Bu gün Vətən torpaqlarının terrorçulardan azad edilməsini məhz onlara borcluyuq. Qanı ilə tarixə silinməz izlər qoyan şəhid qəhrəmanlarımıza. Bu yurdun yetişdirdiyi qəhrəman oğullar cismən aramızda olmasa da, onlar həmişə millətimizin qəlbində yaşayır.
Bizim.Media-nın yerli bürosu Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazan daha bir igid oğulumuzu, Qaxdan olan Əfəndi Səfərovu tanıdacaq.
Səfərovlar ailəsi
Qaxın Qaxbaş kəndində Səfərovların evi artıq üçüncü ildir insanların daha çox üz tutduğu, qapısını döydüyü məkanlardan biridir. Çünki bu evin, ailənin övladı Əfəndi Səfərov Vətən müharibəsində şəhid olub. Həm də baş tacımız olan Şuşa düşməndən azad edilən gün.
Şəhidimizin doğulduğu evin bütün otaqlarında onun və döyüş yoldaşlarının xatirəsinə ehtiram olaraq guşə təşkil edilib. Hara baxsan ordan Əfəndi və döyüş yoldaşlarının məğrur baxışlarıyla qarşılaşırsan.
İlk könüllülərdən idi Əfəndi...
Vətənin dar günündə igid oğullar kimi o da əlinə silah alıb ön cəbhəyə yollandı. Əfəndi Cahangir oğlu Səfərov 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olub. 2014-cü ildə Qax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin Tovuz hadisələri zamanı general Polad Həşimovun şəhid olması hamı kimi Əfəndinin də qəlbində dərin iz buraxır. O, Qaxın ilk könüllərindən idi ki, adını hərbi komissarlıqda qeyd etdirir. Vətən Müharibəsi başlayanda hər kəs kimi Əfəndi də əlinə silah götürərək Vətənin müdafiəsinə qalxır.
Cəbhədə igidliklə vuruşub.
Döyüş yoldaşları bu barədə ailəsinə dəfələrlə maraqlı epizodlar, xatirələr danışıblar. Şəhid anası Gültəkin Səfərova deyir ki, oğlunun könüllü sürətdə Vətənin müdafiəsinə getməsinin bir neçə səbəbi vardı:
“Ən başlıcası isə mənim qardaşım da 1993- cü ilin itkin şəhididir. Əsgərən rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Cənazəsi gəlməyib, amma ona şəhidlik statusu verilib. Oğlum da dayısının və digər Qarabağ şəhidlərinin qisasını almaq üçün getdi. Son günədək döyüşdü. Daşaltıda qəhrəmancasına şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin” deyir.
İdmanı o mənə sevdirdi.
Aqşin Səfərli deyir ki, o, qardaşı ilə həmişə fəxr edib. İndi isə onunla ikiqat, daha çox fəxr edir. Aqşin qardaşının idmanla məşğul olduğunu, xüsusən futbol oynamasını belə xatırlayır:
“O uşaqlıdan futbolla məşğul olub. Məni də futbola o özü cəlb edib. Bu da onun futbol üzrə medalları. Futbolda bir neçə dəfə uğurları olub. Bu gün onun yolunu mən davam etdirirəm”.
Generalın şəhid olması onu dəyişdirdi.
Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan Əfəndi Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan minaatan mərminin patlaması ilə qəhrəmancasına şəhid olur. Atası Cahangir kişinin ən böyük təsəlilərindən biri də budur ki, oğlu baş tacımız olan Şuşanı düşməndən azad edərkən şəhidlik məqamına yüksəlib.
Şəhidin atası Cahangir Səfərov deyir ki, Polad Həşimovun şəhid edilməsindən sonra oğlunda başqa bir dəyişkilik baş verdi:
“Polad Həşimovun ölümündən sonra Əfəndinin hərbiyə marağı çox artdı. İdmanı buraxdı və hər dəfə deyirdi ki, “mən döyüşlərə gedəcəm”. Elə bil özünü evdə hazırlaşdırırdı. Müharibə başlayanda heç bizim xəbərimiz də olmadı, işdə olurdu, otellərin birində mühafizəçi işləyirdi. Elə ordan hərbi komissarlğa gedib, adını yazdırıb. Getdi Vətən uğrunda döyüşdü. Şuşaya qədər getdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənimiz sağ olsun. Oğlumuz Vətən, Millət uğrunda gedib. Prezidentimizə də allah can sağlığı versin ki, onun Dəmir Yumruğu altında erməniləri əzdilər, şəhidlərin qanı yerdə qalmadı”.
Qeyd edək ki, Əfəndi Səfərovun müharibədə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Şuşanın azad olunmasına görə”medaları ilə təltif edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 16.10.2023
Qardaşı Əsgəranda, oğlu Şuşada şəhadətə ucalan ŞƏHİD ANASI – Qaxdan REPORTAJ/FOTO
Hazırda oxunan: Qardaşı Əsgəranda, oğlu Şuşada şəhadətə ucalan ŞƏHİD ANASI – Qaxdan REPORTAJ/FOTO
Hazırda oxunan: Qardaşı Əsgəranda, oğlu Şuşada şəhadətə ucalan ŞƏHİD ANASI – Qaxdan REPORTAJ/FOTO
160039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.