BİZİM TƏQVİM: 10 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 10 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 10 oktyabrda baş vermiş tarixi hadisələr

159048

10 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib. 

Bundan başqa Qubadlıda düşmənin “S-300” idarəetmə sistemi, Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri və Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.

Bəs, oktyabrın 10-da dünyada daha hansı hadisələr baş verib?

1. 680-ci ilin 10 oktyabr tarixində İraqın Kərbəla şəhəri yaxınlığında Məhəmməd peyğəmbərin nəvəsi Həzrət Hüseyn və yaxınları xəlifə Yezidin əsgərləri tərəfindən qətl edildi.  Bu hadisə tarixə "Kərbəla müsibəti" olaraq düşdü.

2. 1780-ci ilin 10 oktyabrında Karib hövzəsində baş verən qasırğada təxminən 20 min adam həyatını itirdi.

3. 1918-ci il oktyabrın 10-da Bakı Şəhər İdarəsi tərkibində yanğınsöndürmə komandası təsis edildi.  Azərbaycan Prezidentinin 2002-ci il 5 oktyabr tarixli sərəncamı ilə hər il 10 oktyabr Yanğınsöndürənlərin Peşə Bayramı olaraq keçirilir.  

4. 10 oktybar 1933-cü ildə “United Airlines” hava şirkətinə məxsus təyyarədə təxribat törədildi. Bu, təxribatla endirilən ilk mülki təyyarə olaraq aviatarixə düşdü.

5. 1933-cü ilin bu günündə dünyada ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarında yuyucu toz satışa çıxarılıb. 

6. 1944-cü ilin 10 oktyabrından 800 qaraçı uşaq sistemli şəkildə alman faşistləri tərəfindən Polşada Osventsim toplama düşərgəsində öldürüldü.

7. 10 oktybar 1986-cı ildə Salvadorda baş verən 7,5 bal gücündə zəlzələ zamanı 1500 nəfər həyatını itirdi.  

8. 10 oktyabr 1997-ci ildə Strasburqda Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında keçilən görüşdən sonra iki lider bəyanatla çıxış edərək Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT Minsk qrupu həmsədrlərinin “mərhələli həll” planını qəbul etdiklərini bildiriblər. Bundan sonra Ermənistanda Ter-Petrosyan əleyhinə çıxışlar başladı və o, 1998-ci ilin yanvarında istefa verdi.

9. 2015-ci ilin 10 oktyabrında Türkiyənin paytaxtı Ankarada keçirilən Əmək, Sülh, Demokratiya mitinqi ərəfəsində 2 ayrı-ayrı partlayış oldu: 102 adam həyatını itirdi, 391 nəfər yaralandı.

10. 10 oktyabr 2017-ci ildə Amerika Birləşmiş Ştatları Türkiyə vətəndaşlarının viza müraciətlərini qəbul etməyincə Türkiyə də cavab olaraq ABŞ vətəndaşlarının viza müraciətlərini təxirə saldı.

11. Hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün 1992-ci ildə Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-nin beynəlxalq və ümumdünya günlər siyahısına daxil edilib. 

12. Oktyabrın 10-u həm də Edam Cəzasına qarşı Beynəlxalq və Avropa Mübarizə Günüdür.

10 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, məhşur İtaliya bəstəkarı Cüzeppe Verdi 1813-cü ilin bu günü anadan olub.

2. 15 yaşından yaradıcılığa başlayan Cüzeppenin 26 yaşında (1839) “Oberto” adlı operası tamaşaya qoyulub. Cüzeppe Verdinin “Aida”, “Traviata”, “Roqoletto” operaları dünya səhnələrində bu gün də uğurla nümayiş etdirilir (1813-1901).

3. Norveç səyyahı, okeanoqraf, ictimai xadim Frityof Nansen 1861-ci ilin 10 oktyabrında dünyaya gəlib.

4. 10 oktyabr 1907-ci ildə şair, ədəbiyyatşünas Hümmət Əlizadə (1907-1941) anadan olub.

5. 10 oktyabr 1911-ci ildə tanınmış ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanov (1911-1993) anadan olub.

6. Azərbaycanda ərəbşünaslığın banilərindən olan Ələsgər Məmmədov 1919-cu ilin bu günü Bakıda anadan olub.  Ələsgər Məmmədov 30-dək ərəb dili dərsliyi və dərs vəsaitinin müəllifidir. Rus dilində yazdığı “Arabskiy yazık” (Арабский язык) dərsliyindən Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə bu gün də istifadə olunur.  Azərbaycanın məşhur dil alimi Nürnberq beynəlxalq hərbi tribunalında alman dilindən tərcüməçilik edib (1919-2000).

7. Qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində Azərbaycanın dünyada tanınan alimlərindən olan professor Yəhya Məmmədov 1930-cu ilin 10 oktyabrında anadan olub (1930-2000).

8. 10 oktyabr 1939-cu ildə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru elmi dərəcəsi almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida İmanquliyeva (1939-1992)  doğulub. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.

9. 10 oktyabr 1976-cı ildə ustad xanəndə, Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı Ağabala Abdullayev (1910–1976) vəfat edib. Füzuli rayonunda yaşayıb, bir çox xanəndələrin müəllimi olub.

10. 10 oktyabr 2015-ci ildə Xalq artisti Nuriyyə Əhmədova (26.12.1950 – 2015) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO