Ersin Tatar İçərişəhərdə - FOTO

Ersin Tatar İçərişəhərdə - FOTO

Hazırda oxunan: Ersin Tatar İçərişəhərdə - FOTO

159975

Oktyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

Bizim.Media  xəbər verir ki, İçərişəhərdə gəzinti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə tanışlıqla başlayıb.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.
Qonaqlar təzə bişmiş təndir çörəyinin dadına baxandan sonra İçərişəhərdə XVII əsrə aid Yeraltı hamam və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olublar.

Sonra qonaqlara Qoşa Qala qapısı və Bakının rəmzlərindən biri sayılan Qız qalası abidəsinin tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib.

Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanılması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən 2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri aparılıb.

Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisində yenidən təşkil olunan daş ekspozisiya qonaqların diqqətini çəkib.

Ersin Tatar gəzinti zamanı, həmçinin sakinlərlə həmsöhbət olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO