Tanınmış avtomobil şirkəti olan “Range Rover” Azərbaycan qanunlarını pozur. Belə ki, şirkət ölkədaxili ticarət mübadiləsi zamanı malının satışını, reklamını və ödəniş sistemini qanunvericiliklə məsuliyyət yaradan xarici valyuta olan dollarla həyata keçirir.
Halbuki Mülki Məcəllənin tələbinə görə, malların qiymətləri istər satış zamanı, istərsə də reklam olunarkən manatla göstərilməlidir.
Son günlər qeyd olunan şirkətin rəsmi saytında, 107.7 - AVTO FM dalğasında, eləcə də digər kütləvi informasiya vasitələrində "Range Rover” avtomobilinin dollarla satışı reklam olunur.
Təxminən 79 min dollardan başlayaraq təklif olunan avtomobilin KİV-lərdə, xüsusilə isə 107.7 FM-də günlərdir ki, açıq reklamı gedir. KİV-də reklam fəaliyyətinin tənzimlənməsi, “Reklam haqqında” qanunu, Azərbaycan Konstitusiyasını, İnzibati Xətalar Məcəlləsini, eləcə də Dövlət Vergi Xidmətinin tələblərini kobud şəkildə pozan media qurumlarının bu addımı ciddi müzakirələrə yol açıb.
MÖVZU İLƏ BAĞLI:
Fransa “Nissan”-ın keçmiş rəhbərini istintaqa cəlb edir
Hüquqşünaslar qanunvericiliyin müvafiq müddəalarını pozan şirkətin və dollarla reklamı gedən media qurumlarının cəzalandırılması tələbi ilə çıxış ediblər.
Azərbaycanda buna bənzər hallar kifayət qədərdir. Amma malların dollarla təklif olunmasına görə heç kəs məsuliyyət daşımır.
“Range Rover”in satışının KİV-də təşkili və dollarla reklam olunması Milli Televiziya və Radio Şurasının (MTRŞ) cavabdehliyində və birbaşa səlahiyyətində olan məsələdir.
Bəs açıq təbliğat niyə görməzdən gəlinir? Yuxarıda adı çəkilən qurumların heç biri isə məsələyə aydınlıq gətirməyib.
Suallarımıza cavab almaq üçün Milli Televiziya və Radio Şurası ilə əlaqə yaratdıq. Bayram günü ilə əlaqədar işləmədikləri üçün qurumdan cavab verən olmayıb.
Bizim.Media-ya məsələnin hüquqi izahını verən Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev televiziya və radio kanallarında qanunlara riayət olunmasına Milli Televiziya və Radio Şurasının cavabdehlik daşıdığını xatırladıb:
“Qeyd olunan məsələdə bu Şura cavabdehdir və səlahiyyəti var. Şura həmin KİV-ə ya xəbərdarlıq, ya da əməkdaşlarına İnzibati Xətalar Məcəlləsi ilə protokol tərtib edə bilər. Görünür müvafiq qurumlar sözügedən məsələyə reaksiya vermirlər.
Müxtəlif saytlarda satışla bağlı manatla yanaşı dollar da göstərilir. Onlar bunu onunla əsaslandırırlar ki, qiymətin davamlılığı üçün satış qiyməti dollarla qeyd olunur. Təbii ki, bu, qanuna ziddir.
Qanun tələb edirsə, buna riayət edilməlidir. Ölkədaxili dövriyyələrdə manatdır və bütün satışlarda, elanlarda bu pul vahidindən istifadə olunmalıdır”.
Qeyd edək ki, Azərbaycanda Konstitusiyaya əsasən ödəniş vasitəsi kimi yalnız milli pul vahidi olan manatdan istifadə olunur. Konstitusiyanın 19-cu Maddəsində yazılır:
1. Azərbaycan Respublikasının pul vahidi manatdır.
2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.
3. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
2015-ci il mayın 15-də qüvvəyə minmiş “Reklam haqqında” qanunun 4-cü maddəsinin (Reklama dair tələblər) 4.9 bəndinə əsasən reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir. “Reklam haqqında” qanunda yazılıb ki, bütün məhsulların qiymətləri milli valyutada göstərilməlidir.
Bundan əlavə Azərbaycanda “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanun da fəaliyyət göstərir.
Bu qanunun istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnu ifadə edən 13-cü maddəsində göstərilib ki, satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.
Mövzunu diqqətdə saxlayacağıq.
Yazıda adları çəkilən tərəflərin mövqelərini dərc etməyə hazırıq.
Alçina Amilqızı, Bizim.Media