Milli Məclisin deputatı Fazil Mustafa parlamentin dünən keçirilən iclasında Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra təqvimdən matəm günlərinin çıxarılması təklifini irəli sürüb.
Deputat vurğulayıb ki, qalib dövlətin ancaq qələbə günləri olmalıdır: “31 mart və digər bunun kimi günlər də bura aid edilməlidir. Biz yeni eraya başlamalıyıq”.
Görəsən, F. Mustafanın səsləndirdiyi təklifə deputat həmkarları necə baxır?
Bizim.Media-ya açıqlamasında deputat Ceyhun Məmmədov bildirir ki, təqvimdən matəm günlərinin çıxarılması həmin tarixin unudulmasına gətirib çıxara bilər:
MÖVZU İLƏ BAĞLI:
“May ayında toy etmək olmaz” ənənəsinin TARİXİ – Bu xurafatı ermənilərlə nə bağlayır?
“Düşünürəm ki, təqvimdən matəm günlərini çıxarmaq düzgün deyil. Bunu etsək, onda xüsusən də gənclərimiz həmin tarixi unuda bilər. Bununla belə, düşünürəm ki, belə günlərin keçirilməsi qaydasını dəyişməliyik. Artıq qalib xalq olaraq bizlərə ağlamaq, sızlamaq, kədərlənmək yaraşmır. Bu tədbirlərin mahiyyəti gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi istiqamətində olmalıdır”.
Deputat Musa Qasımlı isə qeyd edir ki, keçmişdəki ağrı-acıları unutmamalıyıq. Amma onları matəm günü kimi deyil, anım günü olaraq xatırlamalıyıq:
“Hər bir millətin tarixində qələbələr və məğlubiyyətlər olur. Amma millətlər yalnız qələbələri xatırlayaraq, bayram edərək böyük olur. Təbii ki, bu tarixin unudulması demək deyil. Tariximizi unuda bilmərik. 1918-ci ilin 31 martı, 1920-ci ilin 28 apreli, 1990-cı ilin 20 yanvarı, 1992-ci ilin Xocalı faciəsini unuda bilmərik. Lakin məsələ ondadır ki, bu günləri matəm günü kimi deyil, anım günü kimi xatırlamalıyıq.
Hesab edirəm ki, hədəfinə çatan millət tarixini unutmadan, keçmişdəki ağır-acılarını matəm günü kimi deyil, anım günü kimi qeyd etməlidir. Çünki millət ağlayaraq hədəfinə nail ola bilməz. Millət öz qələbələrindən ilham almalıdır. Azərbaycan xalqı başlıca hədəfinə nail olub.
Torpaqlarımız işğaldan azad olunub, bütün ərazimizdə dövlətimizin suverenliyi bərpa edilib.
Deməli, keçmişdəki ağrı-acılarımızı unutmamalı, onları matəm günü kimi deyil, anım günü olaraq xatırlamalıyıq. Bütün bunlar tarixin unudulması demək olmamalıdır. Sadəcə formanı dəyişdirməliyik. Matəm günlərindən çıxmağımızın zamanı artıq çatıb”.
Deputat Məlahət İbrahimqızı da düşünür ki, təqvimdən matəm günlərinin çıxarılmasına ehtiyac yoxdur:
“Matəm günlərinin təqdimdən çıxarılmasına ehtiyac yoxdur. Bu tariximizdir. İnsanlar adətən unutqan olur. Başımıza gələnlərdən dərs çıxarmalıyıq. İndiyə kimi, başımıza gələnlərdən dərs çıxarmadığımıza görə, ermənilər 20 faiz torpağımızı işğal etdi, Xocalı soyqırımını törətdilər.
“Qurani-Kərim”də Allah da buyurur ki, “başımıza gələn faciələr, ağlamaq, şivən qoparmaq üçün deyil, dərs çıxarmaq üçündür”.
Xocalı soyqırımını təqvimdən çıxarsaq əminəm ki, 3-5 ildən sonra heç kim onu yada salmayacaq. Digər tərəfdən, ermənilər heç zaman öz xislətindən, çirkin əməllərindən əl çəkən də deyil. Daha ermənilərə fürsət verməməliyik. Bir də qucaq açanda kimə qucaq açdığımızı bilməliyik”.
Rüfət Sultan, Bizim.Media