Paytaxtda saxta iş elanlarının sayı ARTIR: Günahkar KİMDİR? – ARAŞDIRMA 

Paytaxtda saxta iş elanlarının sayı ARTIR: Günahkar KİMDİR? – ARAŞDIRMA 

Hazırda oxunan: Paytaxtda saxta iş elanlarının sayı ARTIR: Günahkar KİMDİR? – ARAŞDIRMA 

159388

Son vaxtlar paytaxt ərazisində çoxlu sayda iş elanlarına rast gəlinir ki, böyük əksəriyyəti saxtadır. Çoxu da əsasən də dayanacaqlarda və əhalinin sıx yerlərində yerləşdirilir. İş axtaran bəzi şəxslər də bu elanlardakı şirnikləşdirici sözlərə aldanaraq, qeyd olunan əlaqə nömrəsi ilə əlaqa yaradırlar.

Üstəlik, onların ofislərinə gedir və iş danışıqlarına başlayır, üzərindəki son manatını da depozit kimi ödəyir. 

Ofis işçisi isə pulu ondan aldıqdan sonra yaxın vaxtlarda yenidən çağıracaqlarını bildirərək yola salır.Bu cür şirkətlər onlarla belə şəxsləri aldadır, qurduqları tora çəkir və lazım olan vəsaiti topladıqdan sonra isə yoxa çıxırlar. 

Bu kimi hallar Bakı şəhərində dəfələrlə baş verib və çox sayda insan belə saxta elanların qurbanına çevrilib.  

“Bu tip elanlar etik baxımdan da diskomfort yaradır”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu tipli elanların heç də hamısı saf niyyətli deyil:
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏTLİ OLUN - Sayta maşın elanı qoyub vətəndaşları aldadırlar


“Onların böyük əksəriyyəti dələduzlar tərəfindən tərtib olunur və işaxtaranların aldadılmasına xidmət edir. Bu tip elanlar küçələrdə olması etik baxımdan da diskomfort yaradır. Yaxşı olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi (DMA), bu sahədə fəaliyyət göstərən QHT-lər və müvafiq qurumlar bununla mübarizə işlərini həyata keçirsinlər. Ona görə ki, belə bir səliqəsiz ortamda elanların olması hüquqi məsuliyyəti azaldır. Yalnız hadisə baş verdikdən sonra hüquq-mühafizə orqanları araşdırma aparmağa başlayır, bu da artıq gec olur”. 

Müsahibimiz, belə elanların çoxunda anormal təkliflərin və şərtlərin yazıldığını da çatdırıb:

“Əsasən iş axtaranların qadın, yaşının da az olması kimi tələblər qoyulur, üstəlik geyim tərzinə müdaxilə olunur. Baş verənlərin təhlili göstərir ki, aldananların və qurbanların sayı kifayət qədərdir. Belə halların aradan qaldırılması üçün bu sahənin bir qədər səliqəyə salınmasına ehtiyac var. Eyni zamanda, əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır”. 

Belə elanların yayılması niyə dələduzluq sayılmır?

Hüquqşünas Əkram Həsənovun sözlərinə görə, elanın küçələrdə və dayanacaqlarda yerləşdiriməsində hüquqi cəhətdən heç bir problem yoxdur:

“Hətta internet resurslarında da yerləşdirilə bilər və bu, heç bir məsluliyyət yaratmır. Əslində reklamın yerləşdirilməsi ödənişli olmalıdır. Belə ki, sahibkar əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etməli və ödəniş həyata həyata keçirməlidir. Əgər ödəniş etmədən və razılaşma olmadan belə reklamlar yerləşdirirsə, o zaman bunun günahı BŞİH-dədir. Ona görə ki, belə hallar bağlı araşdırma aparmır və səbəbləri müəyyən etmir”.

Hüquqşünasın fikrincə, əgər vətəndaş da elan əsasında göstərilən ünvana gedirsə, bu artıq onun inanması ilə bağlıdır: 

“İş burasındadır ki, ortada elan verən şəxslə müraciət edən şəxs arasında depozitin verilməsi ilə bağlı müqavilə imzalanması və ya imzalanmaması məsələsi var. Əgər müqavilə varsa, o zaman vətəndaş diqqətli olsun və şərtlərə baxsın.

Əgər şərtlərdə, vətəndaşın ödədiyi depozitin müqabilində şirkət onun işlə təmin olunması üçün axtarışın edilməsi ilə bağlı müddəa əks olunubsa, amma iş yeri tapılmayıbsa, “biz heç nə edə bilməyəcəyik və pulu da qaytarmayacağıq” – cavabı verilirsə, deməli burda qanunsuzluq yoxdur. Ancaq tərəflər arasında müqavilə bağlanmayıbsa, o zaman bu, vətəndaşın aldadılmasıdır və vətəndaş da bununla bağlı aidiyyatı orqanlara şikayət edə və pulun qaytarılmasını tələb edə bilər”. 

Onun sözlərinə görə, elan verən sahibkar vətəndaşdan pul alırsa, əvəzində qəbz və ya kassa-mədaxil orderi verməlidir:

“Ona görə ki, sahibkardır və pulu qəbzsiz ala bilməz. Əgər vətəndaşdan kassa-mədaxil çeki olmadan alırsa, artıq bu, dələduzluq faktıdır və vətəndaşın şikayət etmək hüququ var”. 

Mövzunu davam etdirəcəyik.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO