Aqrar kreditlərlə bağlı YENİLİK – Fermerləri nə GÖZLƏYİR? – TƏHLİL

Aqrar kreditlərlə bağlı YENİLİK – Fermerləri nə GÖZLƏYİR? – TƏHLİL

Hazırda oxunan: Aqrar kreditlərlə bağlı YENİLİK – Fermerləri nə GÖZLƏYİR? – TƏHLİL

159547

Ölkədə davam edən iqtisadi artım bankların kredit portfelinin genişlənməsini şərtləndirir. Mərkəzi Bankın açıqladığı rəsmi rəqəmlərə görə, cari ilin əvvəlindən bank sektorunun kredit portfeli 11.3%, biznes kreditləri portfeli isə 8.9% artıb. Biznes kreditləri portfelinin artımının 13%-i kənd təsərrüfatı kreditlərinin payına düşüb. Avqustun 31-nə qədər banklar tərəfindən kənd təsərrüfatına verilmiş kreditlər cəmi biznes portfelinin 12.5%-ni (1.5 mlrd. manat) təşkil edib.

Yeni “kənd təsərrüfatı krediti” anlayışı ortaya çıxır…

Qeyd edilir ki, ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər aqrar sahənin kreditləşməsi ilə bağlı riskləri azaltmağa və banklar tərəfindən kənd təsərrüfatının maliyyələşdirilməsində yeni imkanlar yaratmağa təkan verib.

AMB, kənd təsərrüfatı sahəsinin kreditləşməsini dəstəkləyən requlyativ çərçivəyə “kənd təsərrüfatı krediti” anlayışı və borcalanlar üzrə meyarların daxil edildiyinə diqqətə çatdırır:

“Kənd təsərrüfatı məhsullarının istehsal prosesini əhatə edən xərclərin, istehsal avadanlıqlarının alınması və kənd təsərrüfatı sahəsində inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə verilmiş kreditlər “kənd təsərrüfatı krediti” anlayışına aid edilib.

Məhsul istehsalçısı özü olmayıb, yalnız emal və ticarətlə məşğul olan şəxslərə verilmiş kreditlər isə kənd təsərrüfatı krediti deyil, standart biznes kreditləri kimi təsnifləşdiriləcək. Əlavə olaraq, ailə kəndli təsərrüfatları aqrar kreditləri üzrə borcalanlar sırasına da daxil edilib.

Kənd təsərrüfatı kreditləri üzrə kapital tələbləri müəyyənləşdirilib. Mikro sahibkarlara milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri 75%-lik risk qrupuna, ailə kəndli təsərrüfatlarına verilmiş kənd təsərrüfatı kreditləri 100%-lik risk qrupuna aid edilib.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara verilmiş kənd təsərrüfatı kreditləri isə 50%-lik mövcud risk qrupunda saxlanılıb”. Bu açıqlananlar məsələnin rəsmi tərəfidir.

Reallıq isə ondan ibarətdir ki, bu gün banklar və digər maliyyə təşkilatları aqrar sahəyə kredit və maliyyə dsətəyi verməyə maraqlı deyillər. Bunu həmsöhbət olduğumuz iqtisadçı-ekspertlər və deputatlar da təsdiq edirlər.

Bəs əsl reallıq nədən ibarətdir?

Ümumi mənzərə ondan ibarətdir ki, fermerlər və sahibkarlar onlara göstərilən ögey münasibətdən narazılıq edirlər. Belə ki, banklar regionlara və bu sahəyə ayırdıqları kredit faizlərini fantastik dərəcədə artırır, yaxud fantastik tələblər irəli sürürlər. Əsasən də şəhər yerində daşınar və daşınmaz əmlakın olması kimi digər şərtlər çox ağırdır və bu tələblərə əməl etmək, demək olar ki, mümkün deyil.

Bununla bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əgər sahibkarın belə imkanları varsa, banklardan kredit götürməyə də ehtiyacı olmaz və əlində olan vəsaitləri həmin sahələrin inkişafına yönəldər:

“Halbuki, regionlarda aqrar və biznes sahələrinin inkişaf etdirilməsinə ciddi ehtiyac var və bura ən aşağı faizlərlə kreditlərin verilməsi çox vacibdir. Bu isə dövlətin elan etdiyi proqramlarla üst-üstə düşmür, çünki regionların inkişafı üçün çalışır”.

Digər iqtisadçı ekspert Xalid Kərimli, düşünür ki, aqrar sahəyə vəsaitlərin subsidiya şəklində ayrılması doğru deyil:

“Bu gün bir çoxları deyir ki, xərclər artırılmalıdır.

Hardan və necə artacaq?

Bunu soruşan yoxdur! Büdcə gəlirlərinin 52 faizini neftdən gələn gəlirlər təşkil edir. Bunun bir hissəsini isə aqrar sahəyə ayırmaq da düzgün deyil. Subsidiyaları elə sahələrə ayırmaq lazımdır ki, perspektivli və daim inkişaf edən bir sahə olsun. Əgər bir sahəni inkişaf etdirmək mümkün deyilsə, böyük subsidiyaların da nəticəsi olmayacaq”.

Milli Məclisin deputatı Tahir Rzayev parlamentin plenar iclaslarında bununla bağlı bir neçə dəfə müzakirələr aparıldığını qeyd edib:

“Hətta bəzi deputatlar həmin şərtlərin sadəşdirilməsi, hətta regionlar üçün qoyduqları şərtlərin asanlaşdırılması, kreditin əlçatanlılığını təmin edilməsi və girov məsələsinin aradan qaldırılması ilə bağlı banklar qarşısında həm təkliflər, həm də tələblər irəli sürüblər. Təkliflərdən də biri bu olub ki, hökumət bu hallarla bağlı banklar qarşısında ya tələblər qoymalı, ya da dəstək verməlidir”.

Deputat, parlamentin payız sessiyalarında bu məsələnin yenidən qaldırılacağını və müzakirələrin aparılacağını diqqətə çatdırıb:

“Əvvəlki sessiyalarda da həmkarlarım tərəfindən bu məsələ qaldırılıb. Bu barədə yenidən müraciətlər və təkliflər olarsa, müzakirələr davam etdiriləcək. Mən özüm də bu məsələdə maraqlıyam. Yəqin ki, payız sessiyalarında müəyyən fikirlər olacaq və təkliflər səsləndiriləcək”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO