Daha bir məşhur estetik əməliyyatın qurbanı oldu. Bu dəfə məşhur argentinalı aktrisa və model Jaklin Karrieri estetik əməliyyatdan sonra 48 yaşında vəfat edib. Model və aktrisalıqdan əlavə tanınmış sahibkar olan Karrierinin ölümünə səbəb estetik əməliyyatdan sonra səhhətində yaranan problemlər və fəsadlar olub.
Bir ayda 9 dəfə əməliyyata girənlər də var...
Xatırladaq ki, daha əvvəl digər argentinalı aktrisa və model, 43 yaşlı Silvina Luna etdirdiyi uğursuz plastik əməliyyatlardan sonra dünyasını dəyişib. Bundan başqa Azərbaycanlı model və bloger Leyla Mirzəliyevanın səhətində plastik əməliyyatlar nəticəsində ciddi problem yaranıb. Bu məsələdə ən dəhşətli fakt modelin 1 ayda 9 dəfə əməliyyat olunmasıdır.
MÖVZU İLƏ BAĞLI:
Estetik əməliyyat etdirərkən EHTİYATLI OLUN!
Estetik əməliyyatların riskli olması barədə ekspertlər tərəfindən açıqlamalar verilib, araşdırma yazıları dərc olunsa belə nəticə dəyişmir. Estetik əməliyyat etdirənlərin sayı günbəgün artır. Əvvəllər təkcə fiziki qüsuru olan insanlar bu əməliyyatları etdirirdi. Lakin indi bu kütləvi şəkil alıb.
18 yaşında nə estetik əməliyyat?
Ən pisi də odur ki, əməliyyat üçün müraciət edənlərin yaşı da cavanlaşıb. İndi 18 yaşında olan şəxslər belə estetik əməliyyat üçün müraciət edirlər. Halbuki 25 yaşa qədər estetik əməliyyat etdirmək yolverilməzdir. Bu əməliyyatlar insanlara zahiri gözəllik gətirsə də çox zaman əməliyyatdan sonra ciddi fəsadlar ortaya çıxır, bəzənsə ölümlə nəticələnir.
Həkimlər hesab edir ki, əməliyyatın özü qədər sonrakı proses də vacibdir. Əməliyyatdan sonra doğru müalicə və qulluq edilməzsə, bu zaman nəticə ürək açan olmaya bilər. Plastik əməliyyatlardan sonra belə ağır xəstəliyə mübtəla olma halları son vaxtlar getdikcə çoxalır. Təəssüf ki, belə ağır fəsadlar çox zaman ölümlə nəticələnir.
Bəs, bunu bilə-bilə insanlar niyə riskə gedirlər?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, plastik əməliyyatların yaşı çox gəncləşib:
“Son illər gənc qadınlar arasında plastik əməliyyat etdirmək trend olub. Çox təəssüf ki, bu gün 18-20 yaşlı qızlar çəkinmədən bıçaq altına girirlər. Amma onlar unudurlar ki, ən azı 25 yaşadək orqanlara toxunmaq olmaz. Çünki, 25 yaşadək orqanlarda böyümə gedir. Ona görə də gənc yaşlarında plastik əməliyyatlar keçirən insanlarda sonradan ciddi xəstəliklər üzə çıxır”.
Psixoloq daha bir həssas məqama toxunub:
“Bu məsələdə narahatlıq doğuran məqamlardan biri də odur ki, qadınlar davamlı əməliyyatlardan çəkinmirlər. Elə olur ki, istədiyi bədən fiqurasını və yaxud üz cizgilərini almaq üçün bir ay içində 2-3 dəfə bıçaq altına girirlər. Amma həmin xanımlar unudurlar ki, hər əməliyyatda hansısa toxuma zədələnir. Bu da sonradan qorxulu xəstəliklərə yol açır”.
Gülnar Orucova bu məsələdə həkimləri də qınayıb:
“Bəzi həkimlər öz Hippokrat andlarını çoxdan pozublar. Onlar davamlı şəkildə apardıqları əməliyyatların fəsadları barədə pasiyentə heç bir xəbərdarlıq etmirlər. Pula görə hər şeyə göz yumurlar. Halbuki həkimlər yaxşı bilirlər ki, orqanlara edilən müdaxilə heç zaman fəsadsız qalmır. Amma bu barədə susurlar. Bir çox hallarda kosmetoloqlar da cərrahlıq edirlər”.
Surxay Atakişiyev, Bizim.Media