XİN ATƏT sədrinin bölgədəki vəziyyətlə bağlı bəyanatını PİSLƏDİ 

Hazırda oxunan: XİN ATƏT sədrinin bölgədəki vəziyyətlə bağlı bəyanatını PİSLƏDİ 

158661

"ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani tərəfindən verilmiş və Azərbaycana qarşı qərəzli ittihamlarla dolu bəyanatı şiddətlə qınayır və rədd edirik". 

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in yaydığı məlumatda deyilir. 

“Bu bəyanat, ATƏT sədrliyinin mandatına, o cümlədən ATƏT Nazirlər Şurasının Porto iclasının 8 nömrəli Qərarına uyğun olaraq, sədrlik fəaliyyətinin ATƏT-in bütün üzv dövlətləri tərəfindən razılaşdırılmış mövqelərə zidd olmamasının təmin edilməsinə dair tapşırığa açıq şəkildə ziddir. 

ATƏT-in Ermənistan tərəfindən bu Təşkilatın prinsip və öhdəliklərinin ciddi şəkildə pozulmasına on illərlə davam edən qəbuledilməz etinasızlığı fonunda, birtərəfli və qərəzli fikirlərə əsaslanan bu mövqe ağlabatan hesab oluna bilməz. ATƏT-in, onun Sədrliyinin və digər strukturlarının bu kimi məqsədlər üçün sui-istifadəsi eyni zamanda bu Təşkilatın hazırda üzləşdiyi problemlərin həlli yollarının tapılması səylərinə xələl gətirir. 
ATƏT-ə, uzun illərdir Ermənistanın və bir sıra vasitəçi olmağa cəhd göstərən iştirakçı dövlətlərin destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olan həll yolunun bir parçası olmaq üçün şansının mövcudluğunu xatırlatmaq istərdik. 

Azərbaycanın ATƏT-in mövcud öhdəliklərinə uyğun olaraq ardıcıl çağırışlar etməsinə baxmayaraq, onilliklər ərzində bu Təşkilatın ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasını və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmaq hüququnu təmin etmək üçün öz mandatını yerinə yetirməsinə maneə törədilib. Münaqişədən sonrakı bərpa və quruculuq səylərində, o cümlədən minalardan təmizlənmə proseslərində müsbət rol oynamasına dair ATƏT-ə ünvanlanmış çağırışlarımıza da məhəl qoyulmayıb. 

ATƏT-in son üç onillikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Ermənistanın Azərbaycan ərazilərini işğalının nəticələrinin aradan qaldırılması üçün yaradılmış strukturlarından səmərəli istifadədə uğursuzluğa düçar olmasını nəzərə alaraq, bu Təşkilatın fəaliyyətdə olan sədrinin müstəqil beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil. Helsinki Yekun Aktında təsbit olunmuş güc tətbiq edilməməsi prinsipi də daxil olmaqla, bütün prinsiplərin birbaşa olaraq Ermənistan tərəfindən pozulduğunu, habelə BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həm diplomatik, həm də hərbi baxımdan öz ərazilərinin işğalına son qoymağın hər zaman Azərbaycanın legitim hüququ olduğunu da bir daha xatırlatmaq istərdik. 

Bundan əlavə, milli azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının qorunması ilə bağlı istənilən mexanizmin, bu şəxslərdən dövlətlərin suverenliyi və ərazi bütövlüyünü pozmaq üçün alət kimi istifadəsini qadağan etdiyini də xatırlatmaq istərdik. Bu baxımdan, biz bütün tərəfləri bu öhdəliyə ciddi riayət etməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərindən çəkinməyə çağırırıq. 
Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, regionda sülh və Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyasına nail olmaq əzmində olduğunu bir daha təsdiqləyir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO