Son 10 gündə paytaxtda və ölkənin bəzi ərazilərində internetin sürəti xeyli zəifləyib. Bununla bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olub. Müraciətdə konkret ünvanlar da göstərilib.
Məsələn, paytaxtın Yasamal rayonu General Akim Abbasov küçəsi, Suraxanı rayonu Yeni Günəşli AB massivi, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 234 və digər ünvanlardakı abonentlər son günlər internet sürətinin zəif olmasından şikayətlənirlər.
MÖVZU İLƏ BAĞLI:
Dünya əhalisinin neçə faizinin internetə çıxışı yoxdur?
Nəzərə alaq ki, Bakıda çoxsaylı internet provayderləri fəaliyyət göstərir. Onların ən böyüyü isə “Bakı Telefon Rabitəsi” MMC-dir (BAKTELECOM).
Məsələ ilə bağlı “BAKTELECOM”la əlaqə saxladıq.
Qurumdan Bizim.Media-ya bildirilib ki, sözügedən ünvanlardakı xidməti ərazisində internetin təminatı istiqamətində kütləvi nasazlıq müşahidə olunmur:
“Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar.
Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır. Texniki problemlərlə qarşılaşdıqları halda “Baktelecom” abunəçilərindən “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur”.
Qurumdan o da bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib:
“Layihə çərçivəsində ümumilikdə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb”.
Surxay Atakişiyev, Bizim.Media