Ötən gün, sentyabrın 25-i Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü strateji əhəmiyyətli mövzular arasında, Zəngəzur dəhlizinin açılması məsələsini də ictimai gündəmə gətirib. Müxtəlif media resursları keçirilən görüşdə Zəngəzur dəhlizinin reallaşması perspektivlərinin müzakirə ediləcəyi məlumatını bölüşüb.
Görüşdən sonra Prezident İlham Əliyev mətbuata birgə bəyanatla çıxış edərkən bildirib ki, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmiryolunun inşası da uğurla gedir:
“Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır".
Həmçinin Prezident Naxçıvanın tarixi ədalətsizlik nəticəsində blokaya düşməsinin səbəblərini vurğulayıb:
MÖVZU İLƏ BAĞLI:
Vaşinqtonda yalnız Zəngəzur dəhlizi məsələsində anlaşma ola bilər - Politoloq
“Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi.”
Bizim.Media xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq, ötən dövr ərzində və bu ilin sentyabr ayında ölkə ictimaiyyətinin Zəngəzur dəhlizinin reallaşması perspektivləri barədə rəyini öyrənmək məqsədilə sorğular keçirib.
Cari sorğunun nəticələrinə əsasən, “Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” sualına respondentlərin 65,4%-i tam inanıram cavabını verib.
Rəyi soruşulanların 25,6%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inandığını bildirib. Respondentlərin 3,9%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1%-i heç inanmadığını ifadə edib. Onların cəmi 1,0%-i bu suala cavab verməkdən çəkinib.
Əldə olunan statistik məlumatlara nəzər saldıqda görürük ki, Zəngəzur dəhlizinin yaxın gələcəkdə reallaşacağına kişilərin 76,7%-i, qadınların 54,3%-i tam inandığını bildirib. Bununla yanaşı, ali təhsillilərin 58,7%-i, orta təhsillilərin 67,7%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inamını ifadə edib.
Müqayisə üçün xatırladaq ki, ötən ilin dekabr ayında keçirilən sorğuda respondentlərin 62,8%-i Zəngəzur dəhlizinin reallaşacağına tam inandığını, 26,2%-i əsasən inandığını vurğulayıb.
Sorğuda iştirak edənlərin 4,1%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1%-i heç inanmadığını ifadə edib. Respondentlərin 2,8%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Bizim.Media