanda onun infrastrukturu da yaranacaq. Elektik stansiyaları və servis mərkəzləri də tədricən formalaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO