Məlum olduğu kimi, bir neçə gün əvvəl Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb. Daxili İşlər Nazirliyi bununla bağlı dərhal məlumat yayımladı.
Məlumatda, bu ərazilərdə narkotik vasitələrin yetişdirilməsi işlərinin aparıldığını, xüsusilə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib becərilməsi işinin təşkil olunduğunu diqqətə çatdırılır.
Bildirilir ki, 30 il ərzində bu ərazilərimizdə narkotiklərin əkilib becərilməsi işi geniş şəkildə təşkil edilib:
“Bu çətənə bitkisi narkotik maddələrin emal prosesində xammal hesab olunur. Qurudulduqdan sonra marixuana olsa da, zənginləşdirilmiş formada digər psixotrop tərkibli maddələrin hazırlanmasında istifadə edilir.
Mütəxəssislər hesab edirlər ki, bu narkotik vasitənin “sativa” növüdür. Bu da dünya bazarında daha çox tələbat olan məhsuldur. “Qara bazar”da onun 1 kiloqramının qiyməti 8-10 min manat arasında dəyişir. Bunun zənginləşdirilərək başqa maddələrə çevrilməsi halında isə qiymətlər fərqli olur”.
“Ermənilər bu plantasiyalar vasitəsilə milyonlarla dollar qazandılar”
Mövzu il bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç, erməni terrorçularının 1992-ci ilin fevral ayında Xocalıda törətdikləri qanlı faciə ilə kifayətlənməyərək narkotik plantasiyaları qurduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
Qarabağ erməniləri manatdan istifadə edəcək
“Ermənilər 30 il ərzində burada yetişdirdikləri narkotik maddələrlə yüzlərlə, minlərlə insanı zəhərlədilər, yüzlərlə həyatı məhv etdilər və onların üzərindən milyonlarla dollar dəyərində pul qazandılar. Bu da əxlaqdan uzaq bir davranışdır. Bu gün isə özlərini bütün dünyaya təmiz və günahsız millət kimi tanıtmağa çalışırlar”.
Müsahibimiz, bu plantasiyalarda yetişdirilən narkotik vasitələrin daha çox Qərb ölkələrinə göndərildiyini diqqətə çatdırıb:
“Bu baxımdan da plantasiyaları görən xarici media nümayəndələrindən obyektiv davranış sərgiləmələrini və gördüklərini bütün dünyaya obyektiv şəkildə yaymalarını istəyirəm. İstəyimiz odur ki, erməni yalanlarına inanmasınlar və oyunlarına alət olmasınlar. Heç deyilsə, bu gün həqiqətləri və erməni vəhşiliklərini öz gözləri ilə görsünlər vər dəstək verdikləri dövləti daha yaxından tanısınlar.
Bu günə qədər Qərb mətbuatı Azərbaycanla və Qarabağ həqiqətləri ilə bağlı doğru xəbər vermədi. Ona görə ki, Ermənistana həddindən çox dəstək verirlər. Buradan üzümü həmin dövlətlərə tutub deyirəm – Bu da sizin qoruduğunuz, müdafiə etdiyiniz Ermənistan və erməni xalqı! Görün, siz hansı dövləti və xalqı müdafiə edirsiniz”.
Diplomat düşünür ki, əgər lokal anti-terror tədbirləri həyata keçirilməsəydi, ermənilər plantasiyaların sayını çoxaldacaq və daha çox narkotik vasitə yetişdirəcəkdilər:
“Hətta bütün insanlığı zəhərləməyə davam edəcəkdilər. Mən qəhraman Azərbaycan ordusunu təbrik edirəm. Həm 44 günlük Vətən müharibəsində, həm də 24 saatlıq anti-terror tədbirlərində bütün dünyaya nümunə olan davranış göstərdilər. Ona görə ki, dinc əhaliyə toxunmadılar və yüksək etika, mədəniyyət göstərdilər”.
“Rəsmi Bakı bu məsələdən daha geniş şəkildə istifadə etməlidir”
Vəkil Əsabəli Mustafayev isə bildirib ki, narkotik bitkilərinin yetişdirilməsi bütün ölkələrin qanunvericiliyində cinayət əməli kimi qiymətləndirilir:
“Bu, Azərbaycan qanunvericiliyində cinayət əməli hesab olunur və bu işlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunur. Torpaqlarımız azad olunmamışdan əvvəl də Azərbaycan mətbuatında bununla bağlı mütamadi məlumatlar öz əksini tapıb:
Ermənilər 30 ildən çox müddət ərzində işğal etdikləri torpaqlarımızda narkotik bitkiləri yetişdirir, ondan narkotik vasitələr hazırlayır və əsasən də Rusiya və İran vasitəsilə dünyanın bir çox ölkələrinə, hətta Azərbaycana göndərirdilər. Bir neçə il əvvəl bildirilirdi ki, narkotik ticarəti həm Ermənistanın, həm də Qarabağdakı separatçı rejimin əsas maliyyələşmə mənbələrindən biri olub. Artıq bu faktlar sübut olunur və bütün dünya görür ki, plantasiyalar bir və ya iki il ərzidə deyil, illərlə əkilib-becərilib”.
Müsahibimiz, xarici media nümayəndələrinin həmin ərazilərə aparılmasını və onların burada çəkilişlər aparmasını müsbət addım kimi dəyərləndirib:
“Bütün dünya narkotin vasitələrlə mübarizə aparır. Azərbaycan hökuməti də ətraflı araşdırma aparacaq və yetişdirilən vasitələrin hansı yollarla daşınmasını müəyyən edəcək. Rəsmi şəkildə cinayət işi açılıb və istintaq əməliyyatlarına başlanılıb. Keçmiş separatçı rejimin bütün rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hökumətin əlində faktlar toplanmaqdadır”.
Vəkil hesab edir ki, rəsmi Bakı bu məsələdən daha geniş şəkildə istifadə etməlidir:
“Bundan həm informasiya müharibəsinin düzgün aparılması, həm beynəlxalq aləmin məlumatlandırılması, həm də Ermənistan rəhbərliyinin iç üzünün açılması və dünyaya tanıdılması baxımından yararlanmaq olar. Hətta Avropanın, ABŞ-ın və digər ölkələrin simasında ciddi tərəfdaşlar toplaya bilərik.
Güman edirəm ki, müvafiq dövlət orqanları bundan geniş şəkildə istifadə edəcəklər. Üstəlik dünyanın aparıcı ölkələrinin media orqanlarında çoxlu məqalələr, araşdırmalar, təhlil və analizlər dərc olunmalıdır. Ona görə ki, ermənilər Azərbaycana qarşı çox geniş informasiya müharibəsi aparır və ölkəmizi Qarabağda etnik təmizləmə siyasəti aparmaqda ittiham edirlər”.